Abşeron şəhərində narkotik satan şəxs saxlanılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinə Saray qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs, qəsəbə sakini Şahin Həsənov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman dörd qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Həsənovun yaşadığı evdən, həmçinin 30 qram heroin, 20 qram tiryək və bir ədəd elektron tərəzi aşkar edilib.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları tanışı Xəyyam adlı şəxsdən aldığını bildirib.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində Sumqayıt şəhər sakini Xəyyam Məmmədzadə də saxlanılaraq istintaqa təqdim edilib.
O saxlanılan zaman üzərindən 30 qram heroin aşkar edilib.
X.Məmmədzadənin yaşadığı evdən əlavə olaraq 60 qram heroin, 260 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədzadə narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.
Qeyd edək ki, Baş İdarə əməkdaşlarının keçirdikləri bu tədbir zamanı ümumilikdə 404 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddər dövriyyədən çıxarılıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.