Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, iyulun 29-da Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xudat şəhər sakini Cavid Əlimuradova məxsus evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kq 810 qram təşkil edən hündürlüyü 30-150 sm olan 11 ədəd çətənə kolu və qara rəngli sellofan torbada ümumi çəkisi 500 qramdan artıq olan qurudulmuş marixuana aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını satmaq üçün əkib-becərdiyi bildirib.
Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.