Axtarış...

Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko



Azərbaycan bu həftələrdə cəngəlliyi xatırladır: son bir ayda 13 qətl hadisəsi baş verib ki, ölənlərin 9 nəfəri qadınlardır.

Xüsusən uşağının gözü önündə qətlə yetirilən Leyla Məmmədovanın faciəsi cəmiyyəti sarsıdıb. Bu da sosial şəbəkələrin Azərbaycan seqmentində #qadınaşiddətəson haştaqının başladılmasına təkan verib.

Reportyor.info xəbər verir ki, amma baş verənlər və sosia mediadakı kampaniya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “tükünü tərpətmir”. Bu qurum sanki çoxdan dəfn olunub.

Sadəcə, rəsmi açıqlama ilə kampaniyanı dəstəklədiklərini ifadə ediblər. Komitənin sədri Hicran Hüseynova və müavini Sədaqət Qəhrəmanova ən azından qadına zorakılıq faktları ilə bağlı bir ana, bir qadın olaraq öz fəryadını, üsyan səsini qaldıra bilərdi.

Hələ bu komitəyə ailə, qadın və uşaq problemləri ilə bağlı ayrılan vəsaitlərin hansı istiqamətə xərcləndiyini sual etmirik, sadəcə, bir vətəndaş kimi qadına şiddətə etirazlarını bildirməliydilər.

Amma Hicran Hüseynova ilə Sədaqət Qəhrəmanova o dərəcədə etinasız, laqeyd davranırlar ki, rəhbərlik etdikləri komitənin missiyası elə bil Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəza elmi üzrə araşdırma aparmaq, yaxud protistlərin, arxeylərin, bakteriyaların, göbələklərin və bitkilərin öyrənilməsi institutudur.

Əslində, komitə sədri təcili mətbuat konfransı keçirməli, hesabat verməli, bir ayda öldürülən 9 qadın və ümumilikdə qadınlara zorakılıq mövzusunda həyəcan təbili çalmalı, problemləri açıqlamalıydı.

Bəs, dövlətin büdcəsində bu quruma yönələn maliyyə hansı tədbirlərə, layihələrə sərf olunur?

Komitənin rəsmi portalına da nəzər salmışıq və son günlərdə keçirilən tədbirlərin başlıqlarına baxıb bir gülün: Hacıqabulda “Yol hərəkət Qaydalarını birlikdə öyrənək” adlı maarifləndirici tədbir keçirilib, Şüvəlanda “Məişət zorakılığı” adlı maarifləndirici tədbir keçirilib, Şüvəlan və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Uşaq hüquqları” adlı tədbir keçirilib.

Axı 10-15 adamı bir zala toplayıb tədbirlər keçirməyin faydası nədir? Komitə ayrılan pulların hesabatını vermək üçün formallıq daşıyan bu toplantıları nə üçün təşkil edir?

Real addımlar atılmalı, zorakılıqla üzləşən qadınlarla görüşlər keçirilməli, ziyalılarla bir araya gəlib müzakirələr aparılmalıdır.

Komitənin 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il ərzində 300-ə yaxın müxtəlif mövzularda, o cümlədən, “Ailə institutunun gücləndirilməsi” və “Zorakılığa YOX deyək”, “Erkən nikahlara yox deyək” və s. müxtəlif mövzularda təlimlər keçirilir.

Amma bunların hər biri tədbir xatirinə, ayrılan vəsaitlərin yuyulması naminədir. Çünki ortada heç bir effektiv fəaliyyət yoxdur.

Üstəlik, komitə BMT-nin Əhali Fondu ilə birgə layihələr həyata keçirir, bu qurumdan qrantlar alır. Ancaq faktiki olaraq, dəhşətli vəziyyət hökm sürür, qadına, uşağa zorakılıq artır, qətllər çoxalır.

Komitənin saytındakı hesabatlara da nəzər salmışıq, 2018-ci ilin hesabatı başdan-ayağa statistik məlumatlardan ibarətdir.

Ən maraqlısı budur ki, H.Hüseynovanın komitəsi tərəfindən görülən işlər üzrə xərclərin və ayrılan vəsaitlərin maliyyə hesabatları verilmir. Qurumun saytında hər hansı maliyyə hesabatına rast gəlmədik.

Hətta 2019-cu ildə komitəyə həm dövlət, həm beynəlxalq təşkilatlar tərəfindən nə qədər maliyyə ayrılması barədə rəsmi məlumat açıqlanmayıb.

Əvəzində H.Hüseynovanın adı uşaq oğurluğu işində, 170 minlik rüşvət skandalında, müavini Sədaqət Qəhrəmanovanın isə sahibkara qarşı haqsızlıqda hallanıb.

Amma mediadakı araşdırmalardan nəhayət üzə çıxarırıq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanan qurum 2019-cu il üçün büdcədən 3.4 milyon pul ayrılıb.

Hələ komitənin büdcədən kənar xərclərini demirik, bunun pulunu da vətəndaşın yığılan vergisindən “sosial təminat” adı ilə xərcləyirlər.

Görəsən, 3.4 milyon hara sərf olunub? Bundan əlavə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlamışdı. Onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var.

Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).

İlqar Mətin

REPORTYOR.info
Text-to-Speech

DİNLƏ






Şərh yaz