Axtarış...

Psixiatriya Xəstəxanasında tender oyunu - İTTİHAM



Maştağadakı Respublika 1 saylı Psixiatriya Xəstəxanasında müasir dövrümüzün tələblərinə uyğun həyata keçirilən yeniliklər,abadlıq-quruculuq işləri barədə dövrü mətbuatda kifayət qədər məlumatlara rast gəlmək mümkündür.Qeyd edək ki,xəstəxanada ruhi-əsəb xəstəliklərinin müalicəsində yol verilən bir sıra qanunsuzluqlar barədə də məlumatlar az deyil.Respublika Psixatriya Xəstəxanasıına 10 ildən artıqdır ki, rəhbərlik edən Ağahəsən Rəsulovun fəaliyyəti barədə də müxtəlif səpkili məlumatlar var.Amma xəstəxanın keçirdiyi tender prosedurlarında yol verilmiş qanun pozuntuları barədə heç yerdə məlumat yoxdu.

Aktualinfo.org-un ədə etdiyi məlumatlarda xəstəxanada dövlət vəsaitlərinin tender adı altında,dolayısı yollarla mənimsənilməsindən xəbər verilir. Belə ki, 14.05.2020-ci ildə Respublika Psixatriya Xəstəxanasıının təsərrüfat xərci üzrə keçirdiyi tenderin qalibi “Ulduz_77″Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur.Xəstəxananın 14.05.2020-ci il tarixdə elan etiyi bildirişdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi 19 mart 2020-ci il tarixdə təsərrüfat mallarının satın alınması məqsədilə elektron satınalma vasitəsi ilə keçirilmiş açıq tenderin nəticələrinə görə “Ulduz_77″MMC qalib elan edilmişdir.Qeyd edək ki tərəflər arasında 114711.6 manat məbləğində müqavilə bağlanmışdır. Müqaviləyə görə “Ulduz 77” MMC ilin sonuna qədər xəstəxananı 108 ədəd ev üçün süpürgə,4000 ədəd diş pastası,6000 ədəd 200 mq-lıq şampun,108 ədəd həyət üçün süpürgə, 1900 ədəd spiral elektrik lampası,toz şəklində yuyucu vasitə 0,500 mq 4300 ədəd, 5300 ədəd qab yuyan qubka, 5300 ədəd qab yuyan maye 0,500 ml, 24000 ədəd təsərrüfat sabunu 72%, 250 qr,2200 ədəd diş firçası,36000 ədəd əl-üz sabunu 60qr,13000 kq yuyucu toz avtomat, 200 ədəd 100 W-lıq elektrik lampası ilə təmin etməyi öz üzərinə götürüb. Amma xəstəxananın almaq istədiyi təsərrüfat mallarının real bazar qiymətləri ilə ayırmış olduğu dövlət vəsaiti nə dərəcədə üst üstə düşür?Yuxarıda sadalanan təsərrüfat mallarının ən keyfiyyətliləri alınsa belə xəstəxananın ayırdığı dövlət vəsaitinin ikiqat çox olduğu açıq aşkar görsənir.

Aktualinfo.org bağlanmış bu müqavilə ətrafında apardığı araşdırmalarda maraqlı məlumatlarla üz-üzə gəlmişdir. Belə ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “ULDUZ_77″ Məhdud Məsuliyyətli Cəmiyyəti 14.06.2017-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (keçmiş Vergilər Nazirliyi) Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır.Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR, ev 63, m. 22 göstərilmiş MMC-nin qanuni təmsilçi TATYANA POLİKARPOVA ANATOLYEVNA olduğu bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC -nin reyestrdən son çıxarışı elə yarandığı tarixdə verilmişdir.

MMC-nin qanuni təmsilçisi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pr, ev 63, m. 22 qeydiyyatında olan 1960-cı il təvəllüdlü Polikarpova Tatyana Anatolyevnanın barədəsində əlavə heç bir məlumat əldə edə bilmədik.”Ulduz-77” Məhdud Məsuliyyətli Cəmiyyəti təsərrüfat mallarının satınalmalarında iştirak etməsi aydın olsa da,fəaliyyət sferası barədə məlumatların olmaması burada daha diqqət çəkən məqamdır. Daha maraqlısı isə fəaliyyət sferası bəlli olmayan “Ulduz-77” MMC-nin adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13.04.2020-ci il tarixә olan mәlumatına görə koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında yer alıb. Barəsində heç bir məlumat olmayan bu MMC-nin müzdlu işçilərinin olması və bu işçilərə əmək haqqlarının müəyyən hissəsinin ödənilməsi nə dərəcədə inandırıcı görsənir?

Daha sonra, Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs 19 mart 2020-ci il tarixdə çirkab suların daşınması işlərinin satın alınması məqsədilə elektron satınalma vasitəsi ilə keçirilmiş açıq tenderin nəticələrinə görə “Fatimə-R”MMC qalib elan edilmiş və 14.05.2020-ci il tarixdə 48856.5 manat məbləğində müqavilə bağlandığını bildirmişdir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “Fatimə-R”MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 14.01.2013 dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi PƏRİZAD RAFALİ HƏTƏM QIZIdır.Qeyd edək ki, hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu, Buzovna ştq, 8 mart,döngə 1 ,ev 27 ünvanı olan MMC-nin qanuni təmsilçisi Rafali Pərizad Hətəm qızı 1951 ci il təvəllüdlüdür.

Respublika Psixatriya Xəstəxanasıının ruhi-əsəb xəstələrinin müalicəsində yol verilən nöqsanları qoyuruq bir kənara. Çünki bunlar hardasa inkar edilə bilər. Amma burada 60- 70 yaşlı qadınların adına olan MMC-lər vasitəsi ilə dövlət vəsaitlərinin israf olunması, qiymətlərin süni şəkildə şişirdilməsi heç cür inkar edilə bilməz. Çünki alınan mallar da, ayrılan vəsait də,real bazar qiymətləri də ortadadır.Digər tərəfdən isə arxasında bir məmur,imkanlı bir şəxs dayanmasa, və yaxud da yaxın münasibətlər,qohumluq,dostluq telləri olmasa 69 yaşlı bir qadının bu tenderdə qalib çıxması heç cür inandırıcı görsənmir.

Aktualinfo.org-un bu kimi suallara aydınlıq gətirmək məqsədi ilə Respublika Psixatriya Xəstəxanasıının elektron poçtuna ünvanladığı surgu məktubuna Baş direktor Ağahəsən Rəsulovun cavabı çox çəkmədi.Baş direktor cavab məktubunda qeyd edir ki,

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyi xəstəxananın rəsmi elektron ünvanlarına göndərdiyiniz “Psixiatriya Xəstəxanasının qoca qadınlarla tender oyunu” adlı məqaləyə münasibət bildirərək qeyd edir ki, həqiqətən 19 mart 2020-ci il tarixdə 3 lot üzrə:

Lot 1-Dəftərxana malların satınalınması
Lot 2- Təsərrüfat malları satınalınması
Lot 3- Çirkab suların daşınması işlərinin satınalınması məqsədilə
elektron satınalma vasitəsi ilə tam obyektiv açıq tender keçirtmişdir. Tenderin nəticələri barədə “Respublika” qəzeti və www.etender.gov.az rəsmi internet səhifəsində bildiriş yerləşdirilmişdir.Qeyd edim ki, satınalma proseduru Dövlət Satınalmalar haqqında Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli qanununun bütün bəndlərinə əməl olunaraq keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Məqalədə qiymətlərin real bazar qiymətləri ilə üst üstə düşməməsi qeyd olunub. Məlumat üçün bildirirəm ki, qiymətlər təsvirinə və ölçüsünə görə real bazar qiymətlərindən və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az rəsmi internet səhifəsində təqdim olunan qiymətlərindən aşağıdır.

Dövlət Satınalmalar haqqında Azərbaycan Respublikası qanunun 8.1 bəndinə əsasən istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.

Məktubun sonunda Baş direktor məqalədə qeyd olunan iradları əsassız hesab etdiyini bildirir. Ağahəsən Rəsulovun əsassız hesab etdiyi iradlara görəsən Hesablama Palatası necə baxar? Yaxud da digər səalahiyyətli dövlət orqanları. Məsələn,elə Korrupsiyyaya qarşı Mübarizə Baş İdarəsi.
Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz