Azərbaycanın baş naziri postuna yeni təyinat oldu. 2018-ci ilin aprelində bu posta təyin olunmuş Novruz Məmmədov ölkə prezidenti İlham Əliyevə müraciət edərək vəzifəsindən istefa verməsinə razılıq istəyib. Prezident onun ərizəsini qəbul etməklə yanaşı, baş nazirliyə yeni namizədi razılıq verməsi üçün Milli Məclisə təqdim edib. Prezident Nazirlər Kabinetinin yeni rəhbərinin özünün iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun olmasına qərar verib. Milli Məclisdə qısa müzakirələrdən sonra bu qərara yekdilliklə razılıq verilib.
Novruz Məmmədov niyə getdi?
Bu dəyişiklik cəmiyyətdə Novruz Məmmədovun baş nazir postundan niyə getdiyinə dair müzakirələrə səbəb olub. Hökumətdəki mənbələrindən RİA Novosti-yə verilən məlumatda N.Məmmədovun təqaüdə çıxması ilə bağlı bu addımı atdığı bildirilsə də, cəmiyyət bunu real qəbul etmir. Ən azı ona görə ki, bu gün hakimiyyətdə yüksək vəzifələr tutan və təqaüd yaşını çoxdan keçmiş məmurların sayı onlarladır. Elə baş nazir müavinlərinin hamısı təqaüd yaşını çoxdan keçmiş məmurlardır.
Cəmiyyət, elə əksər şərhçilər də bu fikirdədir ki, N.Məmmədovun baş nazir kürsüsündən getməsi daha çox onun iqtisadçı olmaması, işinin öhdəsindən lazımınca gələ bilməməsi ilə bağlıdır. Hesab olunur ki, hakimiyyətdəki mühafizəkarlardan biri olan N.Məmmədov iqtisadiyyatda həyata keçirilən sürətli islahatlarla uzlaşa bilmədi. Digər tərəfdən, N.Məmmədovun rəhbərliyi dövründə Nazirlər Kabinetində müxtəlif qərarların qəbulunda müəyyən inhisarçı qrupların, məmur oliqarxiyasının mənafeyinin nəzərə alınması faktları çoxalmışdı. Bu isə bir çox hallarda cəmiyyətdə kəskin reaksiyalara səbəb olurdu. Məsələn, 2019-cu ilin 31 yanvarında N.Məmmədov meşədən meyvə, giləmeyvə, faydalı bitkilərin toplanmasına görə ödənişləri kəskin artıran qərara imza atmaqla ictimaiyyətin çox ciddi qınağına məruz qaldı. Nəticədə ölkə prezidentinin tapşırığı əsasında fevralın 7-də öz qərarını ləğv etməli oldu. Bu və digər məqamlar N.Məmmədovun öz yerində olmadığını göstərirdi.
Nədən Əli Əsədov?
İndi cəmiyyətdə hər kəsi düşündürən məhz bu sualdır. Xatırladaq ki, hələ Artur Rəsizadənin baş nazirlikdən gedəcəyi məlum olan zaman onun yerinə təyinatlarla bağlı müxtəlif şəxslərin adları hallanırdı. Bu vəzifəyə uzun illərdir baş nazirin birinci müavini olan Yaqub Eyyubov, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizov və digər bir neçə nəfərin iddialı olduğu bildirilirdi. Lakin prezidentin seçimi öz köməkçisi oldu.
Bu seçimin səbəbləri barədə müxtəlif versiyalar səsləndirilməkdədir. Bir qrup hesab edir ki, Ə.Əsədov hakimiyyət pillələrində məhz İ.Əliyevin sayəsində irəliləmiş, ona çox yaxın və çox sədaqətli olan kadrlardan biridir. Belə ki, 1995-2000-ci illərdə YAP siyahısı ilə Milli Məclisin deputatı olan Ə.Əsədovun 1998-ci ildə sabiq prezident Heydər Əliyev tərəfindən iqtisadi məsələlər üzrə köməkçi təyinatında məhz İ.Əliyevin təqdimatının əsas rol oynadığı bildirilir. Bu zaman isə onun Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibindəki aktiv fəaliyyəti də nəzərə alınıb. Təsadüfi deyil ki, prezident İ.Əliyev ötən dövr ərzində Ə.Əsədova daim yüksək etimad göstərib. Ölkənin ən böyük milli şirkəti SOCAR-ın binasının, Bakı Qış Bulvarının tikintisinin, paytaxtın kommunal təsərrüfatının, əksər böyük regional proqramların kurasiyası məhz ona həvalə edilib.
Yeni baş nazirlə bağlı rəylər, əsasən müsbət xarakterlidir. Sabiq baş nazir Artur Rəsizadə təyinatı uğurlu hesab edir: “Baş nazir vəzifəsinə yeni seçilən şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu çox yaxşı seçimdir”.
O bildirib ki, baş nazirlik heç də asan vəzifə deyil: “Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş ta səhiyyə, təhsil, mədəniyyətə qədər… Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.
Sabiq maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov hesab edir ki, Ə.Əsədovun ölkənin baş naziri postuna təyinatı yüksək qiymətləndirilməlidir: “O, peşəkar iqtisadçı və kifayət qədər bacarıqlı bir təşkilatçıdır. Hələ 90-cı illərin ikinci yarısında, Əli Əsədovun prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postuna təyinatından sonra onunla birlikdə ölkənin iqtisadi problemlərini saatlarla müzakirə etmişəm və hələ o zaman onun nə qədər ağıllı bir iqtisadçı olduğunun şahidi olmuşdum. Əli Əsədov ölkənin iqtisadi problemlərini və bu problemlərin həlli yollarını kifayət qədər yaxşı bilir. Heç şübhəsiz ki, indiki həssas dönəmdə onun bu vəzifəyə təyinatı təsadüfi deyil. Düşünürəm ki, Əli Əsədovun bu posta ölkənin iqtisadi və maliyyə sistemində gözlənilən kardinal islahatlar, o cümlədən kadr islahatları ərəfəsində gətirilməsi təsadüfi sayıla bilməz”.
Milli Məclisin üzvü Qənirə Paşayeva da yeni təyinatı müsbət qiymətləndirir: “Əli müəllimi uzun illərdir tanıyıram. Millət vəkili seçildiyim dövrdən bu yana vətəndaşlarımızı maraqlandıran, narahat edən bəzi məsələlərlə bağlı nə zaman müraciət etsək, diqqətlə dinləyib və həssaslıqla yanaşıb. Əli müəllim sadə və səmimi ziyalıdır. Cənab prezidentimizin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən önəmli işlərdə Əli müəllimə Baş nazir kimi uğurlu fəaliyyət diləyir və təbrik edirik”!
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, baş verən kadr dəyişikliyi ilə bağlı ya hökumət, ya da hakim partiya funksionerləri tərəfindən zəruri açıqlamalar verilməli, müzakirələr aparılmalı idi: “Çox təəssüf ki, Azərbaycanda belə bir praktika yoxdur, bu üzdən də baş nazir dəyişikliyinin səbəbləri ilə bağlı ən müxtəlif versiyalar səsləndirilir. Reallıqda baş nazirin dəyişməsinə səbəb olacaq proses, hadisə müşahidə olunmayıb. Bu halda səbəbin nə olduğunu hakimiyyət açıqlamalıdır. Açıqlanmırsa, demək, hökumətin cəmiyyətlə kommunikasiyası düzgün qurulmayıb. Yeni təyin olunan baş nazirin Milli Məclisdəki çıxışında da onun ölkə iqtisadiyyatının gələcək inkişaf pespektivləri barədə viziyonunu, hansı istiqamətlərdə hansı addımları zəruri saydığına dair fikirlərini görə bilmədik.”.
Ekspertin fikrincə, Azərbaycanda son konstitusiya dəyişikliklərindən sonra Nazirlər Kabineti və baş nazirin səlahiyyətləri kəskin məhdudlaşıb: “Bu baxımdan, Novruz Məmmədovun baş nazir kimi fəaliyyətini qiymətləndirmək üçün müvafiq səlahiyyət, ona uyğun məsuliyyət aydın deyil. Elə yeni baş nazirlə bağlı da eyni sözləri demək olar. Yəni bu gün Azərbaycanda baş nazir dəyişikliyi formal bir kadr dəyişikliyi hesab oluna bilər”.
Fikrət Yusifov yeni baş nazirdən ölkənin qeyri-neft sektorunun sürətli inkişafı istiqamətində real addımlar gözləyir: “Bu sahədə ciddi bir dönüşün olmasına kəskin ehtiyac var. Azərbaycan iqtisadiyyatının sabahkı inkişafı məhz qeyri-neft sektorundan asılıdır. Reallıq göstərir ki, bu gün bizim əsas gəlir mənbəyimiz olan neftin dünya bazarı faktiki olaraq heç bir, o cümlədən siyasi risklərdən sığortalanmayıb. Bu şəraitdə bizim yeganə yolumuz qısa müddətdə qeyri-neft iqtisadiyyatımızı inkişaf etdirməkdir. Son 3-4 ildə bu sahədə addımlar atılsa da, nəticələri yetərli hesab etmək mümkün deyil. Bu sektorda inkişaf ikirəqəmli ədədlərlə ifadə olunmalıdır, hazırkı səviyyə olduqca aşağıdır. Buna görə də Əli müəllimin rəhbərliyi ilə hökumətdən bu sahədə inqilabi dönüş gözləyirəm”.
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Ə.Əsədova deputatların təkliflərinə diqqətlə yanaşılmasını tövsiyə edib: “Əli müəllim, mən xahiş edirəm ki, siz baş nazir kimi millət vəkillərinin təkliflərinə diqqətlə yanaşasınız. Millət vəkillərinin müraciətlərinə vaxtında reaksiya verməyinizi sizdən və digər hökumət üzvlərindən xahiş edirəm”.
Millət vəkili bildirib ki, çox uzun müddət keçməsinə baxmayaraq, ölkənin qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail olunmayıb: “Ona görə də millət vəkili olaraq xahiş edirəm, vəzifənizin icrasına başlayandan sonra kənd təsərrüfatı, turizm və sənayenin inkişafına ciddi diqqət göstərəsiniz. Digər tərəfdən, hökumətin hesabatı zamanı 350-400 səhifəlik kitab gətirirlər, açığı çox deputat o kitabı axıradək oxumur. 100 səhifəlik ümumi məlumatlar yetərlidir”.
Son olaraq qeyd edək ki, Ə.Əsədov parlament üzvləri qarşısında çıxışında qeyd edib ki, bu gün ölkənin əsas problemi Qarabağın işğaldan azad edilməsidir. Bundan əlavə, baş nazir qeyd edib ki, Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır: “Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.
Qeyd edək ki, müstəqil Azərbaycanın ilk baş naziri Həsən Həsənov olub. O, bu vəzifədə 1 il 2 ay fəaliyyət göstərib. Bundan sonra Nazirlər Kabinetinə 2 ay Feyruz Mustafayev, 9 ay Rəhim Hüseynov, 3 ay Əli Məsimli, 2 ay Pənah Hüseyn, 1 il 4 ay Surət Hüseynov, 1 il 3 ay Fuad Quliyev, 21 il 9 ay Artur Rəsizadə, 1 il 6 ay isə Novruz Məmmədov rəhbərlik edib.
“Yeni Müsavat”