Tanınmış jurnalist Zahir Əmənov saytımıza müraciət edərək bildirib ki, şəkər xəstələri üçün pulsuz verilən "Lantus"ların üzərində “ruçka” adlanan detal verilmir. Z.Əmənovun sözlərinə görə, Novoksin və ya el arasında “ruçka” adlanan detal “Lantus”un şprisidir:
“Artıq 2-3 aydır ki, mənə insulini versələr də, “ruçka”nı vermirlər. Əgər bu verilmirsə, insulin nəyə gərəkdir?
Mən səhiyyənin baş həkimi Cəlil Nəzərova da demişəm, digər əməkdaşlara da xəbərdarlıq etmişəm. Daha sonra isə Səhiyyə Nazirliyinin “qaynar xətti”nə zəng vurdum. Lakin onlar məni fərqli-fərqli yerlərə yönəltdilər. İndi isə mənə deyiblər ki, araşdırma aparılacaq və mənə köməklik olunacaq.
Bir də məhz bu işin həvalə olunduğu insanlar var. Həmçinin dərmanların paylamasında da ciddi problemlər var. Artıq onlar bilirlər ki, ərazi də şəkər xəstəliyi olan kimlərdir. Lakin onlar bütün dərmanları bir mərkəzdən paylayırlar, bu zaman da növbə yaranır”.
Həmçinin saytımıza müraciət edən daha bir xəstə bildirib ki, şəkərölçən cihazlar üçün də bir detal verilmir və həmin detal yararsız hala düşükdən sonra şəkərölçən cihazlar həmin xəstələrə yenidən verilir.
Bəs görəsən, sözügedən detalların verilməməsinə səbəb nədir? Məsələ ilə bağlı hansısa araşdırma aparılırmı? Bunlara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovla əlaqə saxladıq. Zənglərə cavab verməyən mətbuat sözçüsü neçə bir gündür göndərdiyimiz mesaja da cavab yazmır. (Yenisabah.az)