Axtarış...

"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL



“Rafiq Məmmədhəsənov 10 ildir 104 saylı Tovuz – Gədəbəy Seçki Dairəsindən deputatdır, ancaq əhali bir dəfə də olsun onun üzünü görməyib. Nə seçiçiləri ilə görüşüb, nə onların problemləri ilə maraqlanıb. İndi internetdən oxuyuruq ki, Rafiq müəllim yenidən deputat olmaq iddiasındadır”.

Bunu “AzPoltika.info”-ya açıqlamasında Tovuz rayon sakini Elçin Rüstəmov bildirib.

Xatırladaq ki, Tibb Universitetinin prorektoru olan YAP-çı deputat R.Məmmədhəsənov mətbuata açıqlamasında partiya razılıq verərsə, yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Sitat: “Parlamentə təcrübəli adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar. Xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz”.

O, fikrini belə davam etdirib: “Yaşlılıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, əgər insanın əqli yerindədirsə, əmək qabiliyyəti varsa, fiziki imkanları çatırsa, niyə də seçilməsin ki?! Bəli, deputatlıqla bağlı aşağı yaş həddi var – 18 yaş, amma yuxarı yaş həddi-məhdudiyyəti yoxdur. Bu, özü də təkcə bizdə deyil, dünyanın hər bir yerində belədir.
Deputatlarla bağlı yaş məhdudiyyəti, qadağası yoxdur. Əgər təcrübəlidir, savadlıdır, əqli-fiziki imkanları yerindədir, daha yaxşı, qoy seçilsin də?!
Kim xalqın, seçicinin etimadını doğruldursa, əqli-fiziki imkanları yerindədirsə, yenidən niyə namizəd olmasın və yenidən niyə deputat seçilməsin?! Mənim mövqeyim budur və seçim xalqındır…”

Tovuz sakini bildirir ki, Rafiq Məmmədhəsənov Tovuz və Gədəbəy rayonlarının 40 mindən artıq əhalisini parlamentdə təmsil edir: “Bizim bölgənin çoxsaylı problemləri var. Kəndlərin yolları pis vəziyyətdədir, məktəblərin, uşaq bağçalarının əksəriyyəti bərbad haldadır. Həmçinin, aztəminatlı insanların dövlət qurumlarının həyata keçirdiyi sosial layihələrə əlçatımlılığı çox aşağı səviyyədədir. Vətəndaşlar üzləşdikləri çətinlikləri yuxarı dövlət qurumlarına çatdıra bilmirlər. On il ərzində bir dəfə də olsun deputat rayonda nə seçicilərlə görüşüb, nə də onların problemlərini dinləyib. Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz. Necə mandat alması da bizə məlumdur, birinci deputatlıq müddətində bir dəfə seçicinin problemini dinləməyən deputata kim yenidən səs verər? Rafiq müəllim bundan sonra deputat olmaq istəyi heyrətamizdir. Yaxşısı budur, daha 5 il bu kürsünü zəbt edib insanlara pislik etməyi davam etdirmək niyyətinə düşməsin”.

E.Rüstəmov daha sonra qeyd edib ki, Tovuzu parlamentdə təmsil edən başqa millət vəkili Qənirə Paşayevanın fəaliyyəti əhali tərəfindən təqdirəlayiq qarşılanır: “Rafiq Məmmədhəsənovun dairəsində olan seçicilər də problemlərini Qənirə xanıma çatdırmağa çalışırlar. O, doğrudan da camaatın problemlərini həll etmək üçün əlindən gələni edir. Ayda bir neçə dəfə kəndləri gəzir, insanlarla görüşür, onların problemlərini dinləyir, habelə bölgənin infrastruktur problemlərinin həllini dövlət qurumlarının qarşısında qaldırır və buna nail olur. Bəs Rafiq Məmmədhəsənov nə edir? Heç nə! Və bu fəaliyyətsizlik, insanlara qarşı yuxarıdan aşağı münasibət seçiciləri hiddətləndirir”.

Tovuz sakini qeyd edir ki, Rafiq Məmmədhəsənov bu 10 ildə minlərlə insanı millət vəkili dəstəyindən məhrum edib: “Biz bu qədər dözmüşük, daha R.Məmmədhəsənov kimi öz maraqlarını güdən, parlament kürsüsünü zəbt edən şəxsin deputat olmaq iddialarına dözməyəcəyik. Yaxşısı budur, Rafiq müəllim özü öz fəaliyyətsizliyindən nəticə çıxarıb iddiasından vaz keçsin”.

“AzPoltika.info”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz