Son günlərdə AMEA prezidentinin və AMEA Mənzil komissiyasının, eləcə də keçmiş adı “Evrostroy -S” (Sipark) olan tikinti şirkətinin qanunsuz əməlləri haqqında gedən məqalələrə cavab verən AMEA İşlər İdarəsinin müdir müavini, AMEA Mənzil Komissiyasının katibi (deyilənə görə keçmişi qaranlıq bir insan olan) Sərdar Əliyevin, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin və şirkətin adı çəkilməyən nümayəndəsinin açıqlamalarından da görünür ki, AMEA və şirkət tərəfindən külli miqdarda mənimsəmə faktları olub. Çünki onların dedikləri bir-biri ilə tutmur. Şirkət nümayəndəsi deyir ki, belə müqavilələr olmayıb (ancaq müqavilələrin surəti internet saytlarında verilib), S.Əliyev deyir ki, evlər alınıb və sonradan “qaytarılıb”, F.Abdullayevin dediklərindən belə çıxır ki, sürücüsünün yoldaşının adına ev alınıb, lakin qaytarılmayıb. S.Əliyev bir “siyahı” dərc etdirərək iddia edir ki, guya sakinlər saxta ev almağa cəhd edirlər və s. Əslində isə kimin saxtakar olduğu bütün sənədlər vasitəsilə sübut olunur.
Yataqxana sakinləri üçün mənzillərin tikilməsi və verilməsi yaşadığı mənzilə görə əlində orderi olan və imzaları ilə razılıqlarını vermiş sakinlərin mənzillə təmin olunmasından ibarət idi. Digər tərəfdən, vaxtilə AMEA-da uzun müddət işləmiş sakinlər də, hal-hazırda işləyən yataqxana sakinləri də gənc mütəxəssis kimi AMEA-da işə başlamış və mənzil növbəsinə dayanmışdılar. 90-cı illərdə baş verən məlum hadisələrdən sonra onları evlə təmin etmək mümkün olmadığından 2002-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı əsasında hər bir yataqxana sakini və ailə üzvləri yataqxanaya daimi qeydiyyata alındı, hər kəsə yaşadığı mənzil üçün qanuni order verildi və yaranmış vəziyyətdə AMEA onları mənzillə təmin edə bilmədiyi üçün yataqxanadakı mənzillərin yataqxana sakinlərnə məxsus olduğu AMEA rəhbərliyi tərəfindən bildirildi. 2011-ci ildə AMEA-nın mərhum Prezidenti M.Kərimov Respublika Prezidentinə ünvanladığı müraciətdə “… sakinlərin mənzillə təmin olunmasına və yaxud həmin yataqxananın özəlləşdirilərək orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə verilməsinə köməklik göstərəsiniz.” yazılmışdır. Respublika Prezidenti də humanistlik edərək sakinlərin mənzillə təmin edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə göstəriş verərək birinci yol seçilmişdi. Ancaq AMEA-nın indiki rəhbərliyi Dövlət başçısının bu humanistliyindən sui-istifadə edərək yaratdıqları “AMEA-nın mənzil komissiyasının” əli ilə yataqxanada yaşayan 60-a yaxın ailəni mənzilsiz qoyaraq idarələrin, məhkəmələrin qapılarında sürünməyə məhkum edib, birbaşa dövlətdən narazı salmaqla məşğul oldular.
Sərdar Əliyev yazılarında tikinti şirkəti ilə bağlanmış müqavilədən gətirdiyi bütün sitatlarında müqvilədəki bəndləri təhrif edir, öz istəklərinə uyğun hissəni saxlayır, sərf etməyənləri isə utanıb-çəkinmədən aradan çıxarır. Müqavilənin müvafiq bəndlərinin hamısında açıq-aydın yazılıb ki, mənzillər yataqxanada yaşayan AMEA əməkdaşları və sakinlər üçün tikiləcəkdir. AMEA rəhbərliyi iddia edir ki, guya biz 58 ailə onlara iftira atırıq və qeyri – qanuni yollarla mənzil əldə etmək istəyirik. Ancaq, AMEA rəhbərliyi və əlaltıları çox gözəl bilirlər ki, mənzil almaq hüquqları pozulan yataqxana sakinləri heç bir qanunsuzluğa yol vermədən bu yataqxanaya gəliblər və AMEA məmurlarının mənimsədikləri mənzillər də sakinlərin haqqı olan mənzillərdir. Əgər AMEA rəhbərliyinin iddia etdiyi kimi biz iftiraçıyıqsa, bəs onda yataqxanada yaşamayan, müqaviləyə aidiyyatı olmayan, ancaq mənzil “verilmiş” əməkdaşlardan öz adına mənzili olanlara niyə mənzil verildi? Bəs onlara bu mənzillər hansı yolla, necə verildi(aydın məsələdir kiç deyilənə görə ruşvət əsasında)? Müraciətlərimizə baxmayaraq, mənzilə iddiası olanlar mənzil komissiyasının tərkibində ola bilməz deyib, yataqxana sakinlərindən mənzil komissiyasına daxil etmədilər . Bəs necə oldu ki, mənzil komissiyası üzvlərindən də mənzil alanlar oldu? Hər şey gün kimi aydındır. Gündəmdə olan əsas məsələ, müxtəlif bəhanələrlə maksimum sayda yataqxana sakinini mənzil bölgüsündən kənarda qoyaraq qalan mənzilləri mənimsəmək idi .
Öz saxtakarlığından əl çəkə bilməyən (çünki bu bir vərdişə çevrilib) Sərdar Əliyev təqdim etdiyi, guya bununla yataqxana sakinlərini “rüsvay” etdiyi bildirilən “siyahıda” (cədvəldə) çoxlu sayda təhrifetmələr, həqiqəti əks etdirməyən məlumatlar verilib. Səriştəsizliklə işlənilən kimin hansı vaxtdan, neçə il AMEA-da işlədiyinin göstərilmədiyi, elmi dərəcəsi olanların elmi dərəcələri haqqında məlumatların gizlədildiyi, böyük elmi işçinin elmi işçi kimi verildiyi, əvvəlki bölgüdə mənzil almış, sonradan mənzilləri əllərindən alınaraq yataqxanada yaşamayan başqa şəxslərə verilmiş sakinlərin guya “məsafənin uzaqlığına görə” mənzillərindən imtina etdikləri qeyd edilən, “deyilənə görə” ifadələri ilə dölu olan, məqsədli şəkildə bu cür tərtib olunmuş bu qeyri-rəsmi sənəd sakinləri rüsvay edə bilməz. Rüsvay olan elə bu “sənədi” savadsız tərtib edən Sərdar Əliyevin özü və onu rüsvay vəziyyətinə salmış rəhbərləridir. Əsil rüsvayçılığı biz AMEA rəhbərliyinə təqdim edirik:
Sitat: 27 il özü və həyat yoldaşı AMEA-da işləmiş, yoldaşı ağır xəstə olan, bu səbəbdən ona öz institutunun rəhbəri olan Akif Əlizadə tərəfindən heç bir insani köməklik edilməyən, yataqxananın təqribən 20 kv.m sahəsinə sığınmış, yalnız AMEA-nın 350 manat ətrafında verdiyi maaşla ailəsini çətinliklə də olsa müalicə etdirən, buna maddi imkanı çatmadığına görə 2017-ci ildə (mənzillər bölüşdürülən il) AMEA-dan çıxarıldıqdan sonra başqa yerdə işləməyə məcbur olan yataqxana sakininə mənzil verməməkdir əsil rüsvayçılıq. AMEA prezidenti ağızdolusu hansı insanlıqdan, mənəviyyatdan, danışa bilər?
Belə çıxır ki,yataqxanada yaşamayan, AMEA-da 10 il işləmiş və mənzil almış şəxs 2 ildən sonra AMEA-dan işdən çıxarsa, mənzili əlindən alınacaq? Bu nə qədər absurd fikir olsa da, AMEA rəhbərliyi bütün cəmiyyətin gözünə pərdə çəkərək bizim mənzillərimizi bunu əməkdaşı olmamağımızı səbəb göstərərək mənimsəyibır. Halbuki mənzil almayan onlarla AMEA əməkdaşı olub, elmi dərəcəli yataqxana sakini də mənzilsiz qalmışdır.
Sitat:AMEA-da işləyən, birinci bölgüdə mənzil verilmiş, xəstəxanada xəstə yatdığında xərçəng xəstəliyi ilə vuruşan, ikinci bölgüdə mənzili əlindən alınan sakinin zəng edərək “Mənim evim niyə əlimdən alınıb” sualına birbaşa “Biz elə bildik ki, sən ölmüsən” deyə cavab verən Sərdar Əliyevin hələ hüquqi demirik, hansı mənəvi haqqı vardır?Axı inkşaf etmiş sivil ölkələrdə bu insanlara daha da qayğı ilə yanaşılır.
Keçək digər məsələlərə.
1.Sərdar Əliyevin əlinə qövluq götürüb, quyruq bulayanlarını da yanına alıb küçələrə düşərək kiminsə haqqında məlumat toplamağa hüququ yoxdur. Bunun özü artıq toxunulmazlıq pozuntsudur.
2. Rəsmi sənəd “deyilənə görə” ifadələri ilə doldurulmamalıdır (kimin dediyinə görə, hansı “danosçularınızın” dediyinə görə?).
Onda biz də bunu eşitmişik ki,“deyilənə görə” hal hazırda AMEA İşlər İdarəsinin müdiri vəzifəsində işləyən Fətəli Abdullayev və və onun müavini (deyilənə görə qohumu) Sərdar Əliyev əvvəlki iş yerlərindən
( Dərin Özüllər zavodu) fırıldaqçı əməllərinə, saxtakarlıqlarına görə çıxarılıblar. Hətta Sərdar Əliyevin belə işlərə görə mühakimə olunduğu haqqindada söz-söhbət də gəzir. Onda biz buna hökmən inanmalıyıq? Nə dərəcədə doğru olduğunu həmin müəssənin rəhbərləri və rəsmi qurumlar bilir. Əgər bu deyilənlər həqiqətdirsə, onda bu insanların yenidın mötəbər bir qurum olan AMEA İşlər İdarəsində çalışmaqları nə dərəcədə qanunauyğundur?
AMEA- rəhbərliyinin qanunsuzluqları haqqında bir məqalədə yazmaq mümkün deyildir. Ən azı AMEA–da işləyən minlərlə əməkdaş edilmiş qanunsuzluqlar, saxtakarlıqlar, mənimsəmələr haqqında yaxşı bilirlər. Bu səbəbdən guya “düzgün işlədiklərini” bildirən, heç bir mənimsəmənin olmadığını deyən AMEA rəbərinə, mənzil komissiyasının əsas üzvlərindən olan Fətəli Abdullayevə və onun müavini Sərdar Əliyevə vacib (əslində cavab verə bilmədikləri suallar çoxdur) suallarımız var.
1.Fərz edək ki, sizin dediyiniz kimi, guya “sakinlərin mənzil alma hüquqları yoxdur” (əslində tam qanuni hüquqları var). Deyin görək, tikinti şirkətinin verdiyi layihə sənədlərinə və bağlanmış müqaviləyə görə yataqxana sakinləri üçün tikilmiş və bir mənzili də yataqxana sakinlərinə verilməmiş 128 mənzildən ibarət (onlardan 118-i yataqxana sakinləri üçün nəzərdə tutulub) 1 və 2 blokları AMEA tərəfindən kimlərə satılıb? Buna nə deyirsiniz?
2. Keçmiş rəhbərliyi səriştəsizlikdə günahlandıraraq onların verdikləri qərarları, imzası ilə təsdiq etdiyi sənədləri saxtalaşdıran və ya ləğv edən indiki rəhbərlik bilmirdi ki, bu qədər mənzili gizlədə bilməz?
12 noyabr 2012-ci ildə AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun imzası ilə təsdiq olunmuş mənzil alacaq yataqxana sakinlərinin siyahısı AMEA-nın indiki rəhbərliyi tərəfindən saxta sənəd kimi təqdim olunub.
Sonda bildirək ki, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin “İstismara verilmiş obyektlər” siyahısında yataqxana sakinlərinin köçürüldüyü binanın istismara verilməsi haqqında heç bir məlumat yoxdur. Komitənin saytına daxil olub dəqiqləşdirə bilərsiniz. Deməli həmin binalar qanunla indiyədək istismara verilməyib. Onda AMEA mənzil komissiyasının üzvlərinin ev verilmiş sakinləri tələm-tələsik həmin binaya köçürmələri hansı qanuni əsaslarla edilib və onlara bu qanunsuz əməlləri etməyə kim səlahiyyət verib?
Ardi var… \\elchi.az\\