Axtarış...

Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”

Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”

“Tenderlərin keçirilməsində çox böyük, hətta cinayətə bərabər qanunsuzluqlar olur”
Dövlət başçısının son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunda çıxışları diqqət çəkir. 1 ay əvvəl iqtisadi sektoru əhatə edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə prezident demişdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı tam qane edə bilməz. Prezident müşavirədə ictimai nəzarətin daha da gücləndirilməsindən danışmışdı, hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulamışdı.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi faktını araşdırıblar. Məlum olub ki, hər 2 şöbənin müdiri qanunsuz pensiya təyin edib. Dövlətə vurulan ziyan 200 min manatdan bir qədər azdır. Bu əməliyyat özlüyündə çox vacibdir, amma oxşar əməliyyatların daha geniş mənimsəmələr, büdcə vəsaitlərinin milyonlarla talanması haqda siqnallar olan digər dövlət qurumlarında da keçirilməsi zərurəti ortalıqdadır.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ölkədə masştablı şəkildə antikorrupsiya əməliyyatlarına olduqca ciddi ehtiyac var: “İllərdir ki, eşidirik ki, ”sobes" işçilərini tuturlar. Sanki ölkədə rüşvət və korrupsiya bu qurumla məhdudlaşır. Bu sahədə ən bərbad vəziyyət büdcə korrupsiyasıdır. Büdcədən ayrılan vəsaitin xərclənməsində olduqca ciddi neqativ faktlar mövcuddur. Bu gün Azərbaycanda büdcədən oğurluq edən iri ranqlı məmur-biznesmenlərin həbsi üçün kifayət qədər əsaslar var. Məsələn, tenderlərin keçirilməsində çox böyük, hətta cinayətə bərabər qanunsuzluqlar olur. İl ərzində 178 tender udan şirkət var Azərbaycanda. Bu rəqəm açıq-aşkar şirkətin fəaliyyətinin araşdırma predmeti olmasına çağırışdır".

Natiq Cəfərlinin sözlərinə görə, elə şirkətlər var ki, bu gün qeydiyyatdan keçir, 1 gün sonra artıq tenderdə qalib olur: “Dövlət büdcəsində 1 günlük şirkətin hesabına milyonlarla büdcə vəsaiti köçürülür. Tenderlərlə bağlı, büdcə xərcləmələri ilə bağlı ciddi iş aparılmalıdır. Orda önə çıxan şirkətlər, korrupsiya sxemlərində öndə olan şirkətlərin böyük əksəriyyəti məmurlara məxsusdur. Buna görə də çox zaman ciddi araşdırma mövzusuna çevrilmir. Ölkədə məişət korrupsiyası ilə məsələ az-çox həllini tapıb. Amma büdcə oğurluqları ilə bağlı problem ən kəskin, ən ağrılıdır”.

Natiq Cəfərli deyir ki, məmurların, deputatların biznesdən qoparılması baş verməyincə, ölkədə bu sahədə durum dəyişməz qalacaq: “Düzdür, hazırda bu istiqamətdə müzakirələr gedir, addımlar atılır. Hətta prezident səviyyəsində bu problem dilə gətirilir. Lakin bu gün bu istiqamətdə prosesin sürətlə getdiyini demək mümkün deyil. Antikorrupsiya orqanlarının məşğul olmalı sahə məhz büdcə korrupsiyası olmalıdır”.

Natiq Cəfərli 2020-ci ildən toplanması nəzərdə tutulan əmlaka görə sığorta haqlarının toplanmasında da korrupsiyanın çox ciddi maneə olacağını diqqətə çatdırıb: “Azərbaycanda 350-400 min əmlak qeydə alınmayıb. Bu vətəndaşın günahı deyil. Vətəndaş illərlə yaşadığı evində kommunal xərcləri ödəyir. Əslində bu onun mülkiyyət hüququnun yaranması üçün əsas şərtlərdən biridir. Bu məsələ həll edilməlidir. Bu sahədə olan korrupsiya, süni əngəllər aradan qaldırılmalıdır. Vətəndaş dövlət büdcəsində rüsum ödəyib ”kupça"nı, yəni çıxarışı heç bir maneəsiz almalıdır. Çox təəssüf bizdə həmişə olduğu kimi bu məsələdə də tərsdən başlanılıb. Çıxarışı olmayan evdən icbari sığorta haqqı hansı əsasla alınacaq?"

Ekspert deyir ki, korrupsiya ilə mübarizə kampaniya xarakterli olmamalıdır: “Korrupsiya ilə mübarizə dövlətin bütün orqanlarının işlək mexanizminə çevrilməlidir. Kampaniya xarakterli mübarizə heç bir effekt verməyəcək. Sosial müdafiə sferasında antikorrupsiya tədbirlərinin keçirilməsinin effekti göz qabağındadır. Hər dəfə antikorrupsiya kampaniyaları bu sferadan həbslərə yol açır və kampaniya bitir. ”Prezident deyib, biz də iş görürük" prinsipi əldə rəhbər tutulacaqsa, bunun effekti də olan deyil. Necə ola bilər ki, sivil dünyanın hər yerində mediada çıxan istənilən məlumat araşdırma mövzusu olur, Azərbaycanda isə mətbuat yüzlərlə belə faktlar yazır, antikorrupsiya idarəsi bunun üzərinə getmir. İctimai nəzarətin ən gözəl forması elə mediadır. Jurnalistlər korrupsiya faktlarını yazır, ictimailəşdirir. Azərbaycan mediasında korrupsiya faktları ilə bağlı sənədlər, səs yazıları, ən müxtəlif səpkili xəbərlər yayılır. Amma bu faktlar rəsmiləşdirilib günahkarlar cəzaya çatdırılmırlar. Deputatın adı tenderdə tərəf kimi keçir, səsi də yayılır, amma tədbir görülmür. Halbuki deputatın da, məmurun da qanunla bizneslə məşğul olması qadağandır. Deputatlar qəbul etdikləri qanunlara göz görə-görə hörmətsizlik edirlərsə, deməli Azərbaycanda qanunların işlək duruma gətirilməsi üçün çox ciddi işlər görmək lazımdır"./“Yeni Müsavat”/
Text-to-Speech

DİNLƏ






Şərh yaz