Azərbaycanın son illər yürütdüyü uğurlu daxili və xarici siyasət, əldə etdiyi iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətindən kənarda qalmayıb. Açıqlanan son reytinq siyahısı məhz belə deməyə əsas verir.
ABŞ-da nəşr olunan “U.S. News & World Report” jurnalının dərc etdiyi 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 45-ci yerdə qərarlaşıb.
Pensilvaniya Universitetinin “BAV Group i Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq siyahısı ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda 45-ci olan Azərbaycan cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.
Reytinqə görə, ilk üçlükdə ABŞ, Rusiya və Çin olub. İlk onluqda isə Almaniya, İngiltərə, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı və Cənubi Koreya yer alıb. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan ötən illə müqayisədə 19 pillə irəliləyib. 2018-ci ildə hazırlanan siyahıda Azərbaycan 64-cü olub.
Azərbaycanın dünyanın 80 ölkəsi arasında 45-ci olması kiçik uğur deyil. Bu yüksək reytinqin ABŞ-ın peşəkar analitiklərinin qəti rəyi əsasında hazırlanması isə onun mötəbərliyini daha da artırır. Siyahını tərtib edən analitiklər elə meyarları əsas götürüblər ki, Azərbaycanın bu gün əldə etdiyi nəticələrə adekvatdır və dövlətimizin güc göstəricilərini real əks etdirir.
Azərbaycanın 80 ölkə arasında gücünə görə 45-ci olması bir sıra göstəricilərə görə əhəmiyyətli dərəcədə irəliləməsi ilə bağlıdır. Bunun başlıca səbəbi ölkədə aparılan sistemli islahatlardır. Hətta kənardan da görünür ki, son aylar ərzində Azərbaycanda aparılan kadr və struktur islahatlarının ciddi nəticələri var.
İslahatların miqyası isə getdikcə genişlənir və artıq beynəlxalq analitiklər də real nəticənin olduğunu bildirirlər.
Xatırladaq ki, son aylar ərzində beynəlxalq maliyyə institutlarının hesabatlarında da vurğulanır ki, Azərbaycan apardığı sosial-iqtisadi və siyasi islahatlar nəticəsində qısa zamanda kifayət qədər irəliləyişə nail olub.
Lakin yüksək reytinqi yalnız son addımlarla izah etmək düzgün olmazdı. Ölkə iqtisadiyyatının inkişaf tempinin təhlili onu deməyə əsas verir ki, son iki ildə bütün göstəricilərə görə tərəqqi göz önündədir. Bununla belə, iki ildə əldə edilən uğurlara qısa zamanda çatmaq mümkün ola bilməzdi, təbii ki, buna son 15 il ərzində görülən tədbirlər, aparılan islahatlar, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına verilən dəstək, onun xüsusi çəkisinin artması öz təsirini göstərib. Post-neft dövrünə hazırlıq qeyri-neft sektorunun inkişafına səbəb olub və son nəticədə ölkənin iqtisadi, hərbi gücü “U. S. News & World Report” jurnalının da qeyd etdiyi kimi, dəfələrlə artıb.
Nüfuzlu rəy sorğularında Azərbaycanın önəmli yer tutması və Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya, Portuqaliya kimi ölkələrdən önə çıxması ölkəni xarici investorlar üçün də cəlbedici edir. Heç də təsadüfi deyil ki, bütün bunlar beynəlxalq təşkilatların diqqətindən yayınmır.
Milli Məclisdə son büdcə müzakirələri də göstərdi ki, 2017-ci illə müqayisədə dövlət büdcəsinin xərcləri 60 faizə qədər artıb. Son iki il ərzində büdcə xərclərinin 60 faiz artması isə ölkə iqtisadiyyatının dayanıqlığını nümayiş etdirir. Nüfuzlu xarici sosioloji rəy sorğusu təşkilatları və analitik mərkəzlər də konkret fakt və rəqəmlərə istinad edir, Azərbaycanda iqtisadi, sosial durumu təhlil edən beynəlxalq təşkilatlar reytinq pillələrində Bakının önə çıxdığını vurğulayır.
Diqqət çəkən digər məqam ondan ibarətdir ki, Azərbaycanda son illər ərzində aparılan ciddi kompleks islahatlar öz yerində, müstəqil Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə yanaşı, dünyada gedən rəqabətə də tab gətirə bilib. Azərbaycan sosial dövlət modelinin əsas təmsilçisinə çevrilib. Bu isə olduqca ciddi amildir.
Burada başqa bir məqam iqtisadiyyatın inkişafı və azad rəqabətin formalaşmasının siyasi, sosial, mədəni və digər sahələrdə də böyük nailiyyətlər qazanmağa yardım etməsidir. Əslində, iqtisadi inkişafın kökündə də elə siyasət dayanır. Bu baxımdan, Pensilvaniya Universitetinin "BAV Group i Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən siyahıda Azərbaycanın 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşmasının təməlində də ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasət dayanır.
Amerikanın ən nüfuzlu siyasi nəşrlərinin biri - "U. S. News & World Report” jurnalında nəşr edilən siyahıya nəzər salsaq görərik ki, Azərbaycanın Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri geridə qoyması ölkəmizin böyük məqsədlərə doğru inamla irəlilədiyinin göstəricisidir.
Artıq əminliklə demək olar ki, Azərbaycan güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə malik ölkəyə çevrilib.
Burada reytinqin hansı parametrlər üzrə müəyyənləşməsi, onu kimlərin tərtib etməsi də önəmlidir. "BAV Group and Wharton School” Qrupu dünyaca məşhur beyin adamlarının toplaşdıqları mərkəzdir. Belə bir nüfuzlu qrupun Azərbaycanı 45-ci yerə qoyması Bakının beynəlxalq arenada siyasi təsir dairəsini də genişləndirməsinə imkan verəcək. Müvafiq olaraq, Azərbaycanın beynəlxalq təşkilatlardakı təmsilçiliyi, mövqeləri möhkəmlənəcək.
Dünyanın ən güclü ölkələrinin reytinq siyahısında 45-ci yerdə qərarlaşmaq 2019-cu il üçün ən böyük uğur kimi də qiymətləndirilə bilər. Dünya miqyasında ciddi qəbul edilən bu cür reytinqlərdəki üstün mövqe eyni zamanda perspektiv üçün də müstəsna təminatdır. Çünki bu siyahı həm də beynəlxalq ictimai rəyə, o cümlədən investisiya dairələrinə Azərbaycanı daha cəlbedici formada təqdim edir.
Göründüyü kimi, Azərbaycanda aparılan islahatlar, yürüdülən məqsədyönlü siyasət konkret nəticələrə səbəb olur. Ölkədə gedən proseslər fonunda qarşıdan gələn 2020-ci ilin Azərbaycan üçün daha da önəmli olacağını ehtimal edə bilərik.
APA-Analytics