Yubiley həmişə geriyə boylanıb keçdiyin yola nəzər salmaq imkanıdır. Leyla Əliyevanın keçdiyi yol isə heyranlıq hissi doğurur. Bu kövrək qadının ölkəsi üçün gördüyü işlər o qədər çoxdur ki, başqalarının bu işləri görməsinə bəlkə də bir əsr də kifayət etməz. Onun macal tapıb bu qədər işin öhdəsindən gəlməsi, sadəcə, inanılmazdır: Azərbaycanın zəngin mənəvi dünyasını, misilsiz incəsənətini bütün dünyaya tanıdan möhtəşəm humanitar layihələr, irimiqyaslı xeyriyyəçilik fəaliyyəti, ölkənin təbii müxtəlifliyini qoruyub saxlamağa, nəsli kəsilməkdə olan heyvanların mühafizəsinə imkan verən ekoloji layihələr. Leyla xanımın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası dünyanın diqqətini Azərbaycanın sağalmayan yarasına cəlb edib. Həmin kampaniya nəticəsində bu faciə bir sıra ölkələrdə soyqırımı kimi tanınıb. Bütün bu təşəbbüslərin və işlərin beyin mərkəzi və əsas hərəkətverici qüvvəsi isə Leyla Əliyeva olub.
Deyirlər ki, istedadlı insan hər sahədə istedadlıdır. Leyla Əliyeva nümunəsi bunu tam təsdiq edir. O, şair və rəssam ruhlu insandır. Şeirləri və rəsmləri onun fitri istedadından xəbər verir. Gənclərin lideridir, Azərbaycanda müasir nəslin simasını bir çox cəhətdən formalaşdıran liderdir, ölkəsini sonsuz məhəbbətlə sevən və bunu sözdə deyil, konkret işləri ilə sübuta yetirən şəxsiyyət, gözəl övlad və anadır... Bütün bu sözlər yalnız bir insan – Leyla Əliyeva haqqındadır.
AZƏRTAC-ın təqdim etdiyi fotoşəkillərdə Leyla Əliyevanın həyatının, onun çoxşaxəli, sözün əsl mənasında, fədakar fəaliyyətinin ayrı-ayrı məqamları əks olunub.
Leyla xanımı ad günü münasibətilə təbrik edir, ona sevinc dolu günlər arzu edirik!