“İlyarımdır ki, hasarlarımızı dağıdıb, şəxsi həyətyanı sahəmizi zəbt ediblər. Qazıntı, tikinti işləri aparırbar. Deyirlər, burda rəssamlıq məktəbi tikirik”. DİA.AZ-ın məlumatına görə, Şəmkir rayon sakini Leyla Cəfərova danışır ki, rayonun icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov onlara məxsus olan yaşadıqları evin həyətyanı sahəsini başqasına verib. Onun sözlərinə görə, ilyarım əvvəl Rəssamlar İttifaqının üzvü Fərman Hüseynov yerli icra hakimiyyətinin işçiləriylə yaşadıqları ünvana – Səməd Vurğun küçəsi 194-ə gəlib. Bildirib ki, onlara məxsus həyətyanı sahə rəssamlıq məktəbi üçün ayrılıb. Leyla Cəfərovanın sözlərinə görə, onlara bu barədə nə rəsmi bildiriş gəlib, nə də kompensasiya ödənilib.
Söhbət ondan gedir ki, bir müddət əvvəl Rəssamlar İttifaqının üzvü, Şəmkirdə yaşayan rəssam-heykəltəraş Fərman Hüseynov şəxsi rəssamlıq emalatxanasının və Alman Mədəniyyət Muzeyinin yaradılması üçün icra başçısına ərizə ilə müraciət edib. İcra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, başçı da rəssamın müraciəti əsasında Səməd Vurğun küçəsində qeyd olunan ünvanda alman zirzəmisi olmasını nəzərə alaraq, 180 kvadratmetrlik boş, istifadəsdiz torpaq sahəsini bu məqsəd üçün ayırıb, tikinti işlərini də rəssama tapşırıb. Ancaq Cəfərovlar ailəsi iddia edir ki, sərəncamda qeyd olunan ünvan əslində başqa ərazidə yerləşir. Faktiki hasarları dağıdılmış və söküntü işləri aparılmış həyətyanı sahə isə 50 ildən çoxdur ki, onların istifadəsindədir. Ailə üzvü Leyla Cəfərova danışır:
“Heç bir sənəd təqdim etmədən, bizimlə razılaşdırmadan, kompensasiya ödəmədən şəxsi mülkümüzü viran qoyublar. Ötən ilin mayında isə işi dayandırıb, gediblər. Bircə onu deyirlər ki, Fərman Hüseynov başçıya rəssamlıq məktəbi tikilməsi üçün bizim ərazidən yer ayrılmasını xahiş edib, başçı da sərəncam verib. Mən sərəncama baxmışam, orda göstərilən ünvan bizim ünvanla üst-üstə düşmür”.
Leyla Cəfərova iddia edir ki, Fərman Hüseynov rəssamlıq məktəbi adı altında zəbt etdiyi əraziləri bir müddətdən sonra öz adına rəsmiləşdirir və istifadə edir. Cəfərovlar ailəsi ilyarım ərzində müxtəlif qurumlara müraciət edib, ancaq heç bir müsbət cavab almayıb. Əksinə, hər dəfə müraciətlərindən sonra ailə üzvləri rayon polis şöbəsi tərəfindən təzyiqlərə məruz qalır. Leyla xanım sözünə davam edir:
“Dəfələrlə polis şöbəsinə aparılmışıq, şöbədə tələb olunub ki, razılığa gələk və heç yerə şikayət etməyək. Yəni istədikləri odur ki, ailəmiz 50 ildən artıq yaşadığı mülkün bir hissəsindən – həyətyanı sahədən könüllü imtina etsin. Hədələyirlər ki, şikayətçi olsaq, hələ bu harasıdır, bizi mülkümüzün qalan hissəsindən – mənzildən də məhrum edəcəklər və sair. Fərman Hüseynov və icra hakimiyyətinin Şəmkir şəhər icra nümayəndəsi Elşən Quliyev bu məsələdə prezidentin adından istifadə edir. Ağzımızı açan kimi deyirlər, sən prezidentin göstərişinə qarşı çıxırsan? Bizsə inanmırıq ki, prezident vətəndaşın şəxsi, qanuni mülkünü dağıdıb yerində məktəb tikilməsinə göstəriş verə...”
Leyla xanımın sözlərinə görə, yerli icra hakimiyyətinin nümayəndələri və Fərman Hüseynov ona məktəbin binası tikildikdən sonra prezidentin açılışa gələcəyini bildirirlər:
“Halbuki, araşdırmışıq, nə prezidentin belə göstərişi, nə də Mədəniyyət Nazirliyinin bu işlərdən xəbəri var. Bir rayonun icra başçısıyla bir rəssam rayonda rəssamlıq məktəbinin tikintisi ilə bağlı ikilikdə qərar veriblər. Məktəbi dövlət tikirsə, bunun smeta sənədi, aidiyyəti üzrə nazirliyin sifarişi olmalıdır. Bu, necə dövlət tərəfindən tikilən binadır ki, məhəllənin o başındakı 3-4 nəfəri qara fəhlə kimi işlədirdilər. Dövlətin gördüyü iş belə olmur axı... Nəinki mənim həyətimdə, heç rayon ərazisində rəssamlıq məktəbinin tikintisi ilə bağlı başçının sərəncamından başqa Bakıdan rəsmi heç bir qərar, göstəriş yoxdur”.
Leyla xanımın sözlərinə görə, həyətyanı sahənin dağıdılması ailə üzvlərinin normal yaşayışını da pozub:
“Həyətimizin bar verən 12 ağacını kəsib atıblar. İki hinimizi ləğv ediblər. Hasarı uçurublar deyə, axşamlar küçə itləri həyətimizə doluşur, evdən çölə çıxa bilmirik. Həyətdə daş-qalaqdan addım atmaq mümkün deyil. Uşaqlar həyətə çıxan kimi daşlara ilişib yıxılır, əzilirlər. Həyətdə qazılmış dərin zirzəmi quyusu hər an faciəyə səbəb ola bilər. Uşaqları şəxsi həyətimizə buraxa bilmirik”.
Dia.az