Tədris ilinin başlanması münasibətilə hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətinin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.
Təntənəli mərasimlərdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.