Prezident İlham Əliyev komandasını köklü şəkildə yenilədi. Dövlət başçısı yeni hakim elitanı formalaşdırır. Artıq gənc fiqurlara üstünlük verilir. Köhnə komandadan bir neçə nazir qalıb ki, onların da yola salınacağı xəbərlər sırasındadır.
Xüsusən maliyyə naziri Samir Şərifovun adı çəkilir. Ehtimallara və mediada gedən təhlillərə görə, Maliyyə Nazirliyi ilə Gömrük Komitəsi birləşdirilir, S.Şərifov yola salınır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru vəzifəsini tutan Vüsal Qasımlının bu posta təyinatı gözlənilir. Yəni, gömrük şefi Səfər Mehdiyev də bu vəzifədə müvəqqətidir.
Samir Şərifov reputasiyası kifayət qədər zədələnmiş fiqur olsa da, məhz iddia olunduğu kimi, kənar basqılar fonunda hələ də görəvinin başında görünür. Amma onun zamanı dolmaq üzərədir və Azərbaycan dövlətinin maliyyə siyasəti məhz Samir Şərifovun gedişi ilə daha da müstəqil yön almış olacaq.
Bir neçə il əvvəl SSRİ dövründə DTK-nin kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki kimi tanınan Yuri Şvetsin Ukraynanın “Qordon” agentliyinə müsahibəsi zamanı çox ciddi ittihamlar səsləndirmişdi.
Yuri Şvetsin iddiasına görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov “üçqat agent”dir. O, Amerika, Türkiyə və Rusiya agentura şəbəkəsinə çalışır. Bunu Şvetsin iddia etmişdi.
Buna görə də günü bu gün də Samir Şərifovun görəvdə qalmasını məhz bu durumla əlaqələndirənlər də yetərincədir.
Amma Beynəlxalq Bank işində Cahangir Hacıyevin dedikləri, situasiyanın dəyişərək Eldar Mahmudovun indi mövqeyinin güclənməsi, Samir Şərifova dustaq bankirin ittihamları yaddaşlardan silinməyib. Eyni zamanda oğlunun cins it bəsləməsi xəbəri onun imicinə müsbət divident qazandırmadı.
Nazir Samir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxlaması mətbuatın fantaziyası deyil. Bunu it fermasının sahibi Birol Başyiğit təsdiqləyib.
Samir Şərifov üst qatda özünü nə qədər “sözəbaxan” göstərməyə çalışsa da onun iddialarını görməmək imkansız idi. Özü haqda “islahatçı nazir”, “qərbyönümlü məmur” imici formalaşdırmağa cəhdlər göstərən maliyyə nazirinin ən yaxın hədəfi isə baş nazir postu idi.
Hazırki vəziyyətdə də hakimiyyətin iqtisadi imicinə ciddi zərbə vuran olaylarla bağlı maliyyə nazirinin məsuliyyətinun unudulduğunu düşünmək olmaz.
Bir neçə il öncə ABŞ səfirliyində keçirilən rəsmi qəbulda da Azərbaycan hökuməti adından məhz Samir Şərifov çıxış etmişdi ki, bu da bir daha diqqətləri onun üzərinə cəmləmişdi.
Bu və digər məqamların nəzərə alınması isə Samir Şərifov haqqında “ikinci Fərhad Əliyev” obrazının yaranması ilə nəticələnib.
Bu obraz Samir Şərifova Qərbin siyasi dairələrində müəyyən üstünlüklər qazandırsa da, bu amilin onun sıxışdırılmasında ştrixlərdən biri olması da unudulmamalıdır.
Samir Şərifovun əleyhinə kampaniyanın daha da sürətlənməsi məhz “MTN işi” prosesindən sonra start götürdü.
Bir neçə il öncə, ölkədə dollar qıtlığı yarandığı bir ərəfədə S.Şərifovun daha bir “ÇP”-si üzə çıxdı. Məlum oldu ki, S.Şərifovun nəzarətində olan “Azər Türk Bank” “qara bazar”ın əsas təminatçısı olub. Bankda bütün rəhbər heyəti tələm-tələsik dəyişən maliyyə naziri daha bir cəncələ düşdü.
Maliyyə nazirinin Neft Fondundakı fəaliyyəti zamanı da xarici banklarla şübhəli əməliyyatlar apardığı barədə məlumatlar sızmışdı. Onun şübhəli əməlləri vaxtilə ölkə daxilində də qeyri-rəsmi araşdırma mövzusu olmuşdu.
Samir Şərifovun vəziyyətinin ciddiliyi Daşkəsənin icra hakimi Əhəd Abıyevin az əvvəlki qəfil çıxışı ilə müşayiət olunurdu.
İcra başçısı gözlənilmədən açıqlama vermişdi ki, MTN-də ondan maliyyə naziri əleyhinə danışmaq tələb olunub.
İcra başçısının maliyyə nazirinin əleyhinə açıqlaması S.Şərifovun barəsində MTN-də kompromat materialların mövcudluğuna işarə idi.
Hakimiyyət nazirə xəbərdarlıq edir ki, həmin dosye artq əlimizdədir və büdcə vəsaitlərinin mənimsənilməsi haqda faktları istənilən an üzə çıxarmaq mümkündür.