Son üç-dörd il ərzində ölkə rəhbərinin vermis olduğu tapşırıqlar əsasında, istər DQ müharibəsinin qızğın çağlarında iştirak edən şəxslərin, istərsə də atəşkəsdən sonrakı dövrlərdə həqiqi hərbi xidmətdə olarkən, bu və ya digər səbəblər üzündən xəsarət alan şəxslərin sosial vəziyyətlərinin yaxşılaşdırılması yöndə bir çox ciddi addımlar atılıb, bu gün də atılmaqdadır. Yəni, qanuni əsaslarla imtiyaz sahibi olan şəxslərin mənzilə və torpaq sahələrinə olan ehtiyaclarının ödənilməsi, müayinə və müalicə olunmalarının həyata keçirilməsi və s. hər zaman dövlət-hakimiyyət orqanlarının qarşısında duran əsas vəzifələrdən biri oldu.
Bəli, ildənilə atılan belə bir addımlar böyük kəsim tərəfindən alqışlandı və hər kəsin gələcəyə olan ümid hissinin artmasına da səbəb oldu. Sösüz ki, belə bir addımların atılmasına cənab Prezidentin imtiyaz sahibi olan şəxslərə qarşı göstərdiyi diqqət və qayğı əsas səbəb oldu. Bu yöndə verilmiş tapşırıqlar problemlərin həllinə cavabdehlik daşıyan hər bir vəzifə sahibinin diqqətinə çatdırılsa da, deyəsən hələ də Binəqədi rayonunda bəzi vəzifə sahibləri verilmiş tapşırıqları diqqətdən kənarda saxlamaqdadırlar. Məsələn, bu günlərdə həqiqi hərbi xidmət dövründə xəsarət almış, 2-ci qrup hərbi əlil, Bakı şəhəri, Binəqədi rayonu, mədən-3, kopus-108, ev-50 ünvanda yaşayan Həsənov Vasif Vaqif oğlu “Gundemxeber.az”-ın redaksiyasına müraciət edib. Adı çəkilən şəxs ünvanladığı müraciətində qeyd edir ki, “Bu gün səhhətimdə ciddi problemlərim var. Belə bir səbəblər üzündən də, həqiqi hərbi xidmət dövründə əmələ gələn problemlərə görə, hal-hazırda dövlətdən aldığım təqaüdümü müalicəmə sərf edirəm. Düzdür, bu gün yuxarıda qeyd etdiyim ünvanda ailəlikcə yaşasam da, həmin mənzil bizə məxsus deyil. Yəqin ki, yaxın qohumum bu gün-sabah bizi həmin mənzildən çıxaracaq. Bunu nəzərə alaraq, torpaq sahəsinə olan ehtiyacımın ödənilməsi məqsədilə hələ ötən illər ərzində dəfələrlə yaşadığım ərazi üzrə Binəqədi kənd bələdiyyəsinin rəhbərliyinə, kənd icra nümayəndəliyinə yazılı və şifahi müraciətlərimi çatdırmışdım.
Təəssüflər olsun ki, etdiyim müraciətlərin hər biri adı çəkilən qurumun rəhbərləri tərəfindən nəzərə alınmadı və onlar açıq-aşkar şəkildə mənə “toba tikdilər”. Belə olan halda üz-üzə qaldığımın problemin həllinə köməklik məqsədilə ən yüksək vəzifə sahiblərinə müraciət etməyə məcbur oldum. Məsələnin maraqlı tərəfi o oldu ki, Xaləddin İsgəndərov Binəqədi RİH-nin başçısı olduğu vaxtlarda, RİH-dən bir nəfər səlahiyyətli şəxs, Binəqədi kənd icra nümayəndəsi, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac xanım və əlavə bir neçə nəfər şəxsin iştirakı ilə kənd icra nümayəndəliyində iclas keçirildi və mənim problemim də müzakirə mövzusu oldu. Son anda iclasda iştirak edənlər mənə “Bu məsələ ilə bağlı RİH-dən bizə tapşırıq verilib. Axtar boş torpaq sahəsi tap, amma həmin yer sənədsiz olsun, o halda biz sənə köməklik edə bilərik” dedilər. Dərhal axtarışa başladım və boş torpaq sahəsi tapıb, bu haqda Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac xanımı məlumatlandırdım. Bələdiyyə sədri bildirdi ki, “Biz sənə söz vermişik, sözümüzün üstündə də dururuq” deyib, o, bələdiyyənin hüquqşünasına bu yöndə lazımi tapşırığını verdi. Həmin şəxs də məsələ ilə tanış olub, bələdiyyədə hansı vəzifəni daşıdığını müəyyən edə bilmədiyim Ramin adlı başqa bir şəxsə “Gedin bu şəxsin göstərdiyi sahəyə baxış keçirin, sənədinin olub-olmadığını aydınlaşdırın və köməklik edin” deyə tapşırığını verdi. Düzdür, həmin şəxsin iştirakı ilə göstərdiyim əraziyə birlikdə baxış keçirdik və o da bəlli oldu ki, həmin sahəyə aid heç bir sənəd-filan yoxdur. Az sonra göstərdiyim torpaq sahəsi ölçüldü və mənə “Bu sahədə tikinti işləri apara bilərsən” dedilər. Səhəri gün, daha dəqiq desəm 15 dekabrda mənə göstərilən 3(üç) sotdan bir qədər çox olan torpaq sahəsinə bir maşın “kubik daşı”, qum, sement və s. töküb tikinti işinə başladıqda, çox keçmədi ki, Binəqədi kənd icra nümayəndəsi Zakir müəllim əraziyə gəldi və heç bir söz-söhbət etmədən tikintini uçurmağa başladı.
O, tikinti ilə bağlı kimdən icazə aldığımı soruşduqda hər şeyi ona açıq-aşkar danışdım, o, halda icra nümayəndəsinin yanında olan şəxslər qəhqəhə çəkib güldülər və məni ələ salmağa başladılar. “Bizə bu işlə bağlı heç kim tapşırıq verməyib” dedikdə, mən tikintini işlərini saxlayıb RİH-nin müavini İlqar müəllimlə əlaqə saxladım. O, həmin anlarda etdiyim telefon zənglərimə cavab vermədi və mənim əraziyə gələn icra nümayəndəsi ilə söz-söhbətim gərginləşdikdə, məcbur olub İlqar müəllimə problemlə bağlı mesaj yazdım. Çox keçmədi ki, o, mənə zəng etdi və “Qanunusuz əməllərinizi yığışdırın, sən kimsən ki, mənim adımı hallandırmısan?” dedi. Elə ki, tikinti işlərinə başlamağımın səbəbini ona izah etməyə çalışmaq istədim, o halda o, məni dinləmək istəmədi və telefonunun da qapatdı.
Bu gün məni bir neçə suallar düşündürür. Heç cür başa düşə bilmirəm ki, Xaləddin İsgəndərovun icra başçısı olduğu vaxtlarda, Binəqədi kənd icra nümayəndəliyinə məxsus inzibati binada keçirilən iclasda RİH-nin əməkdaşı, hansı səbəbdən problemimi gündəliyə çıxartmışdı? Yaxud da o, həmin iclasda öz adındanmı, yoxsa RİH-nin adındanmı iştirak edirdi? Əgər icra nümayəndəliyində keçirilən iclas zamanı o, RİH-ni təmsil edirdisə, bu gün icra başçısının müavini olan İlqar müəllimin yanaşmasına nə ad vermək olar? Digər tərəfdən, nə üçün Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac xanım, bələdiyyənin hüquqşünasına üz-üzə qaldığım problemin həlli ilə bağlı tapşırığını vermişdi? Bütün bunlar hələ də məni düşündürməkdədir. Mən ölkə rəhbərinin imtiyaz sahibi olan şəxslərə göstərdiyi diqqət və qağını alqışlayıram və bundan sönrakı müraciətlərimi, məhz cənab Prezidentə ünvanlayacağıma qərar vermişəm”.
Bəli, müraciət müəllifinin qeyd etdiklərinə diqqət yetirməklə o qənaətə gəlmək olur ki, belə bir yanaşma heç cür yolverilməz haldır. Çünki sağlamlığını Vətən, xalq yolunda “qurban verən” bir azərbaycanlı övladını “məsxərəyə qoyub” gülmək, əslində Vətənə, xalqa, onun döyüşkən övladlarına gülmək deməkdir. Diqqət yetirək ki, bu gün cənab Prezident hər bir imtiyaz sahibi olan belə şəxslərə olduqca həssas yanaşır, problemlərinin həlli istiqamətində lazımi tapşırıqlarını verir, hər bir vəzifə sahibini ondan nümunə götürməyə çağırır, amma Binəqədidə bir neçə vəzifə sahibi olan şəxslər isə, həqiqi hərbi xidmət dövründə xəsarət almış, 2-ci qrup hərbi əlil Həsənov Vasif Vaqif oğlunu “məsxərəyə qoyub” gülürlər, onu olmazın oyunlara düçar edirlər. Gəlin birlikdə bu haqda düşünək, bu haqda bir qədər də götür-qoy edək.
Müsahibimiz Vasif Həsənov bildirdi ki, müraciyətlərimə məhəl qoyulmasa etiraz olaraq özümü Binəqədi rayon İcra Hakimiyyətinin qarşısında yandıracam.
Qarşı tərəfin mövqeyinin dinləməyə hazırıq. \\bolgexeber.com\\