Bakıda gözətçini qətlə yetirməkdə ittiham olunan Ramil Ağayev və onun qardaşı Kənan Ağayevə bir neçə maddə ilə ittiham elan edilib.
Teleqraf.com-un xəbərinə görə, Ağayev qardaşlarını barələrində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuluqanlıq törətmək) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham verilib.
Istintaq orqanı əlavə istintaq hərəkətlərinin aparılması üçün təqsirləndirilən şəxslərin həbs müddətinin uzadılması üçün Xətai rayon Məhkəməsinə təqdimat göndərib. Hakim Cavid Hüseynin sədrliyi ilə baş tutan iclasda təqdimat təmin olunub. Ramil və Kənan Ağayev qardaşlarının həbs müddəti daha 2 aya qədər artırılıb.
Qeyd edək ki, Xətai rayonunda yerləşən “Abşeron Zeytun” MMC-yə məxsus bağda gözətçi Bağır Piriyev döyülərək öldürülüb.
Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramil və Kənan Ağayev qardaşları həbs edilib.
Məlumata görə, qardaşlar bağda zeytun oğurluğu edən zaman Bağır Piriyevlə onlar arasında mübahisə düşüb. Mübahisədən zamanı Ağayev qardaşları bağbanı döyüblər. Ağır xəsarətlər alan Bağır Piriyev vəfat edib.