Axtarış...

İsmət Abbasov həbs oluna bilər... - İTTİHAM hazırdır...

İsmət Abbasov həbs oluna bilər... - İTTİHAM hazırdır...

Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində apardığı yoxlama nəticəsində ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərinin sifarişçilər tərəfindən ödənilmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11 milyon 259,4 min manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilib.

“”Aqrolizinq" ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır. Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar, ümumiyyətlə, alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib".

Beləliklə, məlum olur ki, “Aqrolizinq”də aşkarlanan pozuntular İsmət Abbasovun nazir olduğu dönəmdən qalandır. Qeyd edək ki, İ.Abbasov 2004-2013-cü illərdə kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə baş nazirin müavini işləyib.

Rəsmi məlumatlara əsasən 2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 274,45 milyon manat dəyərində 17304 ədəd kənd təsərrüfatı texnikası alınıb. 156,75 milyon manat dəyərində 11370 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 314 ədəd taxılyığan kombayn, 3991 ədəd traktor, 108 ədəd ekskavator və 6957 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikası 6536 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. 2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 133,3 milyon manat dəyərində 151 dəst texnoloji avadanlıq, o cümlədən 17 dəst istixana, 19 dəst damcılı suvarma sistemi, 19 dəst quşçuluq və 96 dəst müxtəlif təyinatlı texnoloji avadanlıqlar, soyuducu kameralar üçün komplektləşdirici məmulatlar alınıb. Qeyd olunan dövrdə təkcə kənd təsərrüfatı istehsalçıları üçün mineral gübrələrin alınmasına 121,15 milyon manat sərf olunub.

“Aqrolizinq”də mənimsəmə imkanları bunlarla bitmir. Belə ki, 2009-2013-cü illər ərzində Prezidentin Ehtiyat Fondundan ASC-yə ayrılmış 29,8 milyon manat büdcə və Cəmiyyətin 5,85 milyon manat təkrar istifadə vəsaitləri hesabına 35,65 milyon manat dəyərində 10590 baş damazlıq iribuynuzlu və 2120 baş xırdabuynuzlu heyvan alınıb gətirilərək dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə satılıb.

Redaksiyamıza daxil olan məlumata görə, İ.Abbasovun vaxtında ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının əhəmiyyətli bir hissəsi keyfiyyətsiz olduğuna görə tezliklə sıradan çıxıb. Bundan əlavə, lizinq yolu ilə satılmaq üçün gətirilən texnikanın bir qismi “Aqrolizinq”in yerli filialları vasitəsilə işlədilib, əldə olunan gəlir isə rəsmiləşdirilməyərək şəxsi ciblərə axıb. Aydın məsələdir ki, bu vəsaitlərdən nazirliyin rəhbərinə çatmaması şəraitində milyonlarla manatlıq texnikanın sıradan çıxarılması mümkün deyildi. Məhz rəhbərliyin məlumatı və iştirakı ilə ayrı-ayrı şəxslərə guya ki, güzəştli qaydada satıldığı rəsmiləşdirilən texnika əslində rayonlarda fermerlərə pullu xidmətə cəlb olunub, sonda isə “alıcı”nın ödəmə qabiliyyətinin olmadığı əsas gətirilməklə onların “Aqrolizinq”ə “qaytarılması” təmin edilib. Hazırda bu texnikaların mühüm bir qismi yararsız halda Ucarda yerləşən bazada saxlanılır.

Göründüyü kimi, İ.Abbasovun dövründə yol verilmiş nöqsanlar üzündən dövlətə milyonlarla manat zərər dəyib. Maliyyə Nazirliyinin hüquq-mühafizə orqanlarına göndərdiyi faktlar əsasında sabiq nazirə cinayət işi açıla bilərmi? Açılarsa, onu hansı cəza gözləyər?

Hüquqşünas Əkrəm Həsənov mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, İ.Abbasovun nazir olduğu dövrdə ölkəyə gətirilən texnikanın lizinq yolu ilə satılandan sonra geri qaytarılmasının səbəbləri araşdırılmalıdır: “Bu texnika əgər keyfiyyətsiz olubsa, burada onu gətirən qurum günahkardır, məsuliyyəti də bu qurum daşıyır. Amma əgər texnika keyfiyyətli olubsa, alan tərəf ödəmələri yubadıbsa, günahkar alan tərəfdir, məsuliyyəti də o daşıyır. Burada incə bir nüans var. Belə ki, əgər alan tərəf ödəniş etmədiyi üçün lizinqə verilən texnika geri alınıbsa, onda ”Aqrolizinq" dövlətə dəyən zərəri həmin alıcıdan tələb etməli idi. Almayıbsa, bu, artıq hərəkətsizlikdir və onun nəticəsində dövlətə zərər dəyib. Daha sonra aydınlaşdırılmalıdır ki, geri alınan texnika niyə ehtiyacı olan digər tərəflərə satılmayıb, anbarlarda saxlanıb? Ölkədə texnikaya tələbat hələ də yüksək olaraq qalır. Burada artıq səhlənkarlıq görünür. Niyə həmin avadanlıq, texnika yenidən satışa çıxarılmayıb"?

Hüquqşünasın fikrincə, prosesdə qəsd (korrupsiya və sair) ehtimalı da böyükdür: “Belə ola bilər ki, avadanlıq, texnika ucuzdur, ”Aqrolizinq" onu məqsədli razılaşma ilə şişirdib. Bu halda ASC dəyərindən baha olan texnikanı heç kimə sata bilmir, özü kimlərisə tapır, sənəd üzərində lizinq yolu ilə “satış” təşkil edilir. Bir müddətdən sonra isə “alıcı” ödəniş etmədiyi üçün texnikanı geri qaytarır. Bax, bu kimi iddiaları, variantları hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırmalıdır. Aydınlaşdırılmalıdır ki, gətirilən texnikaya tələbat nə qədər yüksək olub? Onu alanların ödəniş qabiliyyətinin olub-olmadığı nə qədər dəqiq araşdırılıb, lizinq həqiqi lizinq olub, yoxsa yox və sair. Bütün bu qeyd etdiklərim ortada iki əməlin olmasını göstərir: dövlət əmlakına münasibətdə səhlənkarlıq, yaxud da korrupsiya. Bunları aydınlaşdırandan sonra hüquq-mühafizə orqanları müvafiq maddələr üzrə cinayət işi qaldıra bilər".

Ə.Həsənovun sözlərinə görə, iş üzrə cinayət işləri bir neçə maddə ilə qaldırıla bilər: “İlk növbədə iqtisadi xarakterli məsələ olduğuna görə Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə iş qaldırıla bilər: etibar edilmiş özgə əmlakını talama. Söhbət külli miqdarda dövlət əmlakından getdiyinə görə iş 179.3.2-ci maddə üzrə tövsif edilə bilər. Bu maddə üzrə maksimum cəza 10 ilədək azadlıqdan məhrum edilmədir. Korrupsiya cinayətləri aşkarlanarsa, vəzifə səlahiyyətlərindən sui-istifadə (Cinayət Məcəlləsinin 308-ci maddəsi, maksimal cəza 7 il), 308.1-ci maddə(maksimal cəza 6 il) və sair cəzalar var. Rüşvətalma aşkarlanarsa 311-ci maddə ilə 12 ilədək azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Amma bir məqam da var ki, mütləq qeyd etmək lazımdır. Bu, Cinayət Məcəlləsinin 75-ci maddəsidir - vaxtın keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azadetmə. Sadaladığım maddələr üzrə 7, 12 illik müddətlər var. Bu maddəyə əsasən əgər törədilən cinayətə görə 7 illik cəza nəzərdə tutulursa və cinayətdən bu qədər vaxt keçibsə, şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Səhlənkarlıqdırsa, İ.Abbasovun nazir vəzifəsindən alındığı müddət 7 ildən yuxarı olduğu üçün məsuliyyətə cəlb oluna bilməz. Yox, digər maddələr olarsa, cinayətdən 12 il keçərsə məsuliyyətə cəlb oluna bilməz. Yəni müddət məsələsi burada mühüm rol oynayır. Mən, ümumiyyətlə, təklif edirəm ki, korrupsiya cinayətləri ilə bağlı işlərdə müddət məsələsi ya tamam ləğv olunsun, ya da daha uzun müddət - 20 il, 30 il müəyyənləşdirilsin. Daha bir məsələ hətta səhlənkarlıq və korrupsiya təsdiqlənsə belə, İ.Abbasovun məsuliyyətini sübut etmək xeyli çətin ola bilər. Çünki o, birbaşa ”Aqrolizinq"in rəhbəri olmayıb, müqavilələrdə imzası yoxdur və sair".
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz