Bir neçə ildir ölkədə korrupsiya faktları ilə ciddi mübarizə aparıldığının şahidiyik. Son aylar bu prorsessin sürətlənməsi, konkret korrupsioner məmurların vəzifədən qovulması daha bir nümunədir.
Ümumiyyətlə, prezident İlham Əliyevin apardığı köklü kadr islahatlarında məqsəd qeyri neft sektorunun inkişafı, sahibkarlara normal şəraitin yaradılması və dövlət büdcəsinə sistemli nəzarətin edilməsidir. Son günlər isə ölkənin demək olar ki, bütün qurumlarında edilən struktur dəyişikliyi, vəzifələrin və fəaliyyətin konkretləşməsi gələcək üçün uğurlu inkişaf vəd edir.
… təhlükəli gediş
Amma, gəl ki, bəzi qurumlarda vəziyyət hələ də ürəkaçan deyil. Əksər qurumlarda nə qədər islahat aparılsa da, ortada açıq suallar və həllini gözləyən konkret problemlər var.
Məsələn, ötən ilin son günlərində Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında qurumun uğurlarından danışarkən kifayət qədər ciddi məqamlara toxundu. Komitə sədri bildirdi ki, sahibkarlara qarşı heç bir problem yaradılmır və kim gömrükdəki monopoliya faktını göstərsə Mehdiyev sədr postundan istefa vercəcək. Sədrin bu açıqlamasını həm maraqlı ifadə, həm də təhlükəli siyası gediş adlandırmaq olar. Bu barədə bir qədər sonra.
Hamıya bəllidir ki, əvvəlki Gömrük şefi Aydın Əliyevin zamanında bu qurum sahibkarların baş bəlası idi. Bütün sahələr monopoliyaya alınmışdı və bu işin “TransBroker” MMC adlı bir şirkət tərəfindən həyata keçirildiyi bildirilirdi.
Mətbuatın yazdıqlarına istinadən demək olar ki, “TransBroker” MMC-nin rəhbəri Əbülfəz Məlikov adlı şəxs bu işi o qədər həssaslıqla işləyib hazırlamışdı ki, sahibkar bütün şərtlərlə razılaşmağa məcbur olurdu. 10 illərlə davam edən bu prosess sonda Gömrük Komitəsinin sədri Aydın Əliyevin, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun kariyerasını sona çatdırdı.
Əksəriyyət düşünürdü ki, sözügedən adamlar həbs olunacaq və onlara Gömrüyü nədən bu hala saldıqları soruşulacaq. Təəssüflər olsun ki, onlara kimsə bir söz demədi və əməllərinin cavabı o dünyaya qaldı.
Bütün köklü dəyişiklikdən sonra Aydın Əliyevin postunu elə bu qurumdakı generallardan biri, deyilənə görə, super monopolist Əbülfəz Məlikovun ən yaxın dostu Səfər Mehdiyev tutdu. Yenə deyilənə görə, Dövlət Gömrük Komitəsinin sədri olmaq üçün bu işi dərindən bilən Əbülfəz Məlikovla, Səfər Mehdiyev real namizəd olub. Əbülfəz Məlikovun adı mətbuatda gömrük monopolisti kimi biabırçı formada hallandığından DGK-nın sədri olmaq şanslarını itirib.
Məlumatlı mənbə Bizimxeber.az-a bildirir ki, ən yaxın dost olmalarına baxmayaraq Əbülfəz Məlikov yenə Gömrük Komitəsinin sədri olmaq arzusundadır və bu istəyini reallaşdırmaq üçün əlindən gələni edir. Sadəcə mətbuat onun əməllərini ifşa etdiyi, adı super monopolist şəxs olaraq hallandığı üçün bu istəyi elə istək olaraq qalmaqdadır. Məlumata görə, Əbülfəz Məlikov həm də ölkənin ən super milyonçularından biridir.
Son brifinq…
Yuxarda qeyd etdik ki, DGK sədri Səfər Mehtiyev jurnalistlər üçün keçirdiyi son brifinqdə istefa verəcəyini bildirmişdi. Bunun ardınca mətbuatda (DGK ilə “əməkdaşlıq” edən “müstəqil” saytlardan başqa) onlarla sahibkarın üzləşdiyi problemlər işıqlandırldı, Gömrükdə rastlaşdıqları problemlərdən, gətirdikləri malları gömrük qeydiyyatından keçirərkən üzləşdikləri çətinliklərdən söhbət açdılar. Gömrük Komitəsinən bu faktların bir neçəsinə açıqlama gəldi. Bu açıqlamalardan ortaya çıxan sualları araşdırmağa dəyər – NB GROUP ASC ilə eyni adlı MMC-nin necə fəaliyyət göstərməsi, məhkəmə qərarının hansı müddətdə icraya yönəldilməsinin mümkünlüyü, eyni adlı şirkətin necə rəsmi qeydiyyatdan keçiriləməsi, fərqli VOEN-lər varsa problemin nədən ibarət olduğunu, maşınla birlikdə gömrükdən yükün neçə yoxa çıxması, məhkəmə qərarının 3 ildir niyə icra olunmaması və sairə).
Həmçinin Gömrük sədrinin istefasının da şahidi olmadıq, yəqin ki olmayacağıq. Çünki, monopoliya faktları hələlik subuta yetirilə bilmir.
Ümumiyyətlə, bir məqama da toxunaq. “İstefa verərəm” nə deməkdir? Azərbaycanda istefa verən məmur olubmu? “İstefa verərəm” deyən məmur bununla nə demək istəyir? İstefa mədəniyyəti nədir, bilirikmi? İstefa verə bilərsizmi?
Əvvəla Gömrük Komitəsi sədri postu seçkili deyil. Bu posta təyinatı prezident İlham Əliyev edir. İstefa vermək prezidentin etimadına kölgə salmaq demək deyilmi? Əksinə vəzifəli şəxs rüşvətsiz işləməklə, daha yeni və rahat model yaratmaqla fəaliyyətini subut etməldir. Səfər Mehdiyevin əlində işini subut etmək, Gömrüyü monopoliyadan tamam çıxarıb normal bir sistemli quruma çevirmək şansları var. O sədr olaraq bunu asanlıqla edə bilər.
Amma, o, “istefa verərəm” deyir. Gömrükdə problem yoxdurmu, Səfər Mehdiyev? Əgər yoxdursa, o zaman həftənin hər günü müxtəlif saytlarda niyə sahibkarların üzləşdiyi problemlərin şahidi oluruq. Biri kartof gətirə bilmir, biri banan monopoliyasının hələ də qaldığını deyir, diğəri isə mebel, təkər problemi yaşayır. Hələ bananı dilə gətimirik. Banan sadəcə bəladır, banan deyil.
Maraqlıdır, sahibkarları nə məcbur edir ki, mətbuata yalandan açıqlama verib incidildiklərini bildirsinlər?Problem olmadığı halda nədən mətbuata çıxıb nəsə desinlər? Od olmasa tüstü çıxmaz, cənablar. Qonşu Gürcüstanda gömrük xidməti saat əqrəbi kimi işləyir. Niyə onlarda problem olmur, sahibkar çıxıb qışqırmır, danışmır, bizdə olur?
…monopoliya “Allahı”…
Əslində bu yazının ana damarı O adamdır. O adam ki, Gömrük düzənini illərdi pozub, monopoliya sistemini elə qurub ki, bu gün də bütün Azərbaycan bundan əziyyət çəkir. O adam ki, dəfələrlə saxlanılıb (bu yaxınlarda yenə saxlanılıbmış. Təffərüatlar verəcəyik), amma yenə sərbəstdir və öz işindədir. Bəli, bu super monopolist, bu sistemi dərindən bilən, “TransBroker” ASC-nin rəhbəri Əbülfəz Məlikovdur. “Google” axtarış səhifəsində bu adı yazdıqda adam sadəcə utanır. Onun haqqında elə faktlar var ki, deyiləsi deyil. Bəs indi hardadır? Nə iş görür və ən maraqlısı Gömrük işinin təşkilində yenə barmağı varmı?
Bir neçə ay əvvəl ölkə mətbuatı yazdı ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna Əbülfəz Məlikovu yeni rəis təyin edib. Komitə elə həmin gün məlumatı təkzib etdi. Çünki bu məlumat elə Məlikov komandası tərəfindən yayılmışdı və “blef” idi.
Bizimxeber.az-a daxil məlumata görə, Əbülfəz Məlikov bir neçə aydır Abşeron Logistika Mərkəzində baş direktoru kimi çalışır. Məhz baş direktor.
Bu mərkəz 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Mərkəz vahid gömrük məntəqəsi kimi qəbul olunur. Mərkəzdə idxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Bax işin ən maraqlı tərəfi də elə budur. Deməli, Əbülfəz Məlikovun əlinə yenə gömrük sənədləşdirilməsi səlahiyyətləri verilib? Bu dəfə isə lap rəsmi formada? Əcəba, adı gömrük monopoliyasının şahı kimi hallanan Əbülfəz Məlikov bu Mərkəzə niyə gətirilib? Gömrükdə rüşvətin, monopoliyanın axırına çıxmağa hazır kimi görünən höhmətli Səfər Mehdiyev nədən Əbülfəz Məlikov kimi monopolistin bura yan almasına imkan verib? Bu sualların cavabı var əslində. Sadəcə konkret araşdırmalarımızdan sonra səbəblər barədə daha keniş məlumat verəcəyik.
Sadəcə hələlik onu deyək ki, Əbülfəz Məlikovun “TransBroker” ASC-dəki yük gömrük bəyannamələrinin doldurulması işini görən qalustuklu, qara kostyumlu adamları artıq Mərkəzdə görünməyə başlayıb. Yəni, deklorasiya verə bilməyən sahibkarlar məcburən bu şəxslərin yardımından yararlanmalıdırlar. Onlar da öz istədiklərini yazmalıdırlar. “İstəmirsən heç sənin deklorasiyanı yazmırıq”, ” biz sizinlə müqavilə bağlamırıq” kimi süründürməçilik başlayır?
Elə isə başqa bir sual – Sahibkar niyə deklorasiyanı özü yaza bilmir? Elektron sistemdə qırmızı qadağalar nədir? Bloklanma nəyin əlamətidir? Belə çıxır ki, Əbülfəz Məlikov Gömrükdə yeni və sirri uzun illər açılmayan monopoliya sistemi yaradır? Bu dəfə elə bir sistem ki, onu kimsə çözə bilməsin? Son günlər sahibkarların mütəmadi olaraq mətbuata üz tutmasının səbəbi də elə budur?
Bildirilir ki, Məlikovun qurduğu yeni sistem o qədər incə hazırlanıb ki, misli bərabəri yoxdur. Əvvəl Əbülfəz Məlikov və adamları sahibkarları onlarla işləməyə məcbur edirdisə, yeni sistemdə sahibkarlar özləri Əbülfəz Məlikovu çıraqla axtaracaqlar ki, yüklərini sənəsləşdirə bilsinlər. Bu sistemin bütün tərəflərini çılpaqlığı ilə çözməyə çalışırıq.
Fakt görünən odur ki, gömrük Əbülfəz Məlikov olmadan “inkişaf” etmir.
Araşdırmalarımız davam edir.
Bizimxeber.Az