\
Azərbaycanda baş nazir dəyişikliyindən bir ay ötür. Yeni baş nazir Əli Əsədovun bu bir ayda hansı işləri görüb, hansı qərarlara imza atıb?
Ölkə mətbuatını, həmçinin Nazirlər Kabinetinin rəsmi saytını araşdırdıqda məlum oldu ki, Ə.Əsədov təyinatından ötən 2-3 həftəni Nazirlər Kabinetində kadr dəyişikliklərinə həsr edib. Necə deyərlər, öz komandasını formalaşdırmaqla məşğul olub.
Belə ki, oktyabrın 23-də Ə.Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov işdən çıxarılıb. Bundan başqa, digər sərəncamla dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar baş nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifələrindən azad ediliblər.
Eyni gündə Ələsgər Ələsgərov baş nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib.
Oktyabrın 24-də isə Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov, Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev tutduqları vəzifələrdən azad olunublar.
Baş nazir kimi Ə.Əsədov ilk görüşünü təyinatından bir gün sonra- oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə keçirib. Görüşdən sonra isə Azərbaycanın baş naziri adından Giorgi Qaxariyanın şərəfinə şam yeməyi verilib.
Ə.Əsədovun baş nazir kimi ilk xarici səfəri Moskvaya reallaşıb. O, oktyabrın 25-də Moskvada keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında Azərbaycanı təmsil edib. “Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.
Səfər çərçivəsində oktyabrın 26-da Azərbaycanın baş naziri Rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşüb. Görüşdə Azərbaycan ilə Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Baş nazir Dmitri Medvedyev Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi həcminin 25 faiz artdığını diqqətə çatdırıb.
Qeyd edib ki, bu, digər MDB ölkələri ilə Rusiya arasında iqtisadi əməkdaşlığın ən yaxşı göstəricisidir.
Azərbaycanın baş naziri Əli Əsədov görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
Ölkə daxilində ilk səfərini isə yeni baş nazir Şamaxı rayonuna reallaşdırıb. Belə ki, o, bir neçə naziri də başına yığaraq Prezident İlham Əliyevin haqqında bəhs etdiyi Şamaxı şəhər 2 saylı tam orta məktəbinə gedib. Qəzalı vəziyyətdə olan məktəblə onunla birlikdə gedən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Ceyhun Bayramov, maliyyə naziri Samir Şərifov və Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev də tanış olublar. Onların getdiyi gündən məktəbdə təmir-bərpa işlərinə başlanıb.
Baş nazirin qəbullarına gəlincə, Gürcüstanlı həmkarından sonra Ə.Əsədov noyabrın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə, noyabrın 6-da Bolqarıstanın əmək və sosial siyasət naziri Biser Petkovla, noyabrın 7-də Litva Seyminin sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nəhayət, Ə.Əsədovun baş nazir kimi sərəncam və qərarlara oktyabrın 31-dən imza atmağa başlayıb. İlk sərəncam “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 844 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" olub. Ümumilikdə həmin gün yeni baş nazir 5 sərəncam imzalayıb.
Ə.Əsədovun imzaladığı qərarların sayı isə 7-dir. Bunlardan biri keçmiş baş nazir Novruz Məmmədovun imzaladığı qərarda dəyişikliyi nəzərdə tutur. Belə ki, noyabrın 7-də Ə.Əsədov “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə" 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında" Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarında dəyişiklik edib. Qərarla “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda “Geofizika mühəndisliyi” ixtisasının adı dəyişdirilərək “Geologiya və geofizika mühəndisliyi” adı ilə əvəzlənib. Qeyd edək ki, dəyişiklik olunan qərarı bu il fevralın 11-də həmin vaxt baş nazir olan Novruz Məmmədov təsdiqləmişdi.
Prezident İlham Əliyev 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasdakı çıxışında ölkədə islahatlarının aparılmasın zəruri olduğunu, bununla bağlı Ə.Əsədova tapşırıqlar verdiyini qeyd edib: “Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları, müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.
Ə.Əsədovun təyinatı Azərbaycandan kənarda - Rusiyada da təqdirlə qarşılanıb. Ötən müddət ərzində bir sıra Rusiya dövlət və ictimai şəxsləri Ə.Əsədovun Azərbaycanda islahatların həyata keçirilməsinə müsbət töhfə verəcəyini qeyd ediblər...
“Yeni Müsavat”