Axtarış...

BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır



“Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz səsləndirib.

O deyib ki, bu gün biz mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasətinə əsaslanan strategiyanın möhtəşəm nəticələrinin şahidiyik. “Əsrin müqaviləsi”nin ölkədə misli görünməmiş bir iqtisadi inkişafa yol açması və Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır.

“Bu illər ərzində 3,6 milyard barreldən çox neft hasil edilib, 44 milyard kubmetr səmt qazı Azərbaycana çatdırılıb, 3,3 milyard barrel neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib, 4300 tankerə yüklənib və dünya bazarlarına göndərilib, 36 milyard ABŞ dolları həcmində kapital investisiya qoyulub, 84 milyon ABŞ dolları həcmində vəsait davamlı inkişaf layihələrinə xərclənib. Bütün bunlar müstəsna nailiyyətlərdir və biz hamımız bununla qürur duymalıyıq”, - deyə Q.Counz bildirib.

BP-nin regional prezidenti əlavə edib ki, AÇG üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycanda AÇG tərəfdaşlarının investisiyaları üçün hüquqi sabitlik və etibarlı müdafiə təmin edən nadir birgə iş mexanizmi formalaşdırıb. Bütün tərəflərin, xüsusilə də Azərbaycan hökumətinin, göstərdiyi etimad və sarsılmaz inam olmasaydı, bu uğurlar, çətin ki, mümkün olardı. Məhz həmin inam və əməkdaşlıq ruhu bizdə AÇG-nin nailiyyətlərini əl-ələ verərək birlikdə qazanmağa imkan yaradıb. Ötən 25 il ərzində bizim Azərbaycan hökuməti və SOCAR ilə tərəfdaşlığımız yüksək səviyyədə olub: “AÇG-nin 25 illik tarixi möhtəşəm olub və biz inanırıq ki, onun gələcəyi də eyni dərəcədə uğurlu olacaq. İki il bundan əvvəl məhz bu ayda imzalanıb, “Yeni əsrin müqaviləsi” adlandırılan, müddəti uzadılmış AÇG üzrə hasilatın pay bölgüsü sazişi eyni uğurlu gələcək üçün güclü zəmin yaradır. Növbəti 30 il ərzində biz yeni sərmayələr yatırmaqla, yeni texnologiyalar tətbiq etməklə və hasilatın artırılması istiqamətində yeni birgə səylər göstərməklə AÇG-nin uzunmüddətli işlənmə potensialının reallaşdırılması üçün birgə işimizi davam etdirəcəyik”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz