Bu ay FED 10 il ərzində ilk dəfə baza faiz dərəcəsini aşağı saldı.
Belə ki, baza faiz dərəcəsi 25 bənd azaldılaraq, illik 2-2,25% səviyyəsinə endirilib. FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb.
Maraqlıdır, görəsən FED-in qərarı manatın kursuna hansısa formada təsir edə bilərmi?
İqtisadçı İlham Əzizov Redaktor.az-a açıqlamasında bildirib ki, FED-in uçot dərəcəsinin azaldılması hazırda manata heç bir təsir göstərmir. Milli valyutamız üçün əsas problem manatın daha çox möhkəmlənməsi ola bilər:
“FED-in qərarı əsasən ABŞ, Avropa və Çinə daha çox təsir edəcək. Azərbaycan bu sistemin içində deyil. Manatın kursuna təsir edən ən güclü amil neftin qiymətinin aşağı düşməsidir. Digər səbəb isə qeyri-neft məhsulları üzrə partnyorluq etdiyimiz ölkələrin milli valyutalarının vəziyyətidir. Xüsusən də Rusiya, Türkiyə və müəyyən qədər Gürcüstanın milli valyutası manatın kursuna birbaşa təsir edir. Hazırda Azərbaycan manatı stabildir və revalvasiya təsirləri var”.
İtqisadçıya görə, hazırkı şəraitdə Mərkəzi Bankın əsas məqsədi manatın ucuzlaşması deyil, milli valyutamızın daha da möhkəmlənməsinin qarşısını almaqdır:
“Mövcud vəziyyətdə manatın kursu dollara nisbətən möhkəmlənir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə valyuta satışı azalıb. Bu vəziyyətə mövsümün təsiri ilə yanaşı, neftin proqnozlaşdırılmış qiymətdən bir qədər artıq olması səbəb olub. Hazırkı stabil vəziyyət və inflyasiyanın həddi iqtisadi inkişafa şərait yaradır. Buna görə də manatın daha da möhkəmlənməsinə yol vermək olmaz. Manatın daha çox möhkəmlənməsi iqtisadiyyata ciddi ziyandır. Çünki manatın daha da möhkəmlənməsi ixrac potensialımızın genişlənməsinə təsir edir. Yəni, bu gün əsas qorxumuz manatın dəyərdən düşməsi deyil, daha çox möhkəmlənməsidir”.
Qeyd edək ki, FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib.