"Gözlənilirdi ki bu ilin sonunadək Apple Pay, Google Pay və s bu kimi qlobal ödəniş sistemləri Azərbaycanda tətbiq ediləcək. Bir neçə ildir ki rəsmilər bu haqda açıqlamalar verirlər. Xatırlayıram ki bu istiqamətdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (son zamanlar “Portallar” Mərkəzi olaraq adlandırdığımız qurum :) ) bir neçə Memorandumu da olmalıydı. Yeri gəlmişkən qeyd edim ki, bu ödəniş sistemləri artıq xeyli vaxtdır ki Rusiyada, Qazaxıstanda , Gürcüstanda və digər qonşu ölkələrdə geniş şəkildə tətbiq edilir. Bizdə hələlik təmassız ödənişlər sahəsində problemlər qalmaqdadır".
"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, söhbət kartlar vasitəsilə deyil, birbaşa mobil telefon aparatı vasitəsilə , POS terminallardan istifadə edərək ödənişi gerçəkləşdirməkdən gedir:
"NFC adlanan bu texnologiya ilə kartdan istifadə etmədən, mobil telefonu POS terminala, və ya hansısa bu tip turniketə yaxınlaşdrımaqla ödəniş etmək mümkündür. Bir sıra ölkələr ictimai nəqliyyatda, alış-veriş mərkəzlərində, müxtəlif xidmətlərin ödənişində bu texnologiyadan effektiv istifadə edirlər.
Xatrılayıram ki Master Card da ölkəmizdə ilin sonunadək mobil telefonlar vasitəsilə kontaktsız ödəmələrin işə düşəcəyini bildirmişdi. Memorandumlardan sonra hətta bəzi rəsmilər saat, üzük, bilərzik vasitəsilə də təmassız ödənişlər edə biləcəyimizi bildirirdilər Hələlik isə yalnız Azərbaycan Beynəlxlaq Bankı Visa ilə əməkdaşlıq çərçivəsində Android baza üçün mobil telefon vasitəsilə təmassız ödənişə imkan verir. Digər banklardan, digər ödəniş sistemlərinin tətbiqindən xəbər yoxdur.
Strateji Yol Xəritəsində, 2018-2020-ci illər üçün rəqəmsal ödənişlərin inkişafı üzrə dövlət proqramında nəzərdə tutulmasına baxmayaraq bizdə rəqəmsal ödənişlərin payı çox ləng artır. Ciddi səbəblərdən birisi də “Ödəniş xidmətləri və ödəniş sistemləri” ilə bağlı qanunun qəbul edilməməsidir. Rəqəmsal sahəni tənzimləyəcək bir qanunun bu qədər uzanması sonradan ciddi fəsadlar verəcək.
Maliyyə-bank sektorunda baş verənlər bir daha göstrədi ki bu qanunun qəbul edilməsində maraqlı olmayan qüvvələr var. Parlamentimiz də buraxılıb. Yeni tərkbin formalaşması üçün də bir neçə ay tələb olunacaq.
Prezident son çıxışlarında nağdsız ödənişlərin həcminin artırılmasına xüsusi diqqət yetirib. Dəfələrlə bu istiqamətdə çıxışları olub. Müəyyən irəliləyişlər də əldə olunub. Lakin görünən odur ki bu sahədə işlər çox ləng gedir. Görünən həm də odur ki qonşu ölkələr bu sahədə üstünlük əldə etməyə çalışırlar".
Ekspert problemin həlli üçün öz təkliflərini də verib:
"Düşünürəm ki maliyyə-bank sektorunda ciddi liberallaşma getməlidir. Banklar üçün uzun illər mövcud olan konservativ təlimatlar ləğv edilməlidir. Rəqəmsal bankçılığa mane olan baryerlər aradan qaldırlmalıdır.
Məlum olduğu kimi artiq ASAN-nın AsanFinans kimi müstəqil, alternativ, ciddi bir rəqəmsal bank platforması da var. Hərdən düşünürəm ki bəlkə AsanPay-ə səlahiyyət verək ki Apple Pay, Google Pay, PayPal, Samsung Pay və s. adında “Pay” sözü olan bütün QLOBAL ödəniş sistemləri ilə müqavilələr imzalasın və onların Azərbaycanda tətbiqi sürətlənsin. Adı çəkilən qanunun qəbulunun hələ uzun müddət ləngiyəcəyini nəzərə alaraq, düşünürəm ki bu prosesləri Prezident Fərmanları ilə daha da sürərtləndirmək olardı".