Paytaxtın Bakıxanov qəsəbəsində eyniadlı parkın qarşısında bir lövhə yerləşdirilib. Məlumat lövhəsindəki xəritə haqda deyilir ki, “M 11" stansiyasının tikinti sahəsidir.
Bakı Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun 2012-ci il sərəncamı ilə torpaq sahəsi metropolitenə ayrılıb. Lövhədə göstərilən ərazidə “Mavi xətt”in tikintisi nəzərdə tutulub.
Vətəndaşlara da xəbərdarlıq edilib ki, tikinti sahəsinə kənar şəxslərin girişi qadağandır. Lakin nəinki kənar şəxslər ora daxil olublar, nəzərdə tutulan torpaq sahəsində nəhəng obyektlər tikilib. Söhbət el arasında “stansiya Razin” adlanan köhnə Bakıxanov stansiyasının ərazisindən gedir.
Bir neçə ildir ki, həmin massivdə tikinti davam edir, böyük ticarət mərkəzi salınır. Hazırda Bakı Metropoliteni 2 xətdən ibarətdir: “Xətai” - “Dərnəgül” və “İçərişəhər” - “Həzi Aslanov” xətləri.
Perspektiv İnkişaf Planında həm bu xətlərin genişlənməsi, həm də əlavə 3 yeni metro xəttinin - “Bənövşəyi”, “Mavi” və “Sarı” xətlərin çəkilməsi nəzərdə tutulub.
“Mavi” və “Bənövşəyi” xətlər Bakının şərq və qərb qurtaracaqlarını birləşdirir. “Mavi xətt” Yeni Yasamal-Bakıxanov qəsəbəsi, “Bənövşəyi xətt” isə Avtovağzal-Qaraçuxur oxunu yaradır.
Lakin illərdir ki, Bakıxanov qəsəbəsi sakinlərinin metro intizarı bitmək bilmir, gözləməkdən “gözlərinin kökü saralıb”.
Başlanğıcını Yeni Yasamaldan götürən “Mavi xətt” Sabunçu rayonunun Bakıxanov qəsəbəsinədək uzanmalıdır. Bakı Metropoliteni xətlərinin perspektiv sxeminə əsasən, “Mavi xətt”də 11 stansiya və 1 depo olacaq. “Mavi xətt”in ilk stansiyası (M-1) Yeni Yasamalda, “Bizim Market”dən bir qədər yuxarıda 77 saylı avtobusun sonuncu dayanacağı kimi tanınan ərazidə nəzərdə tutulur.
Məhz sonuncu - 11-ci stansiya Bakıxanov qəsəbəsində yerləşəcək. Hətta 3 il əvvəl məlumat verilib ki, tikinti işləri gedir. Lakin hansı ərazidə layihə icra olunduğu görünmür.
Lövhənin yerləşdirildiyi ərazi Bakıxanov parkıdır, sakinlər burada istirahət edirlər. Əraziyə giriş qadağandır deyilsə də, parkda hansı qadağadan söhbət gedə bilər?
Onunla üzbəüz, dediyimiz kimi - köhnə stansiya ərazisində isə obyektlər inşa olunub. Hələ Bakı Metropoliteninin rəisi Tağı Əhmədov olduğu dönəmdə qurumun mətbuat xidmətinin o zamankı rəhbəri Nəzakət Tanrıverdiyeva demişdi ki, sözügedən köhnə stansiya ərazisi “Bakıxanov” metro stansiyasının tikintisi üçün nəzərdə tutulub. Keçmiş mətbuat katibi Nəsimi Paşayev də bu məlumatı təsdiqləmişdi.
Amma göründüyü kimi, nə Bakıxanov metrosu tikilib, nə də “M-11" stansiyası var. Əvəzində isə ərazi satılıb, yerində ticarət obyektləri tikilib.
Həmsöhbət olduğumuz sakinlərin sözlərinə görə, Bakıxanovda tezliklə metro tikintisini gözləyirlər. Onlar buna ciddi ehtiyac olduğunu hesab edirlər. Sakinlər deyirlər ki, bu, həm tıxacların azalmasına səbəb olar, həm ictimai nəqliyyat yüngülləşər:
“Bülbülə, Əmircana gedənlər, Bakıxanovda, Komsomolskidə yaşayanlar üçün metro açılması göydəndüşmə hədiyyə olar. Qaraçuxura gedənlər də ”Neftçilər" metrosundan yox, Bakıxanovdan çıxıb qəsəbələrinə gedə bilərlər".
Sakinlər bildirirlər ki, metro üçün nəzərdə tutulan ərazi satılıbsa, Bakıxanovda bu layihənin icrasına başqa bir yer qalmır: “Bu məsələdə böyük qaranlıq var. Metropoliten aydınlıq gətirməlidir. Bizim istəyimiz metronun olmasıdır. Bakıxanovda iki problemin həlli inqilabi dəyişiklik olar: ”Razin talkuçka"sı sökülsün və metro çəkilsin. Ondan sonra görəcəksiniz ki, Qaraçuxur və Bakıxanov istiqamətində yüklənmə necə aradan qalxacaq.
İndi iki qəsəbəni birləşdirən yollar asfaltlanır, sağ olsunlar, axır ki, bu kələ-kötür yollardan canımız qurtarır. Bir də Bakıxanovda və Qaraçuxurda metrostansiyalar tikilsə və bu Bakıxanov ticarət mərkəzi köçürülsə, lap əla olardı".
Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı ilə Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib.
Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nəzərdə tutur. Bu işlər nəticəsində 2030-cu ilə qədər Bakı Metropoliteni stansiyalarının sayı 76-ya çatdırılacaq.
“Yeni Müsavat”