Azərbaycanda regionların sosial-iqtisadi inkişafı həmişə aktualdır. Xüsusilə indiki böhran şəraitində rayonlarda iqtisadi inkişafın təmin olunması diqqət mərkəzinə gətirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısını videoformatda qəbul edən prezident İlham Əliyev də bu məsələyə toxunub.
Dövlət başçısı bildirib ki, hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır: “Mən demişəm ki, bizim bütün rayonlarımız artıq dotasiya sistemindən çıxmalıdır. Bu istiqamətdə böyük işlər görülüb. Əvvəllər bütün rayonlarımız dotasiya ilə dolanırdı, dotasiyasız öz tələbatını ödəyə bilmirdi. İndi bir çox rayonlar artıq özləri-özlərini təmin edirlər, bu proses davam etdirilməlidir. Yerli vergilərin yığılması ilə əlaqədar şəffaflıq olmalıdır, dövlət vəsaitinin xərclənməsində tam şəffaflıq olmalıdır və rayonların sosial-iqtisadi inkişafı təmin edilməlidir. Onsuz da regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, - indi dördüncü proqram icra edilir, - bütün bu məsələlər təsdiq edilib, bütün infrastruktur layihələri, bütün əsas tikintilər, bütün sosial infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilir. Ona görə yerli icra orqanları bu istiqamətdə öz səylərini göstərməlidirlər”.
Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu il Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək. Büdcə sənədlərinə əsasən bunlar Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabadi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarıdır.
2020-ci ildə dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da ötən ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8 faiz çoxdur. Yerli xərclər isə 850 milyon 104 min manat təşkil edəcək.
Xatırladaq ki, ötən il üçün 34 şəhər və rayonun dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdırması nəzərdə tutulmuşdu. İl ərzində dövlət büdcəsinin yerli xərcləri 840,8 milyon manat məbləğində proqnozlaşdırılmışdı ki, bu da 2018-ci illə müqayisədə 16,9 milyon manat və ya 16,1 faiz çoxdur. Göründüyü kimi, 2020-ci il üçün mərkəzi büdcədən vəsait alacaq rayonların sayı artsa da, yerli xərclərdə 9,3 milyon manat artım olacaq.
Hökumət regionlarda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına nail olmaq üçün müxtəlif layihələri dəstəkləyir. Bunlarda biri aqroparkların yaradılmasıdır. İndiyə qədər ölkə üzrə 153 min hektar ərazidə ümumilikdə 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı fəaliyyətə başlayıb. Daha 18 aqroparkın yaradılması iqtiqamətində işlər davam etdirilir. Yeni yaradılacaq aqroparklar 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş təsərrüfat sahələri olacaq.
Ümumilikdə, ölkəmizdə 52 aqroparkın yaradılması planlaşdırılır. Həmin təsərrüfatlar respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə olacaq və onların ümumi dəyəri 2,4 milyard manat təşkil edəcək. Nəzərdə tutulan aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb. Aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib, 25 milyon manatdan çox vəsaitə qənaət olunub.
Dövlətin dəstəyi ilə regionlarda icra olunan daha bir layihə sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və 5 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri var.
Rəsmi şəxslərin verdikləri məlumatdan aydın olur ki, indiyədək Azərbaycanda sənaye parkları və məhəllələrinin 82 rezidenti dəyəri 3,8 milyard dollar olan layihələrin reallaşdırılmasına 3,4 milyard dollar investisiya qoyulub.
Bütün bu tədbirlərə rəğmən hələ ki Azərbaycanda iqtisadi inkişaf baxımından regional balansın yarandığını söyləmək mümkün deyil. Belə ki, əsasən Bakı və Abşeron yarımadası inkişaf edir - ölkənin milli gəlirinin 80 faizi bu bölgədə yaranır. Halbuki Azərbaycanın coğrafi baxımdan yalnız 5 faizi bu bölgədir. Milli gəlirin cəmi 20 faizi qalan 95 faiz ərazidə formalaşır. Ölkəyə qoyulan investisiyaların 85-90 faizi, kreditləşmənin azı 90 faizi, ixracın 95 faizi Bakının payına düşür.
Bütün bunlar onu göstərir ki, regionların mərkəzi büdcədən asılılığını aradan qaldırmaq, iqtisadi inkişafda regional balansı tənzimləmək üçün ciddi tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda həyata keçirilən regional sosial-iqtisadi inkişaf proqramları sayəsində gözlənilən nəticələr əldə olunmayıb: “Bu proqramları yerli icra strukturları vizual dəyişiklik kimi gördülər, köklü dəyişikliklərə gedilmədi. Proqramlar çərçivəsində çoxsaylı infrastruktur və sosial layihələr həyata keçirilib, lakin real iqtisadi inkişafa nail olunmayıb. Bunu açıq etiraf etmək lazımdır. Hələ də ölkə iqtisadiyyatının 90 faizdən çoxu Bakıda formalaşırsa, demək, biz istədiyimizə nail ola bilməmişik”.
Ekspertin fikrincə, regionların iqtisadi inkişafını təmin etmək istiqamətində ilk addım regional idarəetmə formasına keçid olmalıdır: “Əvvəla, qeyd edim ki, Azərbaycanda mərkəzləşmiş vergi sistemidir. Kiçik istisnalarla, bütün vergilər mərkəzi büdcəyə toplanır. Belə vergi sistemi qaldıqca, regionların özləri-özlərini tam dolandırması, dotasiyadan çıxması, investisiyaların cəlbi ilə bağlı müstəqil hüquqi şəxsə çevrilməsi çətin görünür. Digər məsələ yeri idarəetmə modeli ilə bağlıdır. Hazırda mövcud olan rayon icra hakimiyyətləri modelinin nəinki inkişafa təkan vermədiyi, əksinə, onun qarşısını aldığı ortadadır. Buna görə də ilk növbədə bu idarəetmə modelindən imtina edib, regional idarəetməyə keçilməlidir. Burada yeni nəsə icad etməyə ehtiyac yoxdur, dünyanın keçdiyi yola baxmaq və nəticə çıxarmaq lazımdır. Yerli sosial-iqtisadi idarəetmə seçkili orqanlara - bələdiyyələrə verilməli, onların fəaliyyətinə nəzarət etmək üçün prezidentin regional nümayəndələri təyin olunmalıdır. Biz Azərbaycanda 8-12 belə regional nümayəndənin təyin olunmasını təklif edirik. Vergi qanunvericiliyinə dəyişiklik edərək, əsas vergilərin bir qisminin yerli büdcədə qalması təmin olunmalıdır. Məsələn, yerlərdə tutulan 18 faizlik Əlavə Dəyə Vergisinin müəyyən bir hissəsi, tutalım, 2-3 faizi yerli büdcəyə, qalanı mərkəzi büdcəyə köçürülə bilər. Bu, bələdiyyələrin normal büdcəsinin formalaşmasına gətirib çıxarar. Yəni indiki qanunvericiliklə, vergi sistemi ilə regional inkişafa nail olmaq mümkün deyil. Bəzi dotasiyadan çıxmış rayonların yeganə üstünlüyu odur ki, regionlar üçün vergi güzəştləri olduğuna görə bir sıra iri müəssisələr vergi uçotuna regionlarda dayanırlar. Yəni faktiki olaraq, bu dotasiyadançıxma kağız üzərində baş verir, reallıqda isə müxtəlif istiqamətlərdə həmin rayonlar mərkəzi büdcədən vəsait almağa davam edirlər. Bu baxımdan, real nəticə görmək istəyiriksə, konstitusiyadan tutmuş vergi qanunvericiliyinə qədər çoxsaylı və köklü dəyişikliklərə getməli, ən əsası isə mövcud yerli idarəetmə modelindən daha müasir və uğurlu modelə keçməliyik. Bunu edəcəyiksə, regionların cəlbediciliyi də artacaq, inkişafı da sürətlənəcək. Hər bir region üçün xarici investorların cəlbinə imkan verəcək baza formalaşacaq”.
“Yeni Müsavat”