Axtarış...

İlham Əliyev 5 sərəncam imzaladı



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fuad Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

“Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahin Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Məhərrəm oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Maqomed Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Beyləqan rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Beyləqan rayonunun əhalisi 41194 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 840,0 (səkkiz yüz qırx) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Text-to-Speech

DİNLƏ






Şərh yaz