Axtarış...

Vergi islahatlarının “tacı” : Gəlir vergisinin ləğvi nə verəcək - TƏHLİL

Vergi islahatlarının “tacı” : Gəlir vergisinin ləğvi nə verəcək - TƏHLİL

Hələ bir neçə il öncə yazdığım şərhdə məcburi dövlət sosial sığorta ödəmələri üzrə mövcud yükün (3% işçi, 22% əməkhaqqı fondu) işçi ilə işəgötürən arasında ədalətli bölünməsini təmin etmək üçün yeganə çıxış yolunun məhz fiziki şəxslərdən gəlir vergisini azaltmaqdan ibarət olduğunu qeyd etmişdim. Çünki bunun digər yolu əməkhaqqlarının yüksəldilməsi ola bilərdi ki, bu da real deyil. Yəni, ayda 2500 manatadək gəliri olanlar üçün 3+22% məcburi sosial sığorta ayırmasında işçinin üzərinə düşən yükü artırmaq vasitəsilə işəgötürənin yükünü azaltmaq, eyni zamanda, yükü artırılan ödəyicinin gəlirini də, başqa sözlə desəm, maaşını da yüksəltməyi tələb edirdi. Bu isə dolayı yolla yenə işəgötürənin xərclərinin artması demək idi.
Bu məsələ - yəni, fiziki şəxslərdən gəlir vergisinin üzərinə getməklə sosial sığorta ödəmə mexanizmini dəyişmək bu vaxta qədər nədən gecikdirildi, bəlli deyil. Halbuki, ölkədə sığorta-pensiya sisteminin islahatı barədə danışılır və bu istiqamətdə addımlar atılırdı. Sözügedən sistemin inkişafı isə ümumi vergi islahatlarından kənarda baş tuta bilməzdi. Ona görə də yazmışdım ki, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkisafına dair Dovlət Proqramı” adlı sənədə əsasən, məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsinin işəgötürənlə işçi arasındaki 3+22%-i 5+20%-lə əvəz etmək və ümumiyyətlə, 5+20% nisbətinin özünü də, birincini azaldıb, ikincini artırmaq yolu ilə 12,5%-ə çatdırmaqla bərabərləşdirmək baş tutan məsələ deyil.

Qeyd etdiyim kimi, bu məsələ həllini tapmadı. Çünki buna, təkrar edirəm ki, fiziki şəxslərdən gəlir vergisi dərəcələri fonunda dəyişiklik etmək tələb olunurdu. Ümumiyyətlə, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin maaşlarından isə 3% ayırma hüquqi şəxslər üçün ağır yükdür. Paralel olaraq isə, gəliri 2500 manatadək olanlar üçün 14% vergi ödənişi kifayət qədər böyük məbləğdir. Digər ödənişlər də daxil, aylıq gəlirdən ümumən, 40%-lik ödəniş yükü...

Əmək haqqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillər də bundan qaynaqlanır. Belə ki, məhz vergi yükünün ağırlığı, sığorta-yığım sisteminin tam təkmil olmaması səbəbindən nə işəgötürəndə, nə də işçidə əmək müqaviləsi ilə işləməyə maraq ola bilməz.

Odur ki, növbəti ildə tədbiq olunacaq məlum vergi islahatları çərçivəsində fiziki şəxslərdən gəlir vergisinə dair dəyişikliklərlə məcburi sosial sığorta ödəmələrinə dair yeniliklərin də bərabər çərçivədə götürülməsi mühüm hadisə olacaq. Və bunun səmərəsini görmək üçün fikrimcə, heç də çox vaxt gözləmək lazım gəlməyəcək.

Qısa desəm, sözügedən addımı atmaqla, "bir güllə ilə iki dovşan vurulacaq". Birincisi, əmək haqqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillərin aradan götürülməsi prinsipinin tətbiqi asanlaşacaq, ikincisi isə mükəmməl sığorta-pensiya sisteminin yaradılması istiqamətində indiyədək görülən və hələ görüləsi işlər məntiqi əsas tapacaq.

Yeri gəlmişkən, fiziki şəxslərdən gəlir vergisi dövlət büdcəsinin gəlir mənbələri sırasında mühüm yer tutur. Dəqiq desəm, Vergilər Nazirliyi xəttiylə toplanılan vəsaitlər sırasında mənfəət vergisindən sonra ikinci yerdə gəlir. Ancaq onun məcburi dövlət sosial sığorta ayırmasından fərqli xüsusiyyəti bundan ibarətdir ki, ikincinin ödənişində işçi, yəni aylıq əmək haqqına çalışan şəxs bilir ki, bu tutulan məbləğ ona gələcəkdə pensiya kəsilə bilməsi üçün tutulur, yəni buna xidmət edir, gəlir vergisi isə “mücərrəd məqsəd” xarakteri daşıyır.

Odur ki, 2500 manatadək gəliri olan kəsdə 14% vergi ödənişi qətiyyən maraq yarada bilməzdi. Bu, özəl sektorda özünü xüsusən büruzə verirdi. Ona görə də, əmək haqqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması özəl sektorda daha geniş yayılıb. Ümumiyyətlə, birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda vətəndaşların əmək və sosial hüquqları ən pis şəkildə məhz qeyri-dövlət sektorunda qorunur. İslahatın və müvafiq dəyişikliklərin də elə məhz sözügedən sektorda tədbiq olunacağı təsadüfi deyil. Və bunun özü də olduqca mütərəqqi xarakter daşıyır.

Bəli, o da bir həqiqətdir ki, gələn il dövlət büdcəsinə vergi daxilolmalarında fiziki şəxslərdən gəlir vergisinin məbləği bu ildəki ilə müqayisədə az olacaq. Fiziki şəxslərdən gəlir vergisi üzrə daxilolmalar ümumən 880.0 milyon manat nəzərdə tutulub ki, bu da cari ilin proqnozundan 316.0 milyon manat və ya 26,4% az olacaq. Əvəzində isə icmal büdcə daxilində Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri bərabər nəzərdə tutulmaqla 3928,1 milyon manat və ya builki proqnoz ilə müqayisədə 349,3 milyon manat və ya 9.8% çox təşkil edəcək.

Doğrudur, adı çəkilən qurumun büdcəsini balanslaşdırmaq məqsədilə dövlət büdcəsi öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait də 15,6 % çox təşkil edəcək. Ancaq hər halda, gəlir vergisinin ləğvi yolu ilə, yəni 2500 manatadək məvacibi olanlara 40%-lik vergi yükünün 8000 manatadək məvacibi olanlara qaldırılmaqla 26%-ə salınması pensiya ödənişlərində dayanıqlı maliyyələşdirmə əldə olunmasına imkan verəcək.

Ötən yazımda da qeyd etdim ki, hökumətin və dövlətin vergi siyasəti 3 tərəfə xidmət etməlidir: dövlət büdcəsinə, işəgötürənə və işçiyə, yəni vətəndaşa. Bu baxımdan, 8000 manatadək gəliri olanlardan 14%-lik vergi tutumunun sıfırlanmasından ən çox qazanan vətəndaş olacaq. Dövlət isə sosial ödənişlərində yüngüllük tapacaq. Nəticədə də özəl sektorun inkişafı əlavə stimul əldə etməklə, sonradan vergi bazası özü də genişlənəcək.

Odur ki, 14%-lik gəlir vergisinin ləğvini 2019-cu ildəki vergi islahatlarının tacı adlandırmaq olar.
AzVision.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz