Axtarış...

"Accessbank qanunu pozaraq rəqəmlərini şişirdir” - İTTİHAM

"Accessbank qanunu pozaraq rəqəmlərini şişirdir” - İTTİHAM
Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan Accessbank qanunu pozaraq rəqəmlərini şişirdir”.

Unikal.org xəbər verir ki, bunu bank üzrə ekspert Əkrəm Həsənov bildirib.

Bank mütəxəssisin "“ACCESSBANK”IN BÖYÜK YALANI" başlığı ilə məqaləsində hesab edir ki, borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir:

"Dünən ölkə mətbuatı ötən ili zərərlə başa vurmuş 5 bankdan biri olan “Accessbank”a yeni səhmdarların daxil olması və onun nizamnamə kapitalının artması haqda xəbərlər yayıb. Belə ki, bank bildirib ki, nizamanamə kapitalı 118,5 mln. manat artaraq 258 milyon manata çatdırılıb. Bu, ağ yalandır!
Belə ki, bankın saytına (https://www.accessbank.az/…/Balans_hesabat%C4%B1_(31.12.201…) əsasən ötən ilin sonuna onun kapitalı (xalis aktivi) cəmi 56,569 mln. manat olub. Deməli, dünən bəyan edilmiş artımdan sonra bankın nizamnamə kapitalı 258 mln. manat deyil, 175,069 mln. manat olub (56,569 mln.+ 118,5 mln.). Təxmini 83 mln. manat şişirtmə faktı göz qabağındadır!
Bank bu fokusu necə edib? Çox sadə! Belə ki, onun qeydiyyata alınmış nizamnamə kapitalı 140,25839 mln. manatdır (əslində, bankda bu pul çoxdan yoxdur!). Dünən bəyan etdiyi artım rəqəmini (118,5 mln. manat) avtomatik olaraq qeydiyyata alınmış nizamnamə kapitalının (140,25839 mln. manat) üstünə gəlir və utanmaz-utanmaz deyir ki, nizamnamə kapitalım 258 mln. oldu. Əslində, bu, kobud qanun pozuntusudur!
Belə ki, Mülki Məcəllənin 103.5-cü maddəsinə əsasən əgər maliyyə ili başa çatarkən səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Yəni nizamnamə kapitalını faktiki xalis aktivinə uyğunlaşdırmalı, əlində olmayan vəsaitlə ictimaiyyəti çaşdırmamalıdır. “Accessbank”ın dünənədək nizamnamə kapitalı kağız üzərində 140,25839 mln. manat olsa da, xalis aktivləri cəmi 56,569 mln. manatdır. Buna görə də sözügedən maddəyə əsasən əvvəlcə nizamnamə kapitalını azaltmalı, yəni 56,569 mln. manat kimi müəyyən etməli, yalnız bundan sonra artıma getməli idi. Bu halda da, qeyd etdiyim kimi, artımdan sonra onun nizamnamə kapitalı 258 mln. manat deyil, 175,069 mln. manat olacaq".

Ekspert “Accessbank”ın niyə belə bir addım atmasını da açıqlayıb:

"“Accessbank” niyə belə edir? İctimaiyyəti, müştərilərini çaşdırmaq, vəziyyətini olduğundan daha yaxşı göstərmək istəyir. Əslində isə vəziyyəti yaxşı deyil. Məhz buna görə də onun təsisçiləri banka əlavə pul qoymaq istəmədi və o, yeni səhmdarlar axtarmağa vadar oldu. Yaxşı işləyirsənsə, mövcud sahiblərin niyə paylarının azalmasına razı oldu? Təsadüfi deyil ki, ötən il “Fitch” agentliyi bankın reytinqini “C”-yə endirdi, yəni müflisləşmə ehtimalı olduqca böyükdür (bəziləri bu reytinqi müflisləşmənin qaçılmaz olduğu kimi tərif edir).

P.S. Əvvəllər bildirdiyim kimi, “Accessbank”ın ağır vəziyyətinin əsas səbəbi yüksək həcmdə olan problemli kreditləridir. Konstitusiya Məhkəməsi də bu il bankın illərlə tətbiq etdiyi kredit limiti sxeminin nöqsanlarını təsdiqlədi. Nəticədə bankın ötən il təyin olunmuş xarici rəhbəri istefa verdi və tarixində ilk dəfə banka yerli kadr rəhbərlik etməyə başladı. Bu rəhbər də dərhal kreditlərin qaytarılmasını yenicə yaradılmış və qanunsuz fəaliyyət göstərən kollektor şirkətinə tapşırdı. Üstəlik hüquq-mühafizə orqanlarına müraciət edərək borclu sahibkarların ondan qanunsuz kredit götürdüyünü bildirdi (halbuki, buna görə ilk növbədə elə bankın rəhbərliyi məsuliyyət daşıyır). Faktiki olaraq isə illərlə ona etimad etmiş sahibkarların “qara mühasibat”ını açıqladı. Nəticədə xeyli sahibkar həbs olundu, daşınmaz əmlakları hədə ilə əllərindən dəyər-dəyməzə alındı. Bununla da məlum oldu ki, səhmdarları beynəlxalq maliyyə qurumları, şüarı isə “Sizin yerli Avropa bankınız” və devalvasiyadan sonra müştərilərinə güzəşt etməmiş yeganə bank olan “Accessbank” yerli kapitallı banklardan daha qəddar və irticaçıdır. Ən əsası isə məlum oldu ki, bank artıq yaşamaq uğrunda deyil, sadəcə pulunu qaytarmaq üçün fəaliyyət göstərir. Çünki bu qədər qanunsuz kredit vermiş və müştərilərini kütləvi şəkildə hüquq-mühafizə orqanlarının ayağına verən banka böyük ehtimalla əmanətçilər və borcalanlar etimad etməyəcək. Bu bankın ətrafındakı qalmaqal həmçinin xaricdə yerləşən “milli” mətbuatımızın da iç üzünü açdı. Yerli bankları ən xırda şeylərə görə tənqid edən həmin mətbuat “Accessbank” barədə bir kəlmə də yazmadı və demədi!
Bir sıra sahibkarlara qarşı “Accessbank”ın təşəbbüsü ilə başlanmış cinayət işləri üzrə yaxında məhkəmə prosesləri də başlayır. Çox maraqlı olacaq! İlk növbədə elə bu bankın öz iç üzü açılacaq...".
Text-to-Speech

DİNLƏ






Şərh yaz