Ötən ilin təqribən yay aylarında “Gündəm Xəbər”in redaksiyasına hər kəsin “Semaşko” adı ilə tanıdığı və respublikamızda ən böyük səhiyyə müəssisələrindən biri olan 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verən çoxsaylı qanunsuzluqlarla bağlı ciddi faktlar daxil olmuşdu. Düzdür, həmin vaxtlarda daxil olan məlumatlar əsasında tənqidi açıqlama dərc etdik və hər kəsi yaşananlarla bağlı məlumatlandırmağa da çalışdıq. Redaksiyamıza daxil olan bugünkü məlumatlarla yaxından tanış olarkən, o halda belə bir qənaətə gəlmək mümkün olur ki, artıq adı çəkilən səhiyyə müəssisəsində yaşanan acınacaqlı durumun varlığı “pik nöqtə”yə çatıb. Belə ki, bugünkü məlumatlarda qeyd olunur ki, Ədalət Dadaşov kliniki mərkəzə baş həkim təyin olunduqdan sonra, o, şəxsi maraqlarının təmin olunması yöndə düşündüyü addımlarını atmağa başlayır. Baxmayaraq ki, dövlətimiz hər il bütün səhiyyə müəssisələrinə göstərdiyi diqqət və qayğını artırır, lazımi təminolunmaların ödənilməsi yöndə müvafiq qərarlarını da elan edir. Amma, 1 saylı Kliniki Tibbi Mərkəzin ayrı-ayrı korpuslarında müayinə və müalicə olunan xəstələrin iddialarına görə, bu gün Ədalət Dadaşov göstərilən diqqət və qayğılara kölgə salmaqla məşğul olur. Bu da kütləvi narazılıq hissinin baş qaldırması ilə nəticələnir.
“GündəmXəbər”ə daxil olan məlumatlara görə, baş həkim Ədalət Dadaşov 2008-ci ilin sentyabr ayından 2016-cı ilə kimi Klinik Tibbi Mərkəzin cərrahiyə şöbəsinə rəhbərlik edib. Həmin vaxtlarda ona YAP-ın sıralarına daxil olmaqla bağlı təklif olunur və söylənilənlərə görə, o, həmin vaxt belə bir təklifə kəskin etirazını bildirir. Elə ki, 2016-cı ilin may ayında baş həkim vəzifəsinə əvəzləyici təyinat alır, o halda o, təcili YAP-ın sıralarına daxil olur və çox keçmir ki, vaxtilə ona belə bir təklifi vermiş şəxsi, məhz daşıdığı vəzifəsindən uzaqlaşdırır. Onu da qeyd edək ki, YAP-ın sıralarına daxil olmaqla bağlı ona təklif vermiş şəxs 1992-ci ildən YAP-ın fəal üzvlərindən biri olur.
Bir faktı da vurğulayaq ki, Kliniki Tibbi Mərkəz 1970-ci ilin əvvəlində ümummilli lider Heydər Əliyevin xüsusi göstərişi və təşəbbüsü ilə inşa olunub və həmin vaxtlardan Nazirlər Kabinetinin müvafiq qərarı var ki, bu səhiyyə müəssisəsində fəaliyyət göstərən infeksion xəstəlikləri şöbələrinin birləşdirilməsi heç cür yolverilməz haldır. Belə bir qərarın varlığına baxmayaraq, əldə etdiyimiz müəyyən məlumatlara görə, hələ xeyli müddət bundan əvvəl birbaşa Ədalət Dadaşovun təşəbbüsü ilə hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksiyalar şöbələri birləşdirilir. Baxmayaraq ki, bu şöbələrin hər biri müxtəlif profilli şöbələrdir. Adları çəkilən şöbələrin birləşdirilməsi və əvəzində bir şöbənin yaradılması, artıq uzun müddətdir ki, ortaya çoxsaylı sualların çıxmasına da səbəb olmaqdadır.
Təəccüblü hal ondan ibarətdir ki, ortada Səhiyyə Nazirliyi tərəfindən infeksion xəstəlikləri şöbələrinin birləşdirilməsi haqda heç bir qərar olmasa belə, adı çəkilən şöbələrin birləşdirilməsi planı, məhz yuxarıda qeyd etdiyimiz kimi, baş həkimin atdığı addımlar əsasında baş tutur. “Bu şöbələrdə xəstələr azlıq təşkil edir” deməklə o, Səhiyyə Nazirliyinə öz təklifini verir və az sonra da belə bir niyyətini həyata keçirir. Əldə etdiyimiz ilginc məlumatlara görə, il ərzində hava-damcı şöbəsində təqribən 400-500 nəfər, mədə-bağırsaq şöbəsində 1200-1300 nəfər, xüsusi təhlükəli infeksiyalar şöbəsində isə 400-450 nəfər xəstələrin müalicə olunduqları bildirilir. Belə olan halda ortaya sual çıxır ki, adı çəkilən şöbələrin birləşdirilməsinə ehtiyac var idiimi? İddialara görə, əksər mütəxəssislər adıçəkilən şöbələrin birləşdirilməsinin sanitariya-epidemioloji qaydalara və normativ tələblərə zidd olduğunu da dilə gətirirlər. Bütün bunlardan əlavə, hər kəsi təəccüb edən hal odur ki, bu gün işçilərin bəziləri eyni vaxtda həm hava-damcı şöbəsində, həm mədə-bağırsaq şöbəsində, həm də xüsusi təhlükəli və zoonoz xəstəlikləri şöbələrində çalışırlar. “GündəmXəbər”in əldə etdiyi məlumatlara görə, artıq on gündən çoxdur ki, qızılca, suçiçəyi və skarlatinalı xəstələr mədə-bağırsaq və zoonoz şöbələrində müalicə olunurlar. Yəni, bir tibb bacısı eyni vaxtda 1-ci, 2-ci və 3-cü mərtəbələrdə olan zoonoz, mədə-bağırsaq və hava-damcı xəstəsi olan xəstələrə sistem qoşur, dərman verir, iynə vurur. Bu da istənilən halda XƏSTƏXANAdaxili infeksiyaların baş qaldırması ilə nəticələnir. Əldə etdiyimiz bəzi məlumatlara görə, əhali arasında infeksion xəstəliklərin geniş yayılmasında, məhz belə bir amillərin varlığı əsas rol oynayır.
Bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə yaşanan ən ciddi problemlərdən biri də, baş həkim Ədalət Dadaşovun özəl dərman firmaları ilə düzüb-qoşduğu “bazarlığın varlığıdır”. Məsələn, bir neçə gün bundan öncə əməkdaşımız mədə-bağırsaq və xüsusi təhlükəli infeksiyalar şöbəsində olarkən, o halın şahidi olur ki, ayrı-ayrı firmaların nümayəndələri gətirdikləri dərmanları Klinik Tibbi Mərkəzdə reklam etmək məqsədilə, adı çəkilən şöbələrə sərbəst girib çıxa bilirlər. Buna da əsas səbəb, Ədalət Dadaşovun ayrı-ayrı firmaların nümayəndələrinə təsdiq edib verdiyi “RAZILIQ KARTİŞKALARI”nın varlığı olur. Söylənilənlərə görə, firmalar belə bir “RAZILIQ KARTİŞKALARI”nı əldə etmək üçün, baş həkim 1000-3000 manat məbləğində “şirinlik verirlər”.
Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, dərman firmaları fəaliyyət göstərmələrinə görə dövlətə vergi ödəsələr də, Ədalət Dadaşov onlardan əlavə “vergi tutur”. Belə bir səbəblər üzündən də, son bir-iki il ərzində dövlətimizin səhiyyə müəssisəsinə ayırdığı dərmanların yalnız 15%-nin xəstələrə verilməsi haqda məlumatlar eşitmişik. Bundan əlavə, adı çəkilən səhiyyə müəssisəsində müalicə alan bəzi xəstələrin söylədiklərinə görə, onların müalicəsi həyata keçirilərkən əsas analizlər deyil, yalnız adi analizlər götürülür. Buna da əsas səbəb, dövlət tərəfindən analizlər üçün verilən “reaktivlər”in xəstəxanada “qeybə çəkilməsi” olur.
İnanırıq ki, məqalənin dərcindən sonra cənab Oqtay Şirəliyev sadalanan olayların varlığına xüsusi diqqət yetirəcək. Məqalədə sadalanan faktlarla bağlı adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
GündemXeber.Az