Axtarış...

“Muğanbank” məcburi köçkünlərə qarşı... - QALMAQAL



Zəngilan və Ağdamdan olan məcburi köçkünlər deyir ki, illərlə əziyyət çəkib, özlərinə ev alıblar, indi də həmin evləri “Muğanbank” ələ keçirmək istəyir. Özü də bankın onlara vermədiyi kreditin əvəzi olaraq. Bildirirlər ki, bank onlara 300 min dollar kredit ayrıldığını iddia edir. Amma ortada bu pulun onlara verildiyini təsdiqləyən məxaric qəbzi yoxdur.

DİA.AZ-ın məlumatına görə, üç ildir ki, məhkəmələrdə bu məsələ ilə bağlı çəkişmə gedir. Bank iddia edir ki, “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-yə 2008-ci ildə verilən 300 min dollarlıq kredit qaytarılmayıb. Ona görə də MMC-nin rəhbəri Bəxtiyar Abbasov, onunla birlikdə işləyən Eldar Cəfərquliyev və Yelmar Babayevə məxsus iki mənzil və bir bağ evinin hərraca çıxarılıb satılması, əldə olunan vəsaitin banka ödənilməsi barədə iddia qaldırıb.

Nərimanov Rayon Məhkəməsi iddianı təmin edib – “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-dən bankın xeyrinə 178 min 690 dollar əsas borc, 74 min 963 dollar faiz borcu (cəmi 253 min 653 dollar) tutulması, bu məqsədlə sözügedən evlərin hərraca çıxarılıb satılması, orada yaşayanların bir ay ərzində çıxmasına qərar verib.

Məcburi köçkünlər bu qərardan apelyasiya şikayəti verib. Bu instansiyada məsələ araşdırılarkən hakimlər bankın nümayəndəsindən 300 min dolların “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin hesabına köçürülməsini təsdiqləyən məxaric orderini istəyib. Məlum olub ki, belə bir sənəd yoxdur. Bakı Apelyasiya Məhkəməsi elə bu əsasla da mübahisədə “Muğanbank”ı haqsız sayıb və Nərimanov Rayon Məhkəməsinin onun xeyrinə çıxardığı qərarı ləğv edib.

Bank Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də bu şikayət əsasında apelyasiya instansiyasının qərarını ləğv edib. Məsələ yenidən araşdırılması üçün təkrar Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Bu yaxınlarda məhkəmə bankın xeyrinə qərar çıxarıb. Məcburi köçkünlər yenə Ali Məhkəməyə üz tutmaq niyyətindədilər. Amma deyirlər ki, ədalətli qərara ümidləri yoxdur: “Ona görə yox ki, haqsızıq. Əksinə, haqlı tərəf bizik. Ona görə ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevdir. Məhz o, ədalətli qərar çıxarılmasının qarşısını alır”.

B.Abbasov 300 min dollar söhbətinin necə yaranmasının detallarını da danışır. Deyir ki, “Zirə-Kəndli Fermer Təsərrüfatı” MMC iri və xırdabuynuzlu mal-qaranın saxlanılmasıyla məşğul olub. O, kredit almaq üçün “Muğanbank”ın “Dostluq” filialının müdiri Samir Ələkbərova müraciət edib. S.Ələkbərov Bəxtiyar Abbasovun qohumudur. Samir Ələkbərovun qardaşı isə həmin dövrdə bankın İdarə Heyətinin sədri olub:

“Muğanbank” təsərrüfata 19 sentyabr 2007-ci ildə F125 saylı kredit müaviləsi ilə 45 min manat, 2007-ci il 26 oktyabrda F134 saylı müqaviləsi ilə Babayev Yelmar Qulu oğlunun adına 45 min manat, 5 dekabr 2007-ci ildə F139 saylı müqaviləsi ilə 20 min manat, 15 dekabr 2007-ci ildə H57 saylı müqavilə ilə 130 min manat kredit ayırıb: “Sonradan Samir Ələkbərov məndən 75 min manat aldı ki, bu kreditləri birləşdirib, yeni kredit müqaviləsi bağlasın. Həqiqətən də məbləğlər birləşdirildi, 300 min dollar kreditin verilməsi ilə bağlı təsərrüfatla bank arasında 7 may 2008-ci ildə H 58 saylı kredit müaviləsi bağlandı. O vaxt müxtəlif müqavilələrlə bizə verilmiş kreditlərin ümumi məbləği 240 min manat idi. Bu da dolların o dövrdəki məzənnəsi ilə 300 min dollar eləyirdi”.

“Muğanbank” isə iddia edir ki, 300 min dollarlıq müqavilənin əvvəlki kreditlərə aidiyyəti yoxdur. Bu, yeni müqavilədir və həmin məbləğ də onlara verilib.

B.Abbasov da soruşur ki, əgər yenidən onlara 300 min dollar verilmişdisə, bəs pulun kiməsə verildiyini, yaxud müəssisənin hesabına köçürüldüyünü təsdiqləyən məxaric qəbzi niyə yoxdur: “O məxaric qəbzi ola da bilməz. Çünki o pul bizə verilməyib. Əksinə, əvvəlki kreditləri birləşdirmək üçün bizdən 75 min də əlavə pul alınıb. Adamdan soruşmazlarmı ki, əgər bu adamlar əvvəlki kreditləri qaydasında ödəmirdisə, necə olub ki, üstəlik 300 min dollar da əlavə kredit verirdiniz?”

Bankın iddiası əsasında müsadirə olunan evlərin sakinləri də maraqlı tərəf kimi məhkəmələrdə iştirak edirlər. Evlərdən biri - Bakının Qara Qarayev prospektində yerləşən üçotaqlı mənzil Yelmar Babayevə məxsusdur. O da “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-də B.Abbasovla şərik olub. Sözügedən mənzildə o, iki övladı, anası, bacısı və onun uşağıyla birlikdə yaşayır.

“Mən bir qolumu Ağdamda – müharibədə qoyub gəlmişəm. Bir əlimi ermənilər kəsmişdi, o birini də bu cür ədalətsiz qərarlarla məhkəmələr kəsdi”, - Yelmar Babayevin anası, 81 yaşlı Tamara Babayeva bildirib.

Bacısı Çiçək Babayeva da əlavə edib ki, əgər ədalət bərqərar olmasa, özlərinə qəsd etməkdən başqa çıxış yolları qalmayacaq: “Onsuz da bir dəfə ermənilər bizi ev-eşiyimizdən didərgin salmışdı, ikinci dəfə də saxta sənədlər və məhkəmələrin əli ilə özümüzünkülər eləyir. Nə fərqi oldu?! Bizi evimizdən çıxarsalar, Prezident Administrasiyasının qarşısında özümüzə qəsd edəcəyik”.

“Muğanbank” isə israr edir ki, müqavilədəki 300 min dollar yeni kreditdir və onlara verilib. Bankın nümayəndəsi məhkəməyə “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin rəhbəri ilə bağlanmış “Müddətli öhdəlik” müqaviləsi təqdim edib. Həmin müqaviləni B.Abbasov imzalayıb.

B.Abbasov isə cavabında bildirib ki, ona əvvəlki kreditlərin ümumiləşdirilib, bir müqavilədə əksini tapacağını deyib, qol çəkdiriblər: “Yenidən pul köçürməyiblər. Köçürüblərsə, mədaxil orderini ortaya qoysunlar”.

Ali Məhkəmədən isə məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz