Bu ilin iyun ayının 4-də Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə (o həm də Milli Bankın sədri Elman Rüstəmovun kürəkənidir) Çexiyanın Maliyyə Nazirliyinə bu ölkədəki “Lipno Investment s.r.o.” şirkətinin yeni maliyyə sənədlərini təqdim edib.
AzToday.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Jurnalist bildirir ki,
şirkətin 31 dekabr 2018-ci il tarixdə aktivləri 46 milyon 689 min çex kronu və ya təxminən 2 milyon 89 min dollar təşkil edib: “Bundan başqa şirkətin qeyri-maddi mal varlığı 45 milyon 577 min krona (təxminən 2 milyon dollar), daşınmaz əmlak varlığı 41 milyon 650 min krona (1 milyon 860 min dollar) çatıb”.
Cavanşir Həsənli qeyd edir ki, “Lipno Investment s.r.o.” 2017-ci ildə Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (Elman Rüstəmovun qızı) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktibləri 34 milyon 399 min kron və ya 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Şirkət Cümə Əhmədzadənin Çexiya Müdafiə Nazirliyindən 2014-cü ilin mayında aldığı və yenidən inşa etdiyi, ümumilikdə 7 milyon dollara başa gələn Hurka hotelini idarə edir. Hotel əsrarəngiz Lipno gölü sahilində yerləşir.
Əhmədzadənin İngiltərədə də böyük biznesi var, bu yaxınlarda isə Türkiyədə daha bir şirkət açıb. (AzToday.az)