Axtarış...

Sobçakın anası məşhur azərbaycanlını təhqir etdi

Sobçakın anası məşhur azərbaycanlını təhqir etdi

Xantı-Mansiysk muxtar dairəsinin ictimai palatasının üzvü Eduard Loqinov millətlərarası düşmənçiliyi alovlandırdığına görə senator Lyudmila Narusovanın məsuliyyətə cəlb olunmasını tələb edib.

Bu barədə "Ura.Ru” saytı məlumat yayıb.

Tanınmış teleaparıcı Kseniya Sobçakın anası olan Narusovanın Sibirdə ilk dəfə neft kəşf edən Fərman Salmanov haqqında dedikləri Loqinovu hiddətləndirib.

Bundan əvvəl "Exo Moskvı” radiosunda efirə gedən "Osoboye Mnenie” (Xüsusi Rəy) verilişində Narusova "”Rusiyanın böyük adları” layihəsi haqqında söz açan zaman Rusiya aeroportlarının adlarının dəyişdirilməsi qərarını tənqid atəşinə tutub.

"Şermetyevo və ya Domodedovoya nələrisə əlavə etmək nəyə lazımdır axı. Hələ onu demirəm, Sibirin hansısa şəhərinə, yanılmıramsa, Surquta orada neft yatağı kəşf edən hansısa azərbaycanlı Süleyman ibn filankəsin adını veriblər”, - deyə senator söyləyib.

Narusov Sibirdə neft kəşf edən Fərman Salmanovun da adını düzgün deyə bilməyib, onu Süleyman kimi təqdim edib.

Narusova neft yatağı kəşf etməsinə görə hər cür alqışa layiq olduğunu bildirsə də, hava limanına onun adının veriləcəyi təqdirdə, rusdillilər üçün tələffüzdə çətinliklərin yaranacağını qeyd edib.

Xantı-Mansiysk Muxtar Dairəsinin İctimai Palatasından bildiriblər ki, Yuqranı müxtəlif millətlərdən olan insanlar, o cümlədən, azərbaycanlılar, tatarlar, ukraynalılar və dağıstanlılar qurub. Loqinov Salmanovun dahi insan olduğunu və məhz onun sayəsində "həmin senatorun” öz kreslosunda əyləşdiyini vurğulayıb. Palatanın üzvü qeyd edib ki, aeroporta neft kəşf edən azərbaycanlı geoloqun adının verilməsi xalqın qərarıdır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyada aeroportlara dahi şəxsiyyətlərin adlarının verilməsi ilə bağlı sorğu keçirilib. Surqut şəhərində keçirilən səsvermədə Sibirdə neft yatağını kəşf etmiş azərbaycanlı Fərman Salmanov qalib gəlib.

Fərman Salmanov 28 iyul 1931-ci ildə Azərbaycanın Şəmkir rayonunun Leninsk kəndində (indiki Morul kəndi - red.) anadan olub.

1947-ci ildə orta təhsili başa vurduqdan sonra Şirvanın kompleks ekspedisiyasında kollektor vəzifəsinə işə düzəlib. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini "Dağ mühəndis-geoloqu” ixtisası üzrə bitirib.

İnstitutu bitirdikdən sonra Kuzbassa neft axtarmağa göndərilib. Kuzbassda neft kəşfiyyatının heç bir perspektivinin olmadığına əmin olan Salmanov 1957-ci ilin avqustunda könüllü olaraq və gizlicə öz geoloji partiyasını Surquta aparıb.

Surqutda "qara qızıl” tapacağına inanan Salmanovu işdən xaric etməyə və mühakimə etməyə çalışıblar. Bütün bu əngəllərə rəğmən, o qazma işlərini davam etdirib. Qalmaqalın yaranmaması üçün rəhbərlik Salmanovun partiyasının Surquta köçürülməsi haqqında geri tarixlə əmr imzalayıb.


Fərman Salmanov olanları belə xatırlayırdı:

" Çox səs-küy var idi, ona görə rabitəni söndürdük. Məni tutduğum vəzifədən azad etmək istəyirdilər. Ancaq sonda qalmağıma icazə verdilər. Əvvəl həyat yoldaşlarımız və uşaqlarımızla vağzala yerləşmişdik. Martın 21-də, 1961-ci ildə mənim ən sevimli Azərbaycan bayramım – Novruz bayramında Megidon kəndindəki ilk quyudan neft fontan vurdu. "Biz qalib gəldik”, - deyə qışqırırdım”.

Megion kəndindəki ilk quyuda neft 21 mart 1961-ci ildə çıxdı. Salmanov bu hadisədən sonra bütün opponentlərinə belə bir məzmunlu məktub göndərdi:

"Hörmətli vətəndaş, Megiondakı 2180 metr dərinlikli 1 saylı quyudan neft fontan vurub. Aydın oldu? Hörmətlə, Fərman Salmanov”.

Onu gözü götürməyənlər, bunun bir təbii anomaliya olduğunu deməklə öz dikbaşlıqlarına bəraət qazandırmağa çalışırdılar. Əmin edirdilər ki, Qərbi Sibirdə neftin çıxarılması mümkün olan şey deyil.

Ancaq Üst-Balıka rayonunda ikinci quyudan neftin fontan vurmasından sonra Salmanov rəhbərliyə radioqram göndərir:

"Quyudan neft çıxır”. N.S.Xruşyova isə belə məzmunlu teleqram göndərir:

"Mən neft tapdım. Belə. Salmanov”.

1966-cı ildə Salmanova Sosialist Əmək Qəhrəmanı adı verilir. O, Lenin ordeni, həmçinin, "Oraq və çəkic” medalı ilə təltif olunur.

SSRİ-nin süqutundan sonra Salmanov "Rospan İnterneşnl” QSC-də prezident postunu tutub. 2002-ci ildə "İTERA” MMC-nin direktorlar şurasının sədrinin müşaviri seçilib, həmçinin, "Yuqneftqaz” direktorlar şurasının sədri vəzifəsində çalışıb.

Fərman Qurban oğlu Salmanov 2007-ci ildə Moskvada vəfat edib. Dahi azərbaycanlı Rusiya paytaxtının Vaqankovsk qəbiristanlığında torpağa tapşırılıb.

oxu.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz