Dünən İCMAl.az saytında Mingəçevir şəhər məhkəməsi, Ələkbər Hüseynovun hakimliyi ilə 7NEWS.az saytının region admin-müxbiri Yusubov Mirzə Üzeyir oğluna qarşı irəli sürülən həbs ittihamı ilə bağlı yazı dərc etmişdik.
Yazıda qeyd olunurdu ki, Mirzə Yusubovun atası Üzeyir Yusubov (rəhmətə gedib) millət vəkilləri Azər Kərimli və Rüfət Quliyevlə birlikdə karyer işlədiblər. Üzeyir Yusubov rəhmətə gedəndən sonra onun pay hissəsi avtomatik olaraq oğlu, 26 yaşlı Mirzə Yusubova keçib. Ötəl il müəssisədə yoxlamalar başlandı (hansı ki, Prezident bütün yoxlamaları ləğv edib) və müəssisəyə 80 minə yaxın cərimə yazıldı. Daş karxananın yerini bilməyən bu 26 yaşlı gəncin taleyi ittihamçı prokuror Vidadi Cabbarovun əlindədir. Məlumat üçün qeyd edək ki, Ekologiya nazirliyinin heç bir etirazı yoxdur, məbləğin hissə-hissə ödənilməsinə etiraz etmir. İş üzrə isə istintaq aparılmır, ekspertiza rəyi yoxdur, digər 2 deputat təsisçi prosesə cəlb olunmayıb, bu boyda dərd isə ailənin yeganə oğlan övladı 25 yaşlı gəncə “yüklənib”. Bu gəncə sadəcə olaraq şans vermək lazımdır, şan verin, cədvəl açın, 1 il ərzində cəriməsini ödəsin. Cəmi 1 gün qalıb…
Mirzə Yusubovun anası Dilşad Yusubovanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya ürək parçalayan müraciətinin tam mətnini təqdim edirik:
Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Mən Yusubova Dilşad Cahangir qızı dul qadın, üç övlad anası, dörd nəvə nənəsiyəm. Sizin də övladlarınız və nəvələrinizə Tanrıdan uzun və xoşbəxt ömür diləyirəm. Həyat yoldaşım Yusubov Üzeyir Mirzə oğlunun 2010-cu ildə qəfil vəfatından sonra ailənin bütün yükü mənim çiyinlərimə düşdü. Ərimin vəfatından sonra ondan bizə miras qalmış karxanananın yükü də bizim üzərimizə düşdü. Ancaq keçən müddət ərzində karxananın fəaliyyətini düzgün nizamlaya bilmədiyimiz, çoxlu sayda yoxlamaların aparılması və s. səbəblərdən müəssisə ziyanla işlədi və 2016-cı ildə tamamilə fəaliyyətini dayandırdı. Prezidentimiz İlham Əliyevin imzasıyla 2015-ci il noyabrın 1-də Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. 31 oktyabr 2017-ci il tarixdə qüvvəyə minən 845-VQD nömrəli Qanunla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilin yanvarın 1-dək dayandırılırmasından sonra müəssisənin həmtəsisçiləri ilə qərara gədik ki, yenidən müəssisənin fəaliyyətini bərpa edək. Beləliklə, 2017-ci ilin iyun ayının əvvəlində rəsmi fəaliyyətə başladıq. Prezidentimiz 17 aprel 2017-ci ildə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində etdiyiniz çıxışınızda bildirdi ki, “Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”. Lakin bütün deyilənlərə baxmayaraq müəssisənin fəaliyyət göstərdiyi bir il ərzində elə ay olmadı ki, müxtəlif dövlət orqanlarının əsaslı yaxud əsassız yoxlaması olmasın. Bu azmış kimi, Mingəçevir Şəhər Bələdiyyəsi də qeyri-qanuni tələb irəli sürərək müəssisənin bələdiyyəyə 26 min borcunun olması iddiasını irəli sürdü lakin məhkəmədə bunu sübuta yetirə bilmədi. Sonuncu yoxlama Baş Prokurorluq tərəfindən aparıldı və nəticədə oğlum Yusubov Mirzəyə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə 192.1, 213.2.2, 247 və 308.2 –ci maddələri ilə cinayət işi açıldı və müəssisənin fəaliyyəti dayandırıldı. Hal-hazırda Mingəçevir şəhər Məhkəməsində işə baxılır və ittihamçı prokuror Vidadi Cabbarov mənə dedi ki sənin oğluna 4 il yarım iş verəcəm getsin türmədə yatsın. Oğlumu dövlətə 74 min ziyan verməkdə, 100 mindən artıq bələdiyyə vergisindən yayınmaqda ittiham edirlər. Biz dövlətimizin gördüyü tədbirlərə qarşı deyilik. Hər zaman dövləti və dövlətçiliyimizi dəstəkləyirik.
Biz hamılıqla 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verdik. Hər zaman dəstəklədik və dəstəkləyəcəyik. Bu məsələdə də, haqq və ədalətin zəfər qazanması üçün sizdən kömək gözləyirik.
Axı 25 yaşlı Mirzənin günahı nədir.
Onun bircə günahı var. Günahı odur ki, atasından ona karxanın bir hissəsi miras qalıb. Əgər bələdiyyəyə borcu varıydısa necə olur ki Bələdiyyə özü qaldırdığı iddiada 26 min borcdan söhbət gedir sonradan rəqəm şişirdilir olur 100 min. Bu addımlar nə üçün atılır? İnsanların prezidentə və Sizə olan inam və sevgilərini sarsıtmaq üçünmü? Biz əlimizdə ovcumuzda nə qədər pulumuz var idi hamısını, yəni 14 min manatı ödəmişik.
Hətta zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi də, ziyanın hissə-hissə ödənilməsinə etiraz etmədiyini bildirib.
Biz sadəcə vaxt istəyirik.
Ancaq prokuror inadla deyir ki, pulu ödəməsəniz oğlunuzu həbs edəcəm. Əgər bizim imkanımız olsa idi, kredit borcumuzu ödəyərdik, qalmazdı.
Hörmətli Mehriban xanım!
Mən dul, başsız qadının tək yetim oğlu həbs olunacaq. Əgər pozuntuya yol verilibsə niyə müəssisənin bütün payçıları eyni qaydada məsuliyyət daşımır. Məlumunuz olsun ki, deputatlar Rüfət Quliyev və Azər Kərimli də bu karxanada pay sahibidirlər. Onlar da, bərabər şəkildə qazanc götürüblər. Lakin nə işdirsə onlar məsuliyyətdən yayınırlar. Deməli həmişə olduğu kimi zəif, imkansız, əzilmiş insanlar əzab çəkməlidir.
Mənim Sizdən bircə xahişim var. Mən yenə də dilənib dolanıb bu pulu ödəməyə hazıram. Oğlumu həbs etməsinlər. Onun heç bir günahı yoxdur. O heç bir vaxt yüngül belə cinayət törətməyib. Ictimai işlərdə fəaldır, bəzi mətbu redaksiyalarda texniki-müxbir işçi kimi ictimai əsaslarla çalışır. Sizin də bir oğlunuz var. Onu gözünüzün qabağına gətirin. Sadəcə vaxt versinlər bizə, tutmasınlar oğlumu.
Hörmətlə, Dilşad Yusubova”
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə yaratmağa çalışırıq. Hər zaman jurnalistlərə dost mövqe sərgiləyən Eldar müəllimin bu məsələdə də ədalət prinsipinə uyğun davranacağına şübhəmiz yoxdur./7NEWS.az/