Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın Ümumi yığıncağında Xalq şairi Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacara yanaşmanın düzgün olmadığını bildirib.
Akif Əlizadə dramı oxuduğunu bildirərək qeyd edib ki, əsərdə Ağa Məhəmməd şah Qacar hiddətlənərək Molla Pənah Vaqifin arxasınca “Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana” deyir:
“Sənədlərlə tanış olduqda görürsən ki, Qacar əsərdə təqdim edilən kimi bir şəxsiyyət olmayıb. Sənədlərdə Qacarla bağlı xeyli müsbət məqamlar var. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlərlə nəzər salıb”.
Sözügedən yığıncaqda AMEA prezidenti onu da qeyd edib ki, tarixçilər İrəvanın Azərbaycanın tarixi torpağı olması barədə yeni sübutlar əldə edib, orada xristian əhalinin olması ilə bağlı uydurma fikirləri təkzib edən faktlar üzə çıxarıblar.
Hörmətli alim Akif Əlizadənin hər iki fikri ölkə ictimaiyyəti tərəfindən yumşaq desək, təəccüblə qarşılanıb.
Əksəriyyət hesab edir ki, İrəvanın Azərbaycan torpağı olduğunu sübut etməyə ehtiyac yoxdur, bu tarixi faktdır. Yəni onsuz da hamı bilir ki, Qərbi Azərbaycan ərazisi 1918-ci ildə Leninin səyi nəticəsində ermənilərə verilib, elə Ermənistan adlı qondarma dövlətin yaradıcısı da məhz Rusiya İmperiyasıdır.
Diğər tərəfdən, Sovetlər Birliyi dağılandan sonra Səməd Vurğunun “Vaqif” dramı dəfələrlə təhlil edilib və Ağa Məhəmməd Qacarın şəxsiyyəti ilə bağlı bütün həqiqətlər üzə çıxarılıb. Dramaturq Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” ikihissəli tarixi dramında Qacar həm tarixi şəxsiyyət, həm sərkərdə, həm də bir insan kimi təqdim olunur oxuculara. Həmin əsər əsasında Azərbaycan Dövlət Akademik Dram Teatrında, eləcə də ölkəmizin digər teatrlarında “Ağa Məhəmməd şah Qacar” adı ilə səhnələşdirilən tamaşalar həm seyriçilərin, həm də teatr bilicilərinin böyük marağına səbəb olub.
Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox tarixi həqiqətlər üzə çıxarılıb, o cümlədən də ictimaiyyətə bir zamanlar az qala bütləşdirilən bir sıra tanınmış şəxsiyyətlər, qələm ustalrı haqda maraqlı faktlar təqdim olunub. Həmin şəxsiyyətlərin sırasında Sovet Azərbaycanının ən çox sevilən şair və dramaturqu Səməd Vurğunun da adı var. Bu ad ətrafında dəfələrlə qalmaqallar yaranıb, ədibin repressiya illərində özünü qorumaq üçün həmkarlarını güdaza verdiyi də səsləndirilib və bunu təsdiq edən müfafiq sənədlər mətbuatda yer alıb.
Təbii ki, artıq dəfələrlə çözülən bir mövzunu gündəmə gətirməkdən və Səməd Vurğunun şəxsiyyətini, yaradıcılığını təhlil etməkdən uzağıq. Sadəcə bu gün AMEA kimi nüfuzlu bir qurumun prezidentinin, hörmətli alimin mötəbər yığıncaqda belə əhəmiyyətsiz bəyanatlarla çıxış etməsi bizdə çaşqınlıq yaradır.
Yəni bu gün tariximizdə, ədəbiyyatımızda sözün həqiqi mənasında təhlilə ehtiyacı olan mövzular o qədər qıtdır ki, alimlərimiz taftalogiya ilə məşğul olmaq zorundadır?
Hurriyyet.org