Axtarış...

Avtomobili olanlara bəd xəbər: qiymətlər iki dəfə qaldırıla bilər

Avtomobili olanlara bəd xəbər: qiymətlər iki dəfə qaldırıla bilər

Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilən parkinqlərdə qiymətlərin artırılması ilə bağlı məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, artıq bəzi sürücülər sosial şəbəkələrdə Füzuli küçəsindəki yeraltı parkinqdə qiymətlərin iki dəfə artırıldığını yazırlar.

Yazılan bu məlumatlarla bağlı isə Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda bəzi küçələrdə parkinqlərin infrastrukturunun yenilənməsi üzərində iş gedir. Bundan sonra isə qiymət siyasətinə də baxılacaq.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov yeraltı parkinqlərdə qiymətlərin artırılması barədə fikirləri şərh edib. O bildirib ki, indiki vaxtda parklama yerlərində qiymətləri artırmaq və ya müxtəlif güzəştli xidmət zərflərini ləğv etmək çox ciddi səhv olar. Ekspert fikrini bu cür əsaslandırıb:

"Birincisi, Bakının küçə və prospektlərində parklanmalarla, o cümlədən qanunsuz parklanmalarla bağlı ciddi problem var. Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur, xaos və tıxac yaranır. Belə şəraitdə şəhərin mərkəzində parklanma yeri axtaran sürücüləri yeraltı parklanmalardan istifadəyə sövq etmək lazımdır. Elə güzəştli qiymətlər və həvəsləndirici şərtlər tətbiq etmək lazımdır ki, heç kəs həmin parklanmalardan istifadədə tərəddüd etməsin. Amma qiymətin qaldırılması və güzəşt zərflərinin ləğvi və ya ağırlaşdırılması bunun əksini edəcək: belə olsa, indi oradan istifadə edənlərin xeylisi yuxarıda - mərkəzdəki küçə və prospektlərdə parklanma yeri axtaracaq. Belə yer isə yoxdur. Deməli, ikinci cərgədə və qadağan olunan yerlərdə parklamaların sayı artacaq. Nə qədər sərt mübarizə aparılsa da, bu, qaçılmaz olacaq. Başqa sözlə, mərkəzdə parklanma xaosu bir az da artacaq”.

Ə.Hüseynov bildirib ki, bu iqtisadi baxımdan da doğru yanaşma deyil:

"İkinci məqam isə qiymətlərin qaldırılması və ya güzəştli istifadənin ləğvi iqtisadi baxımdan da yanlış olmasıdır. Qeyd etdiyim kimi, bəzi adamlar həmin yerlərdən istifadə etməkdən imtina edəcəklər. Nəticədə yeraltı parklanma yerləri yarıboş qalacaq və təbii ki, daxilolmalar azalacaq. Başqa əsaslar da gətirmək olar. Amma məncə, bu iki əsas kifayətdir ki, qiymətlərin nəinki qaldırılmasının, hətta azaldılmasının və güzəştlərin genişləndirilməsinin zəruriliyi aydın olsun. Məsələn, düşünürəm ki, yeraltı parklamalardan mütəmadi istifadə edənlərə təkcə biraylıq yox, hətta birillik zərf təklif etmək lazımdır, özü də elə qiymətə ki, onu 12 aya böləndə hər ayın haqqı indiki aylığın yarısı və ya üçdə biri qədər olsun. Həmin parklanma yerlərindən epizodik istifadə edənlər üçün da maraqlı həvəsləndirici ideyalar düşünmək lazımdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz