Ağcabədi rayon sakini Nərgiz Nazim qızı Rüstəmova rəsmi nikaha daxil olmadan yaşadığı Ağdam rayon sakini Əli Adil oğlu Baxşalıyevin avtomobilində qəza keçirdikdən sonra sonuncu tərəfindən tərk edilib və aldadılıb.
Məsələ ilə bağlı Axar.az-a müraciət edən Nərgiz Rüstəmova bildirib ki, Əli Baxşalıyev evli olduğu halda onu 21 yaşında qaçırdıb.
“21 yaşım olanda Əli məni qaçırtdı. Həmin vaxt onun evli olmasından xəbərsiz idim və bunu bir müddət sonra öyrəndim. Mənimlə olduğu müddətdə Əli Baxşalıyevin o xanımdan boşanması üçün məhkəmə prosesi gedirdi. Birinci həyat yoldaşı ilə tam boşanmamışdı deyə, biz rəsmi nikaha daxil ola bilmədik. Qayınanam da istəmirdi ki, biz münasibətimizi rəsmiləşdirək. Evliliyimizin 3-cü ayında, yəni 2016-cı il iyunun 2-də Ağdamdan Bakıya qayıdan zaman Hacıqabul rayonu ərazisində yüksək sürət səbəbindən qəzaya düşdük. Əslində, onun sürücülük vəsiqəsi yox idi və həmin avtomobil qayınanamın adına idi. Qəzadan sonra Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilmişdim. Ağır xəsarət aldığım üçün məni Bakıya, Kliniki Tibbi Mərkəzə gətirdilər. Qayınatam mənim əməliyyatım üçün ailəmdən 5 min manat istəyib. Atamın maddi durumu yaxşı olmadığından o, borc alaraq əməliyyatım üçün lazım olan pulu qayınatama göndərib. Lakin sonradan məlum oldu ki, onlar əməliyyat üçün üz-çənə cərrahı həkim Elnur Abdullayevə cəmi 2500 manat ödəyiblər. Xəstəxanadan çıxdıqdan sonra Əli Baxşalıyev məni bəyənmədiyini dedi və qəbul etmədi. O gündən bəri nə müalicə almağım üçün maddi yardım edib, nə də səhhətimlə maraqlanıb. Hətta mən ailə quran zaman ailəm tərəfindən mənə hədiyyə verilən qızıllarımı belə qaytarmadılar. Mən onların aldığı qızılları deyil, ailəmin aldığı qızılları istəyirəm”, - Nərgiz Rüstəmova bildirib.
N.Rüstəmova deyib ki, bununla bağlı Baş prokuror Zakir Qaralova və Hacıqabul, Ağdam rayon məhkəmələrinə müraciət etsə də, rəsmi nikahları olmadığı üçün onun şikayət ərizəsinə baxılmayıb:
“Mən əmək qabiliyyətimi itirmişəm. Buna görə də pensiyaya çıxarılmağım və növbəti əməliyyat xərclərimin qarşılanması, qızıllarımın qaytarılması üçün bir sözlə, mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün Zakir Qaralova müraciət etdim. O, müraciətimə baxdıqdan sonra işim Hacıqabul Rayon Məhkəməsinə göndərildi. Burada mənə bildirdilər ki, sığorta müraciətimə müsbət cavab veriləcək və tələblərim qarşılanacaq. İki həftədən sonra isə mənə məktub gəldi ki, işim Ağdam Rayon Məhkəməsinə verilməlidir. Buna görə də yenidən Ağdam məhkəməsinə müraciət etdim. Lakin oradan da bildirdilər ki, rəsmi nikahım olmadığı üçün şikayətimə baxılmayacaq. Artıq çıxış yolum olmadığı üçün Prezidentə müraciət etmişəm. Ümid edirəm, müraciətim cavabsız qalmayacaq. 3 ildir ki, xəstəxanalara külli miqdarda xərcimiz çıxıb. Üzümdəki, bədənimdəki çapıqlar qəza nəticəsində əmələ gəlib və gözlərimdə problem yaranıb. Keçmiş həyat yoldaşım iddia edib ki, gözümdəki problem qəzada xəsarət almağımla bağlı deyil, amma Hacıqabul məhkəməsində ekspertizadan keçəndə səhhətimdəki problemlərin qəza nəticəsində olduğu təsdiqləndi. Qolum sınıb, çənəm plastikdir. Çörək belə yeyə bilmirəm. Onlar məhkəməyə ödəniş edib, öz xeyirlərinə qərar qəbul etdirdilər. Mənim ailəmin maddi durumu aşağıdır. Həkim gözümə uyğun eynək yazıb, amma almağa pulum yoxdur. Hazırda çox çarəsiz vəziyyətdəyəm”.
Məsələ ilə bağlı danışan hüquqşünas Könül Quliyeva bildirib ki, Nərgiz Rüstəmovanın rəsmi nikahı olmadığı üçün qarşı tərəfdən hər hansı tələb irəli sürməsinin müsbət nəticəsi olmayacaq:
“Ailə Məcəlləsinə görə, əmək qabiliyyətini itirmiş ər-arvadın bir-birindən aliment tələb etmək hüququ var. Ancaq xanımla adıçəkilən şəxsin ər-arvad münasibətləri rəsmi xarakter daşımadığı üçün xanımın hər hansı bir tələb irəli sürməsinin heç bir perspektivi yoxdur. Faktiki nikah münasibətləri yalnız o halda hüquqi öhdəliklər yaradır ki, onu məhkəmə qaydasında tanıtmış olsunlar”.
Nərgiz Nazim qızı Rüstəmovaya qəza nəticəsində aldığı ağır xəsarətlərə görə pensiya düşüb-düşməməsi ilə bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, N.Rüstəmovanın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün o, ilk növbədə səhiyyə müəssisəsinə müraciət etməli və səhiyyə müəssisəsi tərəfindən onunla bağlı diaqnozun əks olunduğu göndəriş (forma 88) əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemə daxil edilməlidir:
“Bundan sonra göndərişdəki fərdi məlumatlar adsızlaşdırılacaq, yalnız diaqnoz üzrə məlumatlar əsasında və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” uyğun olaraq, N.Rüstəmovaya əlillik təyin olunub-olunmamasına dair qərar qəbul ediləcək, özünə də bu barədə məlumat veriləcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov isə bildirib ki, Nərgiz Rüstəmova onlara müraciət edərsə, hüquqlarının bərpa edilməsi üçün lazımi köməklik komitə tərəfindən göstəriləcək.