Kənd Təsərrüfatı Nazirliyi “ESTET” MMC ilə 3 müqavilə bağlayıb. Müqavilələrin cəmi məbləği 3 milyon 795 min manatdır. Bu barədə “Marja” xəbər verir.
27 İyun 2019-cu il tarixində bağlanmış müqavilələrə əsasən Kənd Təsərrüfatı Nazirliyi laboratoriya avadanlıqları satın alır.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqlarının satınalınmasına 948 min 815 manat, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqlarının satınalınmasına 848 min 980 manat, Azərbaycan Dövlət Aqrar Universiteti üçün laboratoriya avadanlıqlarının satınalınmasına 1 milyon 997 min manat xərclənir.
İlk baxışdan bu məlumatda qeyri-adi bir şey yoxdur. Təbii ki, bu satınalma ilə bağlı rəqəmlərin şişirdildiyinə dair də hər hansı konkret, rəsmi fakt olmadığından, bir şey söyləmək olmur. Ancaq kiçik araşdırmamız göstərir ki, nazirliyin 4 milyon manatlıq müqavilə bağladığı şirkət əsas etibarilə elektrik avadanlıqlarının satışı və quraşdırılması üzrə ixtisaslaşıb.
Şirkətin “facebook” səhifəsində belə də yazılır: “Şirkətimiz 1997-ci ildən bəri Azərbaycanda inşaat firmalarını, inteqratorları və digər firmaları orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin edir…” Şirkətin məqsədləri bölməsində isə göstərilir: “Məqsədimiz, Azərbaycanda struktur kabelləşdirmə və sonlandırma bazarındakı yüksək mövqeyimizi qorumaqdır… Şirkət 50-dən çox profesyonalı (Elə bu cür də yazılıb-red.) özündə cəmləyən böyük komandaya malikdir…”
Maraqlıdır ki, elektrik avadanlıqları və kabelləşdirmə üzrə ixtisaslaşan bir şirkət baytarlıq, bitkiçilik və sair tipli laboratoriyaları necə və nə ilə təmin edir? Axı hər halda bu laboratoriyaların təkcə elektrikləşdirilməsinə, yaxud kabelləşdirilməsinə 4 milyon manat xərclənə bilməz.
Heç nəyə eyham vurmadan, sadəcə belə nəticə çıxarmaq olar ki, deməli, ya bu şirkət birdən-birə profilini dəyişib, ya da bizim bilmədiyimiz şeylər var…(azpolitika)