Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi çərçivəsində Əməkdar artistlər, mərkəzin solistləri Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Nəbiyevanın ifasında “Zabul segah” muğamı təqdim olunacaq.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ifaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edəcək.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi çoxsaylı layihələr həyata keçirir. Elmi- tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində reallaşan layihələrdən biri də "Muğam axşamları" layihəsidir. Layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. Təqdim edilən konsertlərdə bu günə kimi tanınmış və görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.