Axtarış...

UNEC-də əsəblər tarıma çəkilib... - Gərginlik VAR

UNEC-də əsəblər tarıma çəkilib... - Gərginlik VAR

Bir müddət əvvəl Azərbaycan Dövlət İqtisad Universiteti Rus dili kafedrasının qanunsuz işdən çıxarılan müəllimi Zərifə Mansurova işinə bərpa olunmağa çox yaxındır.
Bu barədə Faktinfo.az-ın əldə etdiyi məlumatda bildirilir. Belə ki,Zərifə Mansurovanın şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxıldıqdan sonra onun işinə bərpa olunması, hətta işsiz qaldığı aylara dair son aylıq vəzifə maaşı əsas götürülərək hesablanması və ödənilməsi müsbət həllini tapa bilər. Xatırladaq ki, 28 noyabr 2017-ci ildə Zərifə Mansurovanın işdən çıxarılmasına dair əmr verilib. 6 dekabr 2017-ci ildə ADİU-dan sənədlərini təhvil alan müəllimin iddia ərizəsi 27 dekabr 2017-ci ildə Səbail rayon Məhkəməsinə daxil olub. Məhkəməyə daxil olma sənədinin nömrəsini hələlik yazmasaq da, deyə bilərik ki, 27 dekabr 2017-ci il tarixi ilə Səbail rayon məhkəməsinə işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə işə baxılması hakimə yönləndirilib.

Faktinfo.az-ın əldə etdiyi məlumatda o da bildirilir ki, 26 yanvar 2018-ci ildə məhkəmədə şikayətçinin işinə baxılır və qərardat çıxarılır ki, müddət ötürülüb. Nəticədə Z.Mansurova işinə bərpa oluna bilməyib, bundan sonra qərardan apellyasiya şikayəti verib. Apellysiya Məhkəməsi də işə baxıb, uzun müddətli araşdırma aparıb, Z.Mansurovanın hansı maddəyə əsasən işdən çıxarılmasına dair qənaətin üstündə dayana bilməyib.Sonda birinci instansiya- Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Faktinfo.az-a məlum olan, amma hələ ki, bütün tərəfləri ilə açıqlamadığımız məhkəmə işində incə mətləb ondan ibarətdir ki, Z.Mansurovanın özü belə son iki aya qədər elə bilirmiş ki, Səbail rayon Məhkəməsinə iki dəfə deyil, bir dəfə müraciət edilib. Gecikmə qərarına dair çıxarılan qərardadın tərəfində yaranan müəmma da buradan – Z.Mansurovanın müraciət etdiyi birinci ərizəsinin necə və niyə ötürülməsindən yaranıb. Artıq yuxarı aidiyatı dairələrin bildiyi, ADİU-nun rektoru Ədalət Muradovu çətin duruma salan məhkəmə prosesinə yaxın günlərdə təkrar baxılacağı, Z.Mansurovanın açıqlaya biləcəyi bir çox mətləblərin fonunda kim(lər)insə karyerasına xələl gələcəyi də istisna olunmur. Bu barədə müəyyən xüsusatları nəzərə alıb,təfsilatı ilə məlumat verəcəyik.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ADİU-da müəyyən narazılıqların işartıları görsənir. Belə ki, saytların yaydığı , sosial şəbəkələrin ADİU ilə bağlı müzakirə etdiyi digər bir məsələ universitetin obreviaturasının ADİU kimi deyil, UNEC kimi yazılmasıdır. Artıq bu məsələyə dözümsüzlük göstərən universitetin professoru, iqtisad elmləri doktoru Mirələm Həsənli obreviaturanın UNEC kimi yazılmasına, eləcə də digər xoşagəlməz hallara görə Azərbaycan Respublikasının birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya müraciət edib. Müraciət müəllifinin fikirlərindən də açıqca görsənir ki, o bu məsələni rektor Ədalət Muradova nöqsan kimi bildirib. Bundan sonra rektor onu universitetin maliyyə kafedrasının müdiri vəzifəsindən azad edib.

ADİU-nun professoru Mirələm Həsənli sözügedən müraciətdə bildirir.Sitat: “Rektorun qərəzli, əsassız şəkildə rəhbəri olduğum maliyyə kafedrasını ləğv etməsi və sair kimi təzyiqləri məni heç bir halda bu müqəddəs və hüquqi, mənəvi əsaslandırılmış mövqeyimdən döndərə bilməzdi. Ulu öndərin müqəddəs ideyaları yolunda hər bir əziyyətə, onun adının universitetdə əbədiləşdirilməsi istiqamətində bütün çətinliyə sinə gərməyə hazıram. Bir daha bəyan edirəm ki,mən Ədalət Muradovun əsassız uydurduğu UNEC-in deyil, Azərbaycan Dövlət İqtisad Universitetinin professoruyam.

Yeri gəlmişkən, onu da qeyd edək ki,ölkə Prezidenti və Birinci vitse-prezidentin də iştirak etdiyi 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ADİU-nun müəllimi,” Human Foundation” Fondunun Azərbaycan üzrə təsisçisi Fəridə Əsgərzadəyə söz verilərkən o, UNEC-in deyil,Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi kimi təqdim olunub.

Göründüyü kimi, ADİU-nun “reklam”ı, bəzi millət vəkillərinin bəlağətli fikirləri, təhsil ekspertlərinin bu ali məktəbi dünya miqyaslı universitetlərlə müqayisəsi hardasa sabun köpüyü kimi şişirdilib. Yəni ,bir müddət əvvəl səsləndirilən “Dövlət İqtisad Universitetinə təyin edilən rektor ciddi islahatlar aparır.Bununla da Universitetin nüfuzunu yüksəldir” fikri əslində həqiqətdən uzaq şəxsi istək və arzudan irəli gəlmiş ifadə kimi başa düşülür.

Digər tərəfdən rektor Ədalət Muradovu hazırda narahat edən başqa məsələlər də var.Söhbət bir müddət əvvəl ADİU-da baş verən bəzi olayların ört- basdır edilməsi, 9 nəfər müəllimin bir həftə ərzində tələbələrdən ümumilikdə 620 min manat(altı yüz iyirmi) rüşvət toplaması barədə faktların yenidən müzakirəyə çıxarılması və araşdırılmasından gedir.Həmçinin, bir müddət əvvəl mətbuatda yazıldığı kimi,2015-ci il ərzində ödənişli təhsil sektorundan ADİU-nun bank hesabına daxil olmuş milyonlarla manatın “yoxa çıxması”da narahatlıq doğuran məsələlərdən hesab olunur.

Gündəmdən düşməyən məsələlərdən biri də,Ə.Muradovun doktorluq və professor elmi adları ilə bağlıdır. Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtisad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi, 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi söz-söhbətə səbəb olub. Bu azmış kimi, rektorun elmlər doktoru elmi dərəcəsi almazdan əvvəl professor adına layiq görülməsi də pedaqoji kollektiv,elmi ictimayyət arasında,sosial şəbəkələrdə,instaqram səhifələrində böyük müzakirələrə səbəb olub. Belə ki, Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. O, 21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda, özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən söz-söhbətlərə yol açıb,yuxarı dairələrdə yaxşı qarşılanmayıb. KİV-də yazılanlara görə isə, bu barədə araşdırmalar hələ də davam edir. Burada hər kəsi düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, ardınca isə doktor adını necə alıb? Bütün bunlar rektor üçün narahatlıq doğuran məsələlərdi.

P.S Faktinfo.az -a daxil olan son məlumata görə,Ali Məhkəmə 18.02.2019-cu il tarixində Zərifə Mansurovanın şikayəti ilə bağlı qətnamə qəbul edib.Qətnaməyə əsasən, Səbail rayon Məhkəməsində Z.Mansurovanın işi ilə bağlı gecikmə qərarına dair çıxarılan qərardad ləğv edilib,işin mahiyyəti üzrə baxılmasına dair qərar verilib.Beləliklə,Z.Mansurovanın işinə bərpa olunması ilə bağlı məsələyə yaxın müddətdə Apelliyasiya Məhkəməsində təkrar baxılacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz