Axtarış...

AzTV-nin işçiləri nədən əlahiddədir... - Gənc sədrin diqqətinə...



Dəyişən dünyaya uyğun olaraq Azərbaycanda çox şey dəyişsə də, sovet dövründən qalan pis ənənələr kimi bizə miras qalan AZTV yenə “gül” vurmaqda davam edir. Bu televiziya kanalı son illərə dəfələrlə rəhbərlərini dəyişsə də, özünün orijinal süjetləri ilə tamaşaçıları güldürməkdən, əyləndirməkdən, hətta əsəblərini tarıma çəkməkdən vaz keçmək istəmir. Əlqərəz, yenilənmiş AZTV-nin martın 26-da ənənəvi axşam buraxılışına baxmaq bu dəfə mənə söyüşdən də betər təsir elədi.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizə tədbirləri ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq karantin tələblərinin yerinə yetirilməsini araşdırmağa girişmiş (ya da bu yöndə təlimatlandırılmış) AZTV-nin təcrübəsiz reportyorunun süjeti haqlı olaraq tamaşaçıda qıcıq yaradır. Nə üçün?

Əvvəla, süjetin əvvəlində guya qorunmaq üçün tibbi maska taxmış reortyorun burnunun bayırda qaldığını hamı görür. Bu təcrübəsiz hərəkətinə baxmayaraq, reportyor oğlan daha sonra yanına da 2-3 üç polisi alıb düşüb parklara, fərqi yoxdur hansı yaş qrupundandır, qabağına çıxanın üstünə hücum çəkərək “niyə maska və əlcək taxmadığı” barədə sorğu-suala başlayır. Yəni hüquq-mühafizə orqanlarının əməkdaşları qalıb bir kənarda əlindəki mikrofonu az qala silah kimi zənn edən bu “cəngavər” az qalır ki, onları hədələyib 15 sutkalıq həbsə göndərsin.

Ən maraqlsı isə odur ki, qabağını kəsdiyi heç bir vətəndaş onun bu cür rəftarına etiraz etmir. Hüquqlarını bilmədikləri üçün bəziləri günahkar şəkildə maskası olmadığı, maska almağa getdiyi barədə məktəbli uşaqlar kimi izahat verməyə çalışırlar. Hətta birinə polis zabiti qeyri-steril halda maska verib “sevindirir” (bu suallara cavabında bir nəfər həqiqəti deyir ki, maska tapmaq olmur). Halbuki jurnalist etikasına görə heç bir vətəndaşı icazəsi olmadan qəflətən yaxalayıb çəkmək və tənbeh etmək olmaz. Üstəlik, bu şəxslərin arasında kiminsə xanımı və uşağı var. Bunlar hamısı öz yerində.

Keçək Elmir Məmmədov adlı həmin reportyoru qanun-qaydanı və etikanı pozmasının səbəblərinə. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qəbul etdiyi qərara görə, haqlı olaraq 65 yaşından yuxarı vətəndaşların evdən çıxması qadağan edilib. Onların tələbatını ödəmək üçün müvafiq nazirliyin hansı dərəcədə kömək göstərməsi başqa yazının mövzusudur.
Amma məlum qərarda, həmçinin yerli həkim və mütəxəssislərin, hətta Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin tövsiyələrinə görə küçəyə çıxan hər kəsin, o cümlədən təkcə gəzən cavan bir şəxsin əlcək və maska taxması tələbi və tövsiyəsi yoxdur. Maskanın başqasını yoluxdurmaq təhlükəsinə görə xəstə şəxsin taxması tələb edilir, o da qələbəlik yerdə.

Bir də qalmışdı AZTV-nin özünü Allah bilir nə qismində hiss edən, SSRİ dövründə “xalq nəzarəti komitəsi”nin işçisi kimi vətəndaşın üstünə hücum çəkən əməkdaşı? Axı AZTV-nin əməkdaşı kimdir ki, Azərbaycan Respublikasının vətəndaşını öz icazəsi olmadan çəkir, habelə müstəntiq rolunda çıxış edərək şübhəli şəxs qismində dindirməyə bənzər sorğu-suala tutur? Lap bu gənc əməkdaş tanımadığı vətəndaşlara qarşı davranışında, danışığında ciddi səhvlərə yol verib, bütün etik norma və qaydaları, qanunları pozub. Bəs onu efirə verməyə icazə verən məsul işçilər hara baxır? Yoxsa, bu kanalda yeni vəzifəyə gələnlər, xəbərləri efirə verənlər AZTV-dir deyə vətəndaşları “linç” etməyin də məqbul olduğu fikrindədirlər?

Məncə, bu suallara əlaqədar qurumlar, o cümlədən AZTV-nin “çiçəyi burnunda” rəhbəri Rövşən Məmmədov aydınlıq gətirməlidir. Ən azı ona görə ki, ölkədə elan edilən karantin rejimi kimliyindən və harada işlədiyindən asılı olmayaraq heç bir jurnalistə haqq vermir ki, lap qanunu pozsa belə , hər hansı vətəndaşı təhlükə yaratmaqda suçlasın və cinayətkar kimi təqdim etsin. Doğrudur, həssas dövrdən keçirik. Amma bunun üçün müvafiq qurumlar var.

P.S. Koronavirusla bağlı reportaj hazırlayan AZTV “jurnalist”inin hərəkəti yadıma bu günlərdə Türkiyədə küçədən keçən bir gəncin “65 yaşından böyük vətəndaşların küçəyə çıxmaması qadağası”nı bəhanə edib yaşlı bir kişiyə zorla maska geyindirməsi, həmçinin başından odekolon tökməsi və bunu telefona çəkib sosial şəbəkədə paylaşması kimi xuliqanlıq hadisəsini xatırlatdı. Xatırladım ki, zərərçəkən yaşlı şəxsin oğlunun şikayəti əsasında özünü polis, müstəntiq bir tərəfə məhkəmənin hökmünü icra edən şəxs qismində çıxış edərək, əslində xuliqanlığı yol verən şəxs polis tərəfindən cinayət məsulyyətinə cəlb edilib.
AzToday.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz