Ötən həftə YAP icra katibinin müavini Siyavuş Novruzovun eks-nazirlər barədə verdiyi sensasiyalı açıqlama gündəmdən düşmək bilmir. “Qafqazinfo” xəbər verir ki, YAP-çı deputat açıqlamasında konkret ad çəkməsə də, sabiq nazirləri xaricdə iqtidara qarşı mübarizə aparanları maliyyələşdirməkdə, milyardlar qazanmaqda, mövcud hakimiyyətin mövqeyini müdafiə etməməkdə günahlandırıb. Sabiq nazirlərlə bağlı sözügedən faktların masasının üstündə olduğunu vurğulayıb.
S. Novruzov həmçinin vəzifədən azad edilən bəzi nazirlərin törətdiyi əməllərə, yol verdikləri qanunsuzluqlara görə hakim komandanın hədəfdə olduğunu da diqqətə çatdırıb: “Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər".
“Qafqazinfo” bu məqamda son altı ildə nazir vəzifəsindən azad edilən şəxslərin hazırki fəaliyyətini araşdırıb.
2013- cü ildə 18 illik Müdafiə naziri vəzifəsindən azad edilən Səfər Əbiyev gözlərdən uzaq yaşayır. Uzun müddət onun qohumları ilə belə əlaqə saxlamadığı, hətta xaricdə yaşadığı barədə məlumatlar da var idi. O, son olaraq cari ilin martında üzv olduğu "Dədə Qorqud" Milli Fondunun mükafatlandırma mərasimində iştirak edib.
Həmin il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov da vəzifəsindən azad edilib. O, nazir kimi 7 il fəaliyyət göstərib. 2013-cü ildə İsmayıllıda baş verən xalq etirazlarına görə, postundan kənarlaşdırıldığı bildirilirdi.
Keçmiş nazirin hazırda böyük biznes holdinqə rəhbərlik etdiyi vurğulanır.
Bu yaxınlarda isə ABŞ-ın dünyaca tanınan “Massey Ferguson” şirkətinin Azərbaycanda təmsilçiliyini açan F. Ələkbərov mayın 15-də Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olan zaman şirkətin məhsulları ilə bağlı ölkə başçısına təqdimat da edib.
Misir Mərdanov da 2013- cü ildə nazir postundan azad edilən şəxslər sırasındadır. O, 15 il nazir vəzifəsində çalışıb. Sabiq nazir vəzifəsindən azad edildikdən sonra elmi fəaliyyətlə məşğul olub. Hazırda AMEA-nın Riyaziyyat İnstitutunun direktorudur. M. Mərdanov həmçinin Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvüdür. Onu hakim partiyanın keçirdiyi tədbirlərdə görmək mümkündür.
M. Mərdanovu Mikayıl Cabbarov əvəzləmişdi.
2015- ci ildə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov vəzifəsindən azad edilib. O, işdən azad edildikdən sonra 2016- cı ildə barəsində Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Nazirin işinin nazirliyin digər məsuliyyətə cəlb edilən məmurlarının işindən ayrı icraata götürüldüyü məlum olub.
Hazırda Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri vəzifəsində çalışır.
2017- ci ildə Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilən Eldar Mahmudov da qeybə çəkilən nazirlərdəndir. Sabiq nazir vəzifəsindən azad edildikdən sonra bir neçə MTN generalı cinayət məsuliyyətinə cəlb edilib. E. Mahmudovun da həbs ediləcəyi gözlənilsə də, o, bu illər ərzində iki dəfə qardaşı oğlu Vüqar Mahmudovla bağlı işdə məhkəmədə ifadə verib. Sabiq nazirin özünün böyük biznesə malik olduğu haqqında mətbuatda dəfələrlə yazılar dərc olunub.
Eks-nəqliyyat naziri Ziya Məmmədov da 2017-ci ildə vəzifəsindən azad edilən məmurlardandır. O, rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra işindən olub. Sabiq nazirin də adı daima oliqarx məmurlar sırasında çəkilib. Zamanında böyük holdinqlərə sahib olan Məmmədov bu gün də biznesiylə məşğuldur.
Bu arada qeyd edək ki, sabiq nazirin son müsahibəsi də geniş müzakirələrə səbəb olmuşdu. O, ibadətlə məşğul olduğunu belə açıqlamışdı: "Mən yaranandan, ağlım kəsəndən Allahı tanıyıram, Allaha bəndəlik edirəm, Onu sevirəm, əməli-saleh olmağa çalışıram. İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm".
Ziya Məmmədovun qudası, keçmiş Kənd təsərrüfatı naziri Heydər Əsədov da 2017- ci ildə işdən azad edilib. O, hazırda Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində çalışır.
Sabiq Vergilər naziri Fazil Məmmədov 17 illik postundan 2017-ci ildə çıxarılıb. Hazırda Güləş Federasiyasının prezidentidir. Bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar gündəmə gəlmişdi. Sabiq nazirin biznesini mətbuatda “topdağıtmaz” biznes kimi qələmə verirlər.
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 2018- ci ildə işini itirən nazirlərdəndir. Hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdir i vəzifəsində çalışır. Bir müddət o, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri vəzifəsində də çalışıb. Hesablama Palatasının 2017- ci ildə Fondda audit aparması nəticəsində burada külli miqdarda yeyinti hallarının baş verdiyi aşkar olunmuşdu. Belə ki, auditdə vəfat etmiş 181 şəxsə pensiya təyin olunduğu qeyd edilirdi.
Məhz bu kimi faktlara görə, sabiq nazirin cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilsə də, bu hal baş verməyib.
Azərbaycanın ilk Ekologiya və Təbii Sərvətlər naziri olan Hüseynqulu Bağırov da 17 illik vəzifəsindən 2018-ci ildə azad edilib. H. Bağırov hazırda Qərb universitetinin rektorudur. Sabiq nazirin də biznesə sahib olduğu bildirilir.
Ölkənin ən qalmaqallı və vəzifəsindən çıxarılan kimi həbs edilən naziri isə Əli İnsanovdur. O, 2005- ci ildə hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 14 il həbsdə yatıb. Keçmiş nazir bu il mart ayında həbsdən azad edilib. Həbsdə olduğu və hazırki müddətdə mövcud hakimiyyətin əleyhinə çıxışlar edib. Hazırda onun siyasi təşkilat yaratmaq iddiasında olduğu bildirilir.
Cari ildə bir neçə nazir rotasiya qaydasında işdən çıxarılaraq başqa vəzifəyə təyin olunub. Belə ki Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilmiş Mədət Quliyev bu il Müdafiə sənayesi naziri təyin olunub. Uzun illlər Daxili işlər naziri işləmiş Ramil Usubov isə Prezident yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.