“Səhərə kimi yanğını söndürərkən udduğum zəhərli qaz sağlamlığımı əlimdən alıb. Baxmayaraq ki, sağlamlığımı iş vaxtı və vəzifəmi yerinə yetirərkən itirmişəm, Fövqəladə Hallar Nazirliyi müalicəmi öz öhdəmə buraxıb. Bir ildən çoxdur ki, borc-xərclə müalicələrimlə məşğul oluram. Vaxtında lazımi müalicələri ala bilməməyim xərçəng xəstəliyinə çevirdi, indi də mənə 6 kurs kimyaterapiya yazılıb, hər kursu 1400 manata başa gəlir. Bunun üstünə başqa iynə-dərmanların da xərcini gəlin. Dövlətsə 1 manat da köməklik etmir”.
27 yaşlı Pənah Kərimov Mingəçecvir sakinidir. 5 ildir ki, elə Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürəni işləyir. O, danışır ki, ötən ilin iyulunda Mingəçevirdə İstilik Elektrik Stansiyasında baş vermiş partlayışa yanğınsöndürən kimi cəlb olunub. Yanğını söndürərkən zəhərlənib. Həmin vaxtdan ara-sıra müalicələr alsa da, yetərli olmayıb, nəticədə xəstəliyi dərinləşib və xərçəngə çevirib.
“Mən hadisə yerində çoxlu kimyəvi maddə udmuşdum, saatlarla oksigen aparatına qoşmuşdular. Həmin vaxtdan qusma, yüksək hərarət, öskürək, fiziki zəiflik həyat tərzimə çevrildi, ağrılardan yata bilmirəm. Fövqəladə Hallar Nazirliyinin hospitalına müraciət etdim, bildirdilər ki, bizim hospital yalnız müayinəylə məşğuldur, müalicə üçün özün başqa xəstəxanalara müraciət et. Halbuki, məndən hər ay icbari sığortapulu tutulurdu, müalicəmin xərcləri sığorta hesabına ödənilməli idi. Fövqəladə Hallar Nazirliyi isə mənə dedi, get, müalicənlə özün məşğul ol. Mən də o xəstəxana sənin, bu xəstəxana mənim, yalan-doğru müalicələrə xeyli pul tökdüm, əksinə, vəziyyətim ağırlaşdı. Bir neçə ay əvvəl Milli Onkologiya Mərkəzində müayinə olunarkən mənə limfoma – ağciyər xərçəngi diaqnozu qoyuldu”.
Pənah Kərimov bu ilin sentyabr ayından kimyaretapiyalara başlayıb. İki kurs kimyaterapiya alıb. Hələ qarşıda onu daha bir neçə kurs kimyaterapiya və başqa müalicələr gözləyir. Buna isə maddi imkanı yoxdur:
“2 aydır ki, adım işdə gedir, özüm kimyaterapiyalardayam. Borcun-xərcin içindəyik. Bir evdə 8 nəfər yaşayırıq. Atam da yanğınsöndürən olub, hazırda təqaüddədir. Dolanışığımız çox çətindir. Mənim xəstəliyim isə durumumuzu daha da ağırlaşdırıb. Növbəti kimyaterapiyanın vaxtı yaxınlaşır, bir manatımız da yoxdur. Cəmi 27 yaşım var, ailə qurmamışam. Xəstəliyim ağırlaşıb və xəstəliklə mübarizə aparmaq üçün maddi imkanım yoxdur”.
Deyir, itirməyə vaxtı da qalmayıb, xəstəliyi dərinləşib, vəziyyəti ağırdır: “Ölmək istəmirəm, yaşamaq istəyirəm. Xahiş edirəm, Fövqəladə hallar naziri, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, ölkə başçısı mənimlə maraqlansın, durumumu nəzarətə götürsün. İndiyədək borca-xərcə iynə-dərmanı əldə edə bilirdimsə, indi borc almağa adam da qalmayıb ətrafımda... Göz görə-görə günbəgün məhv oluram”.