Axtarış...

Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?

Oliqarx deputatların mandatlı son yayı - Kimlər gedəcək?

Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi 2020-ci ilin payızına nəzərdə tutulur. Seçkilərin erkən keçiriləcəyi ilə bağlı proqnozlar olsa da, hələ ki bu fikirlər özünü doğrultmur. Eyni zamanda ekspertlər tərəfindən bildirilir ki, növbəti parlament seçkilərində hazırkı bir çox deputatlar mandatsız qalacaqlar. Xüsusilə də bu, oliqarx deputatlara aid edilir. Hansı ki, bu deputatlar Milli Məclisdə bir dəfə də olsun çıxış etməyib, xalqın problemləri barədə söhbət açmayıb, təkliflər verməyiblər. Onların adı daha çox biznes qalmaqallarında, oliqarx həyatları ilə bağlı hallanıb.

Oliqarxlara keçməzdən öncə onu da qeyd edək ki, hazırda Milli Məclisdə xeyli yaşlı deputatlar da var. Belə ki, hazırda Milli Məclisin ən qocaman deputatı xalq artisti Zeynəb Xanlarovadır. Onun 83 yaşı var. Üstəlik, artıq 30 ilə yaxındır ki, deputat statusu daşıyır.

Digər yaşlı parlament üzvləri arasında isə Ağacan Abıyevin (82 yaş), Yaqub Mahmudovun (80) adlarını çəkmək olar.

Eyni zamanda 2020-ci ildə indiki deputatlardan Arif Rəhimzadənin 79, Xanhüseyn Kazımlının 78, Eldar İbrahimovun, Rafiq Məmmədhəsənovun və Hüseynbala Mirələmovun 75, Valeh Ələsgərov, Mixail Zabelin və Əliağa Hüseynovun 74, Vahid Əhmədov, Madər Musayev, Əhliman Əmiraslanov , Fəzail Ağamalı, Flora Qasımova və Hadi Rəcəblinin 73, Tahir Süleymanov və Yevda Abramovun 72, Mahir Aslanov və İsa Həbibbəylinin 71, Şəmsəddin Hacıyev, Mirkazım Kazımov, Tahir Rzayev və Elman Məmmədovun isə 70 yaşları olacaq.

Son günlər oliqarx deputatlardan İqbal Məmmədovun ətrafında cərəyan edən proseslər cəmiyyətdə və hətta iqtidar düşərgəsində də qəzəblə qarşılandı. “Relaks” qalmaqalından sonra deputat açıqlama versə də, onun Türkiyədə və digər ölkələrdəki biznesləri ilə bağlı məlumatlar paylaşılır. Biznesinin başına bəla olduğu deputatın gələn seçkilərdə mandatsız qalacağı ehtimal edilir.

Ötən aylarda oliqarx deputat Ağalar Vəliyevin də adı mətbuatda gen-bol çəkilib. Bu xəbərlər də Vəliyevin deputat fəaliyyətinə deyil, biznesinə və bu sahədə olan qanunsuz fəaliyyətlərinə aiddir...

Bundan əlavə, mətbuatda deputat Mirzəcan Xəlilovun da qeyd edilən xüsusda adları tez-tez hallanır. Siyahını bir qədər uzatmaq da olar.

Dövlətin bütün sferalarında aparılan islahatlar, kadr dəyişikliklərinin fonunda növbəti parlament tərkibinin də yenilənməsini labüd edir. Ekspertlər hesab edir ki, növbəti parlament seçkilərində biznesmen deputatlar mandatsız qalacaq, onları gerçək siyasi-ictimai fəaliyyətlə məşğul olan şəxslər əvəzləyəcək.

“Yeni Müsavat”a danışan ekspert Fərhad Mehdiyev bildirib ki, parlamentdə aktiv deputatlar olmalıdır: “Biz bilirik ki, Azərbaycan Milli Məclisində olan aktiv deputatların sayı heç 15 nəfəri keçmir. İstənilən Azərbaycan vətəndaşından bu barədə soruşsan, o, əksər deputatları tanımaz. Bir çox deputatları isə ümumiyyətlə, öz rayonlarında belə tanıyan yoxdur. Ona görə də təbii ki, parlamenti qeyri-aktiv, ancaq şəxsi biznesləri ilə məşğul olan deputatlardan təmizləmək lazımdır. Yəni parlament ölkə gündəmini dartışmadan sadəcə qanun təsdiq edən orqan olmaqdan çıxmalıdır. Konkret olaraq parlament ölkədə problemləri həll edən bir orqana çevrilməlidir. Bütün bunları isə hesab edirəm ki, indiki parlamentin tərkibi ilə etmək çətindir. Görürük ki, bu adamlar daha çox şəxsi biznesləri ilə məşğul olurlar. Halbuki onların hər birinin konkret olaraq funksiyaları var. Parlament siyasi bir orqandır. Orada bildiyimiz kimi, siyasi partiyalar təmsil olunurlar. Yəni bu məntiqlə yanaşsaq, o zaman parlament ölkənin siyasi yüklü məsələlərini müzakirə edib, həll etməlidir. Ancaq bizdə bunu müşahidə etmirik”.

Ekspert bildirib ki, oliqarxların bir çox ölkələrdə faydası da var:

“Ancaq Azərbaycanda vəziyyət fərqlidir. Oliqarxların faydası o mərhələdə olur ki, ölkələr milli iqtisadiyyatlarını qururlar. Ölkələr milli iqtisadiyyatlarını qurduqları zaman isə müəyyən müddət ərzində, nəzərdə tutulan sahələri dirçəltmək üçün hər hansı bir şəxsə ehtiyac yarana bilir. Yəni tutalım ki, hansısa şəxsin pulu var və həmin şəxs bir iqtisadi sahəyə yatırım etməklə, onu dirçəldə bilər. Azərbaycanda biz bir çox məhsulu istehsal etməyib, xaricdən gətiririk. Oliqarxlar istehsalat sahələrini ölkədə yaratmaqla, fayda verə bilərlər. Əslində bunun özü də müvəqqətidir. Çünki sahə yarandıqdan sonra onun inkişafı üçün rəqabət gətirmək lazımdır. Bunun üçün də sonradan antiinhisar işləri aparılmaqla, həmin sahəni rəqabətə açmaq gərəkdir. Oliqarxların bundan başqa ölkə üçün faydasını görə bilmirəm. Ən yaxşı ehtimal odur ki, Azərbaycandakı oliqarx deputatlar şadlıq sarayları, hotel açırlar. Hotellərinə baxırsan, çoxu 5 ulduzludur. Yəni bu hotellər də orta təbəqəyə xidmət göstərmir, xaricdən turist cəlb etmir. Ümumilikdə oliqarxların açdıqları bu kimi obyektlərin milli iqtisadiyyata töhfə verməsindən də danışmaq çətindir. Onun da səbəbi bundan irəli gəlir ki, hazırda dünyada olan müasir iqtisadiyyat sahələri, ağıllı iqtisadiyyat sektorudur. Yəni ortaya texnologiya qoymalı, yaxşı kadrlar verməlisən. Bu insanlarda isə belə bir dünya görüşü mövcud deyil. Oliqarx, sadəcə olaraq, maliyyəni buraxmalı, proyekti isə başqa bir şirkət həyata keçirməlidir. Bizdə belədir ki, oliqarx öz pulu ilə özü iş görmək istəyir. Müasir texnologiyadan yararlanmırlar. Ona görə də ancaq primitiv sahələrlə məşğul olurlar. Xüsusilə də qeyd etdiyim kimi, 5 ulduzlu hotel, şadlıq sarayları açırlar. Ona görə də hazırda bu kimi oliqarxların ölkə iqtisadiyyatı üçün da böyük faydalarından danışmağa dəyməz”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz