Axtarış...

Balakəndə bir gün – Şəhidlərimizin ruhuna hörmətsizlik, baxımsızlıqdan dağılmış Heydər Əliyev parkı, oliqarxa çevrilən bələdiyyə sədri Cavanşir Piriyev – FOTOFAKT



Millitv.az Adekvat.az-a istinadən xəbər verirki Balakən rayonu respublikamızın dilbər guşələrindən biri olsa da, məmur kontingentinin məsuliyyətsizliyi və acgözlüyü sayəsində burada acınacaqlı vəziyyət hökm sürür. Məmurlar rayonu talamaq üçün sanki yarışa giriblər. Balakənin maddi sərvətlərini “soymaqla” kifayətlənməyən vəzifəlilər onun maddi-mənəvi irsinə də qənim kəsiliblər. Balakəndə olduğumuz 1 gün ərzində vətəndaşlarla etdiyimiz söhbətlər nəticəsində rastlaşdığımız mənzərə dəhşətli olsa da, reallıqdır. Ilk olaraq, rayon mərkəzində şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin baxımsız vəziyyətdə olması diqqətimizi cəlb etdi.
Balakəndə bir gün – Şəhidlərimizin ruhuna hörmətsizlik, baxımsızlıqdan dağılmış Heydər Əliyev parkı, oliqarxa çevrilən bələdiyyə sədri Cavanşir Piriyev – FOTOFAKT
Təqdim etdiyimiz fotoşəkildən aydın olur ki, abidənin üzərinə həkk olunmuş sözlərdəki hərflərin yerə tökülməsi nəticəsində “şəhidlər” sözü biabırçı anlama gəlib. Təsəvvür edin ki, bütün vəzifəli şəxslərin gözləri önündə iri hərflərlə qeyd olunmuş abidədə mövcud olan çatışmazlığı heç kim görmək istəmir və yaxud görmür. Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva şəhid ailələrinə daim diqqət göstərdiyi halda, Balakəndə icra başçısı İslam Rzayev başda olmaqla, şəhidlərimizin ruhuna təhqir sayılacaq mənzərəni görmək istəmirlər. Rayonda hər addımda büdcə vəsaitlərinin talanmasına işarə olan hallarla rastlaşmaq mümkündür. Məsələn, Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda keyfiyyətsiz həyata keçirilən təmir işləri “öz bəhrəsini” verməkdədir. Belə ki, parkın hər tərəfində müxtəlif yerlərə döşənmiş daş pilətələr dağılaraq, xoşagəlməz mənzərə yaradıb.

Bütün bunlar isə, parka istirahət etməyə gələn vətəndaşların gözləri qarşısında baş verir. Məsələ ilə bağlı Balakən RİH başçısının birinci müavini Azad Balayevlə əlaqə saxladıq. Sualımızı dinləyən Azad müəllim yalnız bir cümlə deməklə kifayətləndi: “Bütün məsələlər diqqət mərkəzindədir”. Şəhidlərin xatirəsinə ucaldılmış abidənin və Heydər Əliyev parkının acınacaqlı durumda olmasına isə susmaqla cavab verdi. Rayon sakinləri ilə etdiyimiz söhbətlər zamanı aydın oldu ki, məmur özbaşınalığı sərhəd tanımır. Katex bələdiyyəsinin sədri Cavanşir Piriyevin barəsində eşitdiklərimiz isə bir daha sübut etdi ki, dövlətin üst qurumları Balakən rayonuna əməlli başlı “əl gəzdirməlidir”. Cavanşir Piriyevin fəaliyyətindən narazı qalan sakinlər bildirdilər ki, bələdiyyə sədri ancaq torpaq satmaqla və özünə var-dövlət toplamaqla məşğuldur. Hektarlarla torpaqları yaxın qohumlarının adına su qiymətinə sənədləşdirərək, sonradan həmin əraziləri baha qiymətlərə satan (sotu 1000-1500 manat –red:) Cavanşir Piriyev qısa müddətdə “Nərmin” şadlıq evi, “Sahil” istirahət mərkəzi, “Katex” restoranı kimi dəyəri milyonlarla ölçülən obyektlərə sahib olub. Balakənin bahalı ərazilərində yerləşən torpaq sahələri Cavanşir Piriyevin vasitəsilə yerli məmurlara satılıb, sadə və kasıb camaat isə torpaq üzünə həsrət qalıb. Son dövrlər məmur övladlarının dəbdəbəli həyat tərzi cəmiyyətdə qıcıq yaratsa da, bələdiyyə sədri öz oğluna bahalı villa inşa etdirməklə ictimai rəyə əhəmiyyət vermədiyini nümayiş etdirir. Apardığımız qısa araşdırmalar zamanı məlum oldu ki, Cavanşir Piriyev vaxtilə Bakı-Tibilisi-Qars dəmir yolu layihəsini həyata keçirən “Azəryolservis” ASC-nin Gürcüstan nümayəndəliyinin icraçı direktoru olmuş Qurban Piriyevin qardaşıdır. Bu, həmin Qurban Piriyevdir ki, onun adı Bakı-Tibilisi-Qars dəmir yolu layihəsi reallaşdırılarkən müxtəlif maliyyə maxinasiyalarında və qanunsuz əməllərdə hallanmışdı. Cavid Qurbanovun “qara kassa”larından biri hesab olunan Qurban Piriyev özü haqqında saytlarda yazılan neqativ məlumatları müxtəlif vasitələrlə sildirərək, bu gün də işinə davam etməkdədir. Cavid Qurbanov Qurban Piriyevi Azərbaycan Dəmir Yolları QSC-nin strukturlarına yenidən vəzifəyə təyin edərək, ona olan sədaqətini nümayiş etdirmişdi. Qurban Piriyevlə Cavanşir Piriyevin qanunsuz yollarla əldə etdikləri gəlirlərin ölkə xaricinə daşınmaları barədə məlumatlar isə hüquq-mühafizə orqanlarının araşdırma mövzusu ola bilər. Göründüyü kimi, Balakən rayonunda icra başçısının himayəsinə sığınan bələdiyyə sədri insanları mövcud hakimiyyətdən narazı salmaqda davam edir. Balakənin yeraltı və yerüstü sərvətlərinin, vəhşicəsinə necə talan olunması barədə isə gələn yazılarımızda ətraflı tanış olacaqsınız.

Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Ardı var…
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz