Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Bakı şəhəri, Şərifzadə küçəsi ev 12 ünvanında AMEA – nın Aspirantlar Yataqxanasının sakinləri tərəfindən
ƏRİZƏ
Cənab Prezident, Yazıb Sizi məlum edirik ki, 22 fevral 2011-ci il tarixdə AMEA-nın mərhum Prezidenti Mahmud Kərimov tərəfindən Aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzillə təmin olunma və yaxud həmin Yataqxananın özəlləşdirilərək sakinlərin mülkiyyətinə verilməsi barədə rəsmi məktubla (01-3/149) Sizə müraciət edilmişdir. Bu müraciətdə həmin yataqxanada yaşayan sakinlərin ərizəsi və siyahısı da olmuşdur.
Cənab Prezident, Sizin qayğınız və tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyətinin 19 dekabr 2012-ci il tarıxli 564 saylı sərəncamı əsasında Aspirantlar yataqxanasının binasının sökülməsi, aspirantlar yataqxanasının sakinlərinin həmin yataqxananın yerində və əvəzində tikiləcək binada mənzillə təmin edilməsi qərara alınmışdır.
AMEA və “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanda yerləşən yataqxananın ərazisində binaların inşa edilməsi qərara alınmışdır.
AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və AMEA-da işləyən, yataqxanada qeydiyyatı olub yaşamayan və AMEA-da işləyən, habelə yataqxanada qeydiyyatı olub yaşayan, lakin AMEA-da işləməyən şəxslər kateqoriyasından olan vətəndaşların yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmamaları araşdırılmışdır. “Evrostroy-S” MMC tərəfindən hazırki vaxta qədər AMEA ümumi sahələrinin cəmi 6342 m2 olan 74 mənzil ayrılmış və qalan mənzillərin isə yaxın vaxtlarda ayrılmasına zəmanət verilmişdir.
Bundan əlavə AMEA-nın prezidentinin Azərbaycan Respublikası Prezidentinə müraciətini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının AMEA-nın prezidentinə göndərdiyi 07 aprel 2014-cü il tarixli 7-1132/17 nömrəli və “Evrostroy-S” MMC-nin direktoruna göndərdiyi 07 aprel 2014-ci il tarıxli
7-1404/17 məktublarında, Bakı şəhəri, Yasamal rayonu,Şərifzadə 12 ünvanda “Evrostroy-S” MMC tərəfindən inşa edilən binalardan BŞİH-ə ayrılması nəzərdə tutulan mənzillərin də AMEA-ya ayrılması bildirilmişdir.
AMEA-nın Rəyasət Heyətinin 16 may 2017-ci il tarixli arayışının (Arayış ərizəyə əlavə edilir) 1-ci bəndində AMEA-da mənzillərin bölüşdürülməsi komissiyasının yaradılması qərara alınır. 2-ci bənddə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 12 ünvanda “Evrostroy-S” MMC tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillər ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verılsin. Bu kateqoriyadan olan elmlər doktorlarına 2 otaqlı, fəlsəfə doktorları və digər əməkdaşlara isə ailə üzvlərinin sayından asılı olaraq mənzil sahəsinin ayrılması məqsədə müvafiq hesab edilsin.
5-ci bənddə göstərilir ki, yeni binada mənzil almış AMEA əməkdaşlarına bildirilsin ki, mənzillərin açarlarını aldığı gündən etibarən 5 ay müddətində yaşayış şəraiti yaradaraq həmin mənzilə köçsünlər və həmin yataqxanadakı otaqlarını boşaldaraq yataqxananın komendantına təhvil versinlər. Əks halda həmin ailəyə mənzil ayrılması barədə qərar ləğv edilsin və həmin otaqlar AMEA-nın digər əməkdaşlarının ailələrinə təklif edilsin.
Çox təəsüf ki, Aspirantlar yataqxanasının komendantının, AMEA-nın işlər idarəsinin müdir müavini Sərdar Əliyevin “qayğıkeşliyi” və “humanizmi” sayəsində xeyli sayda ev alanlar 1,5 ildirki yataqxanada yaşayırlar. Sultanova Rəna yeni binada iki otaqlı mənzil almasına baxmayaraq ruhi xəstə olan qardaşı Teymuru yataqxananın bir otağında saxlayır. Halbuki, kirayədə yaşayan xeyli sayda AMEA əməkdaşı var.
Ulu öndərimiz Heydər Əliyev həmişə elmlə təhsilin inteqrasiyasına böyük önəm vermiş, elm adamlarına diqqət və qayğısını əsirgəməmişdir. Ümummilli liderimizin yolunu ləyaqətlə davam etdirən Siz, hörmətli Prezidentimiz və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan aliminə, elminə hərtərəfli qayğınızı Azərbaycan dövlətinə, xalqına xidmətinizin prioritet istiqaməti kimi qəbul edirsiniz.
13.06.2017-ci il tarixində püşkatma nəticəsində Şərifzadə küçəsi 12 ünvanında, qaldiğımız Aspirantlar yataqxanasının yaxınlığındakı binada V blokda mənzillər verildi. Mənzil alanlar lazımi sənədə imza atdılar. Hətta şəffaflıq naminə komissiyanın katibi Sərdar Əliyev otağın nömrəsinin də şəklini də çəkdi. Amma 06.10.2017-ci il tarixdə onlara Abşeron rayonu Masazır qəsəbəsində, Xırdalan şəhərində, Buzovna qəsəbəsində mənzillər təklif edildi. Mənzillər təmirsizdir, iki otaqlı mənzili iki ədəd bir otaqlı mənzilə ceviriblər. Heç bir sanitar-gigiyenik normalarına cavab vermir. Masazır qəsəbəsindən, Xırdalan şəhərindən, Buzovna qəsəsbəsindən onların iş yerinə gəlmələri üçün aylıq 250-300 manat maaş alan akademiya əməkdaşı üçün nə qədər çətin olduğunu yəqin ki, bu oyunu bizim başımıza açan AMEA rəhbərliyi dərk edə bilməz. “ Toxun acdan nə xəbəri.”
Püşkatma nəticəsində mənzil sahibi olmuş, sonradan mənzilləri əllərindən alınaraq Abşeron rayonu Masazır qəsəbəsinə, Xırdalan şəhərinə, Buzovna qəsəbəsinə göndərilmiş sakinlər AMEA-nın mənzil bölüşdürülməsi komissiyasının katibi Sərdar Əliyevə öz iradlarını bildirdikdə o, onların elmi dərəcələrinin olmadığını bəhanə gətirdi. Sərdar Əliyev yaddaşını təzələsə bilər ki, kənarda mənzil verilən sakinlərin 3 sakin Fəlsəfə elmləri doktor,1 sakin Elmlər doktoru yalnız 3 sakin elmi dərəcəsi yoxdur. Halbuki, Cənab Prezident Sizin bu ünvanda mənzil tikintisi ilə bağlı göstərişiniz AMEA – nın əməkdaşlarını və yataqxana sakinlərini nəzərdə tuturdu. Yaşadığımız ünvanda mənzil verilənlərin içərisində elmi dərəcəsi olmayanlar da vardır. Sərdar Əliyevə bunları irad tutduqda adı yuxarıda çəkilənlərə mənzillərin Akif Əlizadə tərəfindən bağışlandığını bildirir. Bəs kənardan gələn yataqxanaya heç bir aidiyyatı olmayan, kənarda evləri olan 17 şəxsə mənzilləri kim “hədiyyə” edib?
AMEA vitse-prezidenti İbrahim Quliyevin sədrlik etdiyi mənzil Bölgü komissiyasının fəaliyyətində saysız-hesabsız qanunsuzluqlar olmuşdur. Belə ki, AMEA-nın əməkdaşı olan Elmlər Doktoru və Fəlsəfə doktorlarını uzun sürən danışıqlardan sonra Buzovna qəsəbəsində mənzil verildiyi halda, elmdən xəbəri olmayan, iki nəfərdən ibarət ailə üzvü olan, kitabsatan Nazim Hacıyevə 96 kv. mənzil vermişlər. Sərdar Əliyev mənzil bölgüsünün ədalətli, şəffaf keçirilməsi üçün Ombudsman Aparatından, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən nümayəndələr dəvət edildiyini bildirir. Lakin Rusiya vətəndaşı, Dubna Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşı, 15 ildən artıq Azərbaycanda yaşamayan Əhmədov Azad İnşallah oğluna AMEA əməkdaşı kimi mənzil vermişlər. Əhmədov Azad İnşallah oğlu Dubna Nüvə Tədqiqatları Mərkəzində Fiziki Hissəciklər Laboratoriyasında işləyir, iş telefon nömrəsi 62925- dir. Uzun illər Aspirantlar yataqxanasındakı 96 saylı otaqda onun qohumlarını komendant Azər Quliyev nəyin müqabilində saxlamışdır. Yeni tikilən binadakı mənzildə isə indi Əhmədov Azadın bacısı oğlu yaşayır.
.
Kənardan nəzarətçilərin olduğu bölgüdə belə biabırçılıqlar baş verirsə, başqa vaxtı görün nə oyunlar gedir. Akif Əlizadə və onun ətrafı Cənab Prezident, Sizi də, ölkə ictimaiyyətini də aldadırlar.
Sərdar Əliyevdən 13.06.2017- ci il tarixində baş tutmuş püşkatmanın nəticələrinin bir qisminin niyə ləğv edildiyini xəbər aldıqda o, bildirdi ki mənzil bölgüsü komissiyasının tərkibi dəyişdirilib.
Sual olunur: İsa Alıyev və bir neçə nəfər üzvlükdən çıxarılır, ancaqç çirkin oyunun ssenarisini yazan, mahir dələduz Fətəli Abdullayev, Habil Qurbanov,Sərdar Əliyev, Rasim Ağasiyev, Sitarə Bağırova, onların sədaqətli tərəfdaşı, komendant Azər Quliyev yerində qalırlar. Çox maraqlıdır ki, 13.06.2017-ci il tarixində keçirilmiş püşkatmanın protokolu ləğv edilir. Lakin ləğv edilmiş protokol püşkatmada iştirak edən 54 AMEA əməkdaşının 25 nəfərinə şamil olunur. Başqa sözlə püşkatmada onlara düşmüş mənzillər əllərindən alınır. Bu saxtakar əməliyyatda fəallıq göstərən komissiya üzvlərini mükafatlandırmaqdan da çəkinmirlər. Kmissiya üzvlərinin bu çirkin, haram mənzil alqı- satqısındakı canfəşanlıqlarını, fədakarlıqlarını onların ağaları – Akif Əlizadə, Fətəli Abdullayev, İbrahim Quliyev, Sərdar Əliyev yüksək qiymətləndirərək Məmmədov Faiq Məmmədağa oğluna yeni tikilən binada 2 otaqlı mənzil “hədiyyə” etmişdilər.
Cənab Prezident, biz bildiyimizə görə ölkəmizdə vətəndaşləra mənzil bağışlamaq səlahiyyəti ancaq Sizə məxsusdur. Bəlkə, Akif Əlizadənin könlündən ölkə Prezidenti olmaq arzusu keçir. Sizin etimad göstərərək YAP –ın sədr müavini təyin etməyinizdən Akif Əlizadə şəxsi məqsədləri, ətrafındakı dələduzlara himayədarliq etmək, yataqxana sakinlərinin mənzillərinin mənimsənilməsi üçün istifadə etmisdir. AMEA-nın işlər idarəsinin müdir müavini Sərdar Əliyevə respublika orqanlarına şikayət edəcəyimizi bildirdikdə onun heç kimdən qorxmadığını, arxasında Akif Əlizadənin, Fətəli Abdullayevin dayandığını, şikayət edəcəyimiz məmurların Azərbaycanın, dünyanın müxtəlif guşələrində villalarının olduğunu bildirir. Hətta “evi onlardan istəyin öz evlərindən sizə hədiyyə etsinlər” ifadəsini də çəkinmədən kinayə ilə qeyd edir.
Cənab Prezident, Akif Əlizadə, İbrahim Quliyev, Fətəli Abdullayev, Sərdar Əliyev, Azər Quliyev, “Evrostroy-S” MMC – nin direktoru Seymur İsayev kimi nəfsinin qulu olan adamlar vətəndaşları hakimiyyətdən narazı salırlar.
AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış podrat müqaviləsinə və inşaat pasportuna əsasən 1-ci və 2-ci bloklar Aspirantlar yataqxanasında yaşayan sakinlər üçün nəzərdə tutulmuşdur. Lakin AMEA-nın rəhbərliyi –Akif Əlizadə, Mənzil bölgü komissiyasının sədri İbrahim Quliyev, AMEA-nın işlər idarəsinin müdiri, Mənzil bölgü komissiyasının sədr müavini Fətəli Abdullayev, AMEA-nın işlər idarəsinin müdir müavini, Mənzil bölgü komissiyasının katibi Sərdar Əliyev və komissiyanın digər üzvləri, “Evrostroy –S MMC” şirkətinin rəhbəri Seymur İsayev ilə gizli şəkildə sövdələşərək həmin mənzilləri AMEA-ya dəxli olmayanlara satmışlar. “Evrostroy-S” MMC izi itirmək üçün şirkətin adını “Sipark inşaat” adlandırmışdır. Bu şirkətin adı bir çox qalmaqallı hadisələrdə tez-tez hallanır. İnşaat pasportunda yataqxana sakinləri üçün nəzərdə tutulmuş 1-ci və 2-ci blokların planı məktuba əlavə olunur.
Hal- hazırda həmin mənzillərin hamısı Akif Əlizadənin himayəsi və Fətəli Abdullayevin təşkilatçılığı ilə satılıb qurtarmışdır. Akif Əlizadə və onun dələduz komandası öz nəfslərini idarə edə bilməyərək yeni binalarda öz adlarına və qohumlarının adlarına mənzillər ələ keçirmişlər.Həmin mənzillərin sənədləri aşağıda verilmişdir. Sözügedən siyahını təqdim edirik:
1. Əlizadə Akif Ağamehti oğlu – AMEA-nın prezidenti. Aldığı mənzillər: 4-cü girişin 5-ci mərtəbəsində, sahələri 178,3 kv.m (241 saylı mənzil) və 63,4 kv.m (242 saylı mənzil), ümumi qiyməti 181 275 man. olan 2 mənzil (müqavilə №72 və 73);
2. Əlizadə Tamilla Aşum qızı – A.Əlizadənin yaxın qohumu. Aldığı mənzillər: 4-cü girişin 6-ci mərtəbəsində sahələri 178,3 kv.m (247 saylı mənzil) və 63,4 kv.m (248 saylı mənzil), ümumi qiyməti 181 275 man. olan 2 mənzil (müqavilə №74 və 75);
3. Quluyev İbrahim Said oğlu – AMEA-nın vitse-prezidenti, AMEA mənzil komis-siyasının sədri. Aldığı mənzil: 4-cü girişin 7-ci mərtəbəsində sahəsi 178,3 kv.m (253 saylı mənzil), qiyməti 133 725 man. olan bir mənzil (müqavilə №76).
4. Bayramova Ülviyyə Rafiq qızı. Aldığı mənzil: 4-cü girişin 8-ci mərtəbəsində sahəsi 178,3 kv.m (259 saylı mənzil), qiyməti 133 725 man. olan bir mənzil (müqavilə №77). Deyilənə görə bu mənzili Abdullayev Fətəli (AMEA İşlər İdarəsinin müdiri, AMEA mənzil komissiyasının üzvü) alıb.
Burada yaşayan sakinlərin hamısı vaxtilə 15-25 il arasında AMEA-da işləmiş insanlardır. Bu sakinlər vaxtilə gənc mütəxəssis kimi mənzil növbəsində dayanıblar, onları mənzillərlə təmin etmək mümkün olmadığından 2002-ci ildə onlar daimi qeydiyyata alınmış və yaşadıqları mənzillərə daimi (müvəqqəti yox!) order verilib. AMEA rəhbərliyi KİV-də hər zaman qeyd edir ki guya bu yataqxanada qeyri-qanuni yşayan sakinləri qeydiyyatdan çıxarıblar.( guya iş görüblər) Məlumat üçün bildirmək istəyirik ki, AMEA-nın qeydiyyatdan çıxardıqları yataqxanada yaşayan sakinlər yox, yataqxanaya əlavə qeydiyyata götürülmüş insanlardır. Bu həmin “sakinlərdir” ki, yataqxanada illərdir yaşayan sakinlərə veriləcək mənzilləri AMEA onlara “hədiyyə” edi. (Siyahı məktuba əlavə olunur)
AMEA rəhbərliyinə sual olunur: Sizin mənzillərini əllərindən aldığınız və əvəzində Bakıdan kənarda, özü də daha az sahəli mənzillər verdiyiniz sakinləri hansı əsasla kənara göndərmisiniz? Onlara təklif etdiyiniz mənzillər hansı şirkətlərə məxsusdur və onların qiyməti hansı pulla ödənilib? “Qanuni” işlədiyini göstərməyə çalışan mənzil komissiyası üzvləri, 0,5 ştatla işləyən və əllərindən əvvəl verdiyiniz mənzilləri aldığınız sakinlərə sonradan hansı qanuna əsasən binaların mansardından “mənzillər” verdiniz? Sizin dediyiniz kimi Şərifzadə 12-də yalnız alimlərə ev verilib, ağ yalan danışırsıniz, orda adi işçilərə də nəyinsə “hesabına” ev vermisiniz (həmin şəxslərin adları da bizə məlumdur). Həm də Şərifzadə 12-də bir mənzili satıb kənarda o pula 4-5 mənzil alaraq sadəlöv alimləri aldadırsınız, bunu başa düşmək üçün heç də savadlı olmaq lazım deyil”.
Mənzil hüququnun bərpa edilməsi üçün məhkəmələrə müraciət edən yataqxana sakinləri Səbayel Rayon Məhkəməsi – Bakı Appelyasiya Məhkəməsi – Ali Məhkəmə arasında ötür – ötür oyununun qurbanı olmuşlar. Həmin sakinlər 2018- ci ilin fevral ayından indiyə qədər məhkəmə instansiyaların da sürünürlər. Əllərində qanuni sənəd- sübut olmalarına baxmayaraq Akif Əlizadə şəxsi münasibətlərinə və havadarlarına güvüənərək, yataqxana sakinlərini küçələrdə qoyub.
Cənab Prezident, AMEA-nın Aspirantlar Yataqxanasının sakinlərinin mənzil almaq hüquqlarının bərpasını, eyni zamanda məhkəmə orqanlarında da ədalətli qətnamə qəbul edilməsini nəzarətinizə qötürməyinizi Sizdən xahiş edirik \\elchi.az\\