Biznesmenin oğurlanmasında ittiham olunan İradə Rüstəmova Azərbaycandan ekstradisiya edilib və Qazaxıstanın paytaxtı Astanada həbsxanada saxlanılır.
Millitv.az oxu.az-a istinadla xəbər verir ki, Rüstəmova qarşı bir qrup şəxslə əlbir olub, insan oğurluğunda, eləcə də, bir qrup şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur.
2017-ci ildə bir müddət Qazaxıstanda yaşayan Taner Aydın və onun həyat yoldaşı İradə Rüstəmova Astanada yaşayan türkiyəli biznesmen Dolqun Tepebaşı oğurlamaq qərarına gəliblər. Onlar istəklərini reallaşdırmaq üçün Elnur Rüstəmov, Baqdan Maqamadov və Bislan Dakayevə müraciət edib. Cütlük bildirib ki, Tepebaş onlara 300 min dollar borcludur. Həmçinin, Vaqif Cəlaliyevi və Zemfira Fərhadovanı da bu işə cəlb ediblər.
Zemfira biznesmenlə "Uzbeçka" kafesində iki dəfə görüşüb və 2017-ci ilin noyabrında onu evinə gətirib. Bu vaxt dəstə üzvləri Tepebaşı döyüb və "Volkswagen Touareg" avtomobilində onu Almatı vilayətinə aparıblar.
Aydın Tepebaşın Türkiyədə yaşayan qardaşından 1 milyon dollar tələb edib. Dəstənin digər üzvlərinin isə bundan xəbəri olmayıb, onlar borc götürülmüş 300 min dolları qaytarmağı tələb ediblər.
Cinayəti törətməkdə əsas şübhəli Taner Aydın barəsində axtarış elan edilib.
Dolqun Tepebaş "Kaztur Texnik" şirkətinin baş direktorudur.
İyulun 30-da İradə Rüstəmova Azərbaycandan Qazaxıstana ekstradisiya edilib.