Axtarış...

Bakıdakı uşaq bağçalarında ciddi yoxlamalar - Abutalıbovun "mirası"

Bakıdakı uşaq bağçalarında ciddi yoxlamalar - Abutalıbovun "mirası"
Bakıda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanıb, müvafiq komissiya yaradılıb. Bu barədə müsavat.com-a BŞİH-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, sərəncama uyğun olaraq komissiya tərəfindən uşaq bağçalarına baxış keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.

Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, paytaxt Bakıdakı uşaq bağçaları ilə bağlı problemlər zaman-zaman gündəmə gətirilir. Uşaq bağçalarında qida ilə bağlı olan problemlər isə xüsusilə aktualdır. Bu problemlər bağçaların Təhsil Nazirliyinin tabeçiliyində olduğu vaxtda da vardı. Ölkə başçısı bu problemlərin qarşısını almaq üçün 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərini yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verdi.

Ancaq bu addım müsbət bir dəyişikliyə səbəb olmadı. Halbuki bu müəssisələr icra hakimiyyətlərinin tabeliyinə veriləndə müsbət vədlər verilmişdi. Ancaq Bakının sabiq icra başçısı Hacıbala Abutalıbovun dövründə bu problemlər daha da kəskinləşdi. İcra hakimiyyətlərinin nəzdində olan bağçalarda hətta müdir, texniki işçinin işə götürülməsi rüşvətə bağlandı.

“Yeni Müsavat” bildirir ki, Eldar Əzizovun BŞİH rəhbəri təyinatından sonra bu məsələdə irəliləyiş nəzərə çarpmaqdadır. Hələ ötən ilin sentyabrında-E.Əzizov birinci müavin kimi mer səlahiyyətlərini icra edəndə qurumun tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların payız və qış geyimləri ilə pulsuz təmin olunması ilə bağlı əmr imzalamışdı. Bir müddət əvvəl isə meriyada keçirilən müşavirədə paytaxtın məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib.

Bildirilib ki, qəbul məsələləri nəzarətə götürülüb və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək. Bundan əlavə, BŞİH-də məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması ilə bağlı da komissiya yaradılıb. Həmin komissiya paytaxtın bir sıra uşaq bağçalarında standartlara uyğun olmayan ərzaq verilməsini aşkarlayıb. Həmin ərzaqların tam şəkildə geri qaytarılaraq yerinə keyfiyyətə uyğun ərzaqlarla əvəz olunduğu bildirilir. Məlumata görə, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirəsinə töhmət verilib, Bakı Şəhər Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edilib. Eyni zamanda Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri şəhər icra hakimiyyətinə dəvət olunaraq məsələ ilə bağlı xəbərdarlıq edilib.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz