Hə, elədir ki var: İqtisadi sahədə Azərbaycanın əldə etdiyi nəticə dünya miqyasında rekord göstəricidir, analoqu yoxdur.
Artıq beynəlxalq ekspertlər də etiraf edirlər ki, ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub. Və bu uğurun davamı da gələcək. Təsəvvür edin, sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan az qala 50 milyarda çatıb.
Son 16 ildə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya qoyuldu. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşdı. Forumun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında ilk üçlüyə yüksəldi. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu.
Məhz əldə edilmiş bu uğurun nəticəsidir ki, cari ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək oldu.
Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı.
Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış oldu. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələdi. Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat və ya 40 faiz çox oldu.
Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerə qalxdı. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb oldu ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.
Beləliklə, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə də müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş oldu.
18 iyun 2019-cu il tarixində imzalanan digər sərəncamlarla eyni zamanda dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da cari il sentyabrın 1-dən 20-100 faiz səviyyəsində artırıldı.
Ümumilikdə ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. Onu da qeyd edək ki, 2019-cu ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı üçün dövlət tərəfindən illik 2 milyard manat vəsait ayrılıb.
Digər mühüm fakt: 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata çatdırılıb, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb.
Prezidentin də qeyd etdiyi kimi iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərdi. Sitat: “Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik”.
Ölkəmizdə kadr islahatları da davam edir. İslahatların zəruriliyi müasir dövrün yaratdığı reallıqlara uyğun komanda qurmaqdan da keçir. O baxımdan da iqtisadi-siyasi gedişatı daha da yaxşılaşdırmaq üçün kompleks yanaşmanın kökünə kadr islahatları da əlavə edildi. Politoloq Əziz Əlibəylinin dediyinə görə, buna səbəb daha dinamik, çirkaba bulaşmayan, korrupsiyada adı hallanmayan, yüksək ali təhsili olan, müasir innovativ idarəetməni bilən şəxsləri idarəetməyə gətirilməsidir.
Çox təəssüf ki, ölkədə ciddi məmur davranışı problem var. “Traybalizm, yerlibazlıq, qohumbazlıq kimi naqis yanaşmalar dövlət idarəçiliyinə ciddi zərbə vurur. Şübhəsiz ki, bu, son illərdə özünün qabarıq formasına çatırdı ki, ölkə rəhbəri yuxarıdan islahatlara başladı, eyni zamanda rəy dövlətinin qurulması üçün addımlar atdı və vətəndaş fikrini, ictimai rəyi alaraq, islahatları xalqın çağırışı əsasında qurmağa başladı.
Hesab edirəm ki, kadr islahatları daha ciddi sferaya keçəcək və qarşıda bizi məhkəmə-hüquq sistemindəki kadrların da islahatlara məruz qalması gözləyir.
Yüz minlərlə vətəndaş müraciəti cavabsız qalır, məhkəmələrdə süründürülür, rüşvət iddiaları, sifarişli qərarlar da bura daxil ediləndə hazırkı mənzərəni anlamaq mümkündür. Təbii ki, bunun da siqnalını artıq ölkə rəhbəri verib və xalq-dövlət-vətəndaş-hüquq sahəsində, harmonik fəaliyyətin tənzimlənməsi üçün planlar hazırlanır”.
Və bütün bu baş verənlərin fövqündə cənab Prezidentin qətiyyəti dayanır. Bir-birini tamamlayan sistemli islahatlar gələcək və durmadan inkişafımız qaçılmazdı. Cünki ortada Prezidentin qətiyyəti və xalqın dəstəyi var! //sherg.az//