Axtarış...

Mehman Hüseynov bu tarixdə azadlığa çıxa bilər və ...

Mehman Hüseynov bu tarixdə azadlığa çıxa bilər və ...

Yanvarın 8-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri - Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı və Sahib Məmmədov Bakı İstintaq Təcridxanasında həbsdə olan bloger Mehman Hüseynovla görüşdülər.

Millitv.az xəbər verir ki, publika.az-a müsahibəsində Əliməmməd Nuriyev həbsxanada gördükləri, Mehman Hüseynovun vəziyyəti və onun ətrafında yaradılan süni ajiotaj barədə fikirlərini bildirib.

- Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərinin istintaq təcridxanasında həbsdə olan Mehman Hüseynovu ziyarət etməsinin məqsədi nə idi?

- İctimai Komitənin üzvləri olaraq bizim başlıca məqsədimiz vəziyyəti aydınlaşdırmaq idi. Həm də bizə çoxlu müraciətlər var idi. Şərq Tərəfdaşlığı Forumunun nümayəndələri, xeyli vətəndaş cəmiyyətinin nümayəndələri, onun dostları bizə müraciət edirdi. Bizim üzərimizə düşən birbaşa vəzifələrdən biri odur ki, əgər hər hansı bir məlumat varsa, onun dəqiqliyini öyrənək. Eyni zamanda, İctimai Komitə üçün ən vacib məsələlərdən biri məhkumların vəziyyəti və taleyidir. Biz orada təkcə Mehmanla görüşmədik, digər məhkumlarla da görüşdük, eyni zamanda, çoxsaylı kameralara baxdıq. Mehmanın kamerası 4 nəfərlikdir, amma orada 3 nəfər var. Onlar ağır cinayətlərdə təqsirləndirilən şəxslər deyil. Onların arasında normal münasibətlər var. Biz kamerada ona gətirilən sovqatı gördük. O, bizdən əvvəl atası ilə görüşmüşdü. Daha sonra isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüb.

- Mehmanın vəziyyəti, səhhəti necə idi, sizinlə hansı söhbətləri oldu?

- Mehman Hüseynov ətrafında indiyə qədər mövcud olan ajiotajın yenidən yaranmasının səbəbi ondan ibarətdir ki, yalan üzərində qurulan informasiya darmadağın edildi. Mən bu ifadəni deməyə məcburam, bir çoxları həyasızcasına yazmaqdan və danışmaqdan usanmırlar ki, Mehman Hüseynov aclıq edir. Mehman Hüseynov aclıq etmir. O, aksiyanı ötən ayın 30-dan saxlayıb. Bundan sonra onun aksiyanı dayandırması barədə müvafiq akt da var, atasının da bu barədə müraciətləri olub. Biz orada bütün sənədləşmə ilə tanış olduq, eyni zamanda, Mehmanın özü ilə görüşdük. Çox yaxşı bir görüşümüz alındı. Özü vəziyyətlə bağlı hərtərəfli məlumat verdi və ilk növbədə qeyd etdi ki, hazırda aclıq keçirmir. Əsasən süd məhsulları qəbul edir, səhhətinə ziyan olduğu üçün digər məhsullardan istifadə etmir. Çünki,onda hələ həbs olunmamışdan öncə varikoz genişlənməsi var. Ona bal da gətirmişdilər.

Onu da qeyd edim ki, istənilən şəxs, o cümlədən məhkum aclıq etmək hüququna malikdir. Bu, qadağan olunmur, bu qərar könüllü, şəxsin özü tərəfindən qəbul edilir. Amma bu hal qeydə alınır və məhkum həkim nəzarətində olur. Əgər lazım olarsa, onun məcburi yedizdirilməsi da mümkündür. Aclıq proseduraları beynəlxalq qanunvericilikdə belədir və Azərbaycan qanunvericiliyi ilə də bu şəkildə müəyyənləşib. Baxmayaraq ki, onun özü aclıq aksiyası keçirmədiyini bildirir və bu barədə rəsmi məlumat da var, bununla belə Mehman həkim nəzarətindədir. Onun özü də bunu bildirdi. Qanunvericilikdə nəzərdə tutulan bütün yardımlar ona edilir və bundan sonra da davam edəcək. Mehmanın özü də qeyd etdi ki, istintaq təcridxanasında onun hər hansı problemi yoxdur. Onun administrativ problemi, münasibət məsələlərində, cəzanın çəkilməsi, saxlanıldığı yer, həkim, vəkil və valideynlərlə görüşlə bağlı hər hansı problemi yoxdur. Ona qeyri-insani münasibətdə yoxdur. Bunu onun özü, hətta vəkili də qeyd edir. Eyni zamanda, Mehman yeni cinayət işi ilə bağlı narahatlığını ifadə edir. Bu, təbii və başadüşülən narahatlıqdır, çünki, martın 2-də onun cəza müddəti başa çatır. Özü də hesab edir ki, təqsirsizdir. Bildirir ki, cəza müddətində hər hansı inzibati tənbeh də almayıb. Düşünürük ki, cinayət işinin başlanması hələ o demək deyil ki, qeyd edilən cinayət işi baş verib. Hüquqi qiymətləndirməni müvafiq istintaq orqanı aparır, ümid edirik ki, məsələyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həqiqətin ortaya çıxarılması üçün obyektiv yanaşma olacaq. Biz Mehmanla təxminən bir saat yarıma qədər söhbətləşdik. O, hadisəni təfsilatı ilə bizə danışdı. Eyni zamanda, dedi ki, bunu müvafiq qurumlara çatdıraq və belə də etdik. O, bir daha bildirdi ki, aclıq aksiyası keçirmir, məqsədi martın 2-nə, azadlığa çıxana kimi səhhətini gücləndirməkdir.

- Amma Mehman Hüseynovla bağlı bir ajiotaj yaradılıb və sizin danışdıqlarınızdan tamamilə fərqli şeylər danışılır...

- Bütün danışdıqlarım faktdır, bu, bizim gördüyümüz həqiqətdir, Mehman Hüseynovun özünün bizə verdiyi məlumatlardır. Kimlərsə informasiyaları uydurur, hadisə yaratmağa çalışırlar. Onun üzərində oyun oynamağa çalışırlar. Bəzi, xüsusilə Avropanın mətbuat orqanlarında elə yalan informasiyalar yayılır ki, bunlar ağlasığan deyil. Bunların həqiqətlə heç bir əlaqəsi yoxdur. Biz orada bir məlumatı da öyrəndik, Mehmanın qardaşı 20 ilə yaxındır ki, hərbi xidmətdədir, vətənə xidmət edir. O deyir ki, mən öz hərəkətimə görə məsuliyyət daşıyıram. Bu da doğrudur, hər kəsin məsuliyyəti fərqlidir. Ən vacib məsələ odur ki, ona qayğı göstərək. Hüquq müdafiəçiləri olaraq buna çalışdıq, eyni zamanda, həqiqəti çatdırmaq istədik. Kimlərsə, bu məsələnin üzərindən divident qazanmaq istəyirlərsə, bu artıq onların vicdan və ləyaqət məsələsidir.

"Turan TV" adlı bir kanal var, bilmirəm, ona informasiya mənbəyi demək olar, ya yox, qeyd edir ki, Mehman bu gün də aclıq edir. Eyni zamanda qeyd edilər ki, bunun böyük bir hərəkata başlanmasını gözləyirdik. Bunlar nə danışır, məqsədləri nədir? Mehman axı, tamam başqa bir insandır. Onun üzərində bu cür oyunlar oynamaq lazım deyil. Bunun taleyi, səhhəti vacib məsələdir. Onlar istəyir ki, Mehman aclığı davam etdirsin. Bizim üçün ən vacib məsələ onun səhhəti, sağlamlığıdır, onun hüquqlarının qorunmasıdır. Mən də arzu edirəm ki, o, azadlığa çıxsın. Amma yenə deyirəm, cinayət işi ilə bağlı hüquqi qiymətləndirmə etməyim düzgün olmazdı. Bu, İctimai Komitənin üzvü kimi bizim mandatımıza uyğun məsələ deyil. Mənim üçün əsas məsələ işin obyektiv aparılması ilə bağlıdır və əminəm ki, məsələ bu formada da olacaq. Mehman Hüseynov da bunu istəyir. O, gənc bir insandır, ölkəmizin vətəndaşıdır, özünəməxsus baxışları olan şəxsdir. Yalan məlumatlar olmamalıdır, həqiqət olmalıdır. Onun vəkili var, ondan soruşsunlar. Digər tərəfdən, valideynin fikirləri, müraciətləri var. Onun üzərində bu qədər oyun oynamaq, ajiotaj yaratmaq olmaz. Bilirsiniz ki, siyasi məhbus məsələsi böyük biznesdir, böyük maliyyə vəsaitidir. Eyni zamanda ayrı-ayrı anti-Azərbaycan mərkəzlərinin sifarişləri var. Bəziləri utanmadan, xəcalət çəkmədən, ləyaqət hissini belə düşünmədən Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər, müxtəlif media orqanlarına malikdir. Əminəm ki, onların apardığı təbliğat və təşviqatın arxasında Mehmanın həyatı, onun cinayət işi ilə bağlı narahatlıq dayanmır, onların özlərinin bazarlarının, biznes maraqlarının genişləndirilməsi ilə bağlıdır. Əminəm ki, onlar bu məsələdə hətta Azərbaycanın düşmənləri ilə, Azərbaycanı istəməyənlərlə, Azərbaycan ərazisini işğal edən və onların arxasında duran şəxslərlə də əməkdaşlıq etməkdən çəkinmirlər. Çünki, bzi bunları görürük və çoxdan tanıyırıq. Bu, bir çoxlarının fikirlərində açıq-aşkar görünür. Onlar şərəf və ləyaqət hissini o qədər itiriblər ki, özlərinə yalanla, söyüş və təhqirlə imic yaratmaq istəyirlər. Başa düşmürəm ki, yalanla, söyüş və təhqirlə imic yaratmaq necə mümkün olacaq? Bu olsa da, müvəqqəti bir şeydir və sabun köpüyü kimi tezliklə dağılır. Necə ki, bu, Mehman Hüseynovun aclıq aksiyası ilə bağlı məsələdə dağıldı. Onların növbəti addımları da eyni taleyi yaşayacaq. Ayrı-ayrı dövlət qurumlarında olan şəxslərin - bu məsələ ilə bağlı obyektiv danışan, fikir söyləməyə çalışan hər kəsin ünvanına söyüş və təhqirlər edirlər, hətta əxlaqsız hərəkətlərə qədər gedirlər. İnanıram ki, Mehman üzərindən oynanılmağa çalışan növbəti komediya tezliklə başa çatacaq və əminəm ki, Mehman da öz azadlığına qovuşacaq. İnanıram ki, cinayət işi tam və hərtərəfli aparılacaq, öz hüquqi qiymətini alacaq.

- Mehman Hüseynovun özünün bu süni yaradılan ajiotaja, onun üzərindən oynanılmağa çalışan çirkin oyuna reaksiyası necədir?

- Mehman ancaq özü barədə düşünür. Kimlərlə bu oyunu oynayırlar, bu onların adətidir, amma bütün bunlar Mehmanı maraqlandırmır. Onu azadlığa çıxması maraqlandırır. Biz hətta çalışdıq ki, bütün məsələləri qanunvericilik çərçivəsində həyata keçirək. Çünki, burada vacib məsələ məhz onun mövqeyidir. Onunla bağlı bir görüntü yayılırsa, həm görüntünün alınmasına, həm də yayılmasına icazə verilməlidir. Əks halda, bu, yanlış bir addım olardı. Bu məsələlərlə bağlı ilk növbədə onun, daha sonra da əlbəttə ki, Penitensiar Xidmətinin razılığı olmalıdır. Bunların hamısı qanunla tənzimlənən məsələlərdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz