Axtarış...

Qubadan narahatlıq doğuran şikayət - Bu dəfə bazar deyil, birja qarışa bilər

Qubadan narahatlıq doğuran şikayət - Bu dəfə bazar deyil, birja qarışa bilər

2012-ci ildə icra başçısının evinin yandırılması ilə yadda qalan “Quba hadisələri”nin mənbəyi barədə ətraflı məlumat verilməsə də, ilkin olaraq o vaxtki şəhər bələdiyyəsi Elxan Əliyevə məxsus “Quba Bazarı”ndan başlandı. Hadisələr baş verməzdən əvvəl bazarın eks-nazir Ziya Məmmədovun oğlu Anar tərəfindən məcburi olaraq satın alınması barədə şayiələr yayıldı.

Camaat arasında yayılan söhbətə görə, bazarı Ziya Məmmədovun oğlu almaq istəyirdi və bundan sonra bu bazar başqa cür fəaliyyət göstərəcəkdi. İddia olunurdu ki, burada əvvəldən depozit qoymaqla yerlər satılacaq, orada işləyən ticarətçilərdən həm də “yer pulu” alınacaq. Yayılmış bu söz-söhbətin nəticəsində isə icra başçısının evi yandırıldı.

İndi isə Qubada buna bənzər yeni bir problem də ortaya çıxıb. Bu dəfə ünvan “Quba Bazarı” yox, “Quba Birjası”dır.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, yerli əhalinin “Birja” kimi adlandırdıqları və tanıdıqları, “Fərid kiçik müəssisəsi”yə (VÖEN 4500086921) məxsus məkanda ticarətçilər bazar rəhbərliyindən şikayətçidirlər. Şikayətçilər bu müəssisənin rəhbəri Fərrux Ağayev tərəfindən aldadıldıqlarını iddia edirlər.

Şikayətçilərin sözlərinə görə, “Birja” rəhbərliyi icarədarları müxtəlif bəhanələrlə artıq xərclərə salıb, külli miqdarda ziyan vurub. Onlar bildirib ki, buradan icarəyə dükan götürmək üçün əvvəlcədən dükanın sahəsinə görə müxtəlif məbləğlərdə “depozit” qoymaq tələb olunur. Buna görə də neçə illərdir ki, burada ticarətlə məşğul olmaq istəyən vətəndaşlar bütün xərclərdən başqa, bazar rəhbərliyinə “depozit” ödəyiblər. Şərtlərə görə, “depoziti” olan şəxs sonradan yer pulunu az ödəyib, həm də nə vaxtsa əməkdaşlığa son qoymaq istəyərsə, öz “depozitini” geri almaq hüququna malik olub.

Artıq bazarı tərk edən ticarətçilər buna səbəb kimi isə bazarda baş verən özbaşınalıqları göstəriblər. Belə ki iddialara görə, müəssisə rəhbəri Fərrux Ağayev və onun yardımçıları, “birja”da işləyənlərdən müxtəlif bəhanələrlə pul “qoparıb”. “Birja”da işləyən şəxslər rayon tədbirlərinə, müəssisənin həyətinin asvalt örtüklə döşənməsinə, İcra hakimiyyətinin təyinatına belə pul ödəməkdən bezdikləri üçün əməkdaşlığa son qoymaq istəyiblər. Ticarətçilərin aldıqları qərar onları başqa problemlə üzləşirib. Belə ki, devalvasiyadan əvvəl, dolların kursu aşağı olanda “depozit” ödəmiş icarədarlar, indi öz “depozitlərinin” manatla ödənməsindən, həm də o vaxtkı kursla ödənilməsindən narazıdırlar.

İddialara görə, 2002-2003-cü illərdə 3000-5000-10 000 dollar “depozit” ödəmiş olan ticarətçilər indi bu pulu Fərrux Ağayevdən geri ala bilmirlər. Fərrux Ağayev ən yaxşı halda isə “depozit”i köhnə kursla və milli valyuta ilə, hissə-hissə ödəməyə söz verir. Bu isə təbii ki, vətəndaşlarda ciddi narazılıq yaradıb. Hətta bu barədə ticarətçilər yerli orqanlara şikayət də ediblər. Şikayətçilər bildirir ki, Fərrux Ağayev və onun icra hakimiyyətində işləyən oğlu Fərid Ağayev bu məsələləri hansısa variantla “yoluna qoya biliblər”.



Nəticədə isə bəzi sahibkarlar artıq İqtisad Məhkəməsinə də müraciət edərək, müəssisə rəhbərliyinə qarşı iddia qaldırıblar.

Adlarının açıqlanmasını istəməyən şikayətçilərin bildirdiyinə görə, Fərrux Ağayev kimin şikayətçi olduğunu müəyyən edən kimi, onları müxtəlif yollarla ələ almağa çalışır:

“Bizim kimliyimiz onsuz da əvvəl-axır üzə çıxacaq, sadəcə indiki vaxtda bazar rəhbərliyi bizim kimliyimizi bilsə, yenə də qapımıza adam göndərəcək, bizi ələ almağa çalışacaq, dostlarımızı, yaxınlarımızı xahiş-minnətlə üstümüzə gətirəcək. Buna görə də, indiki vaxtda adımızın çəkilməsini istəmirik. Sözsüz ki, orada baş verənlər bütün Quba şəhərində heç kəsə gizli deyil. Bizim pullarımızla o qədər dövlət tədbiri yola verdi ki, axırda bu “əməy”inin qarşılığında oğlunu Quba rayon İcra Hakimiyyətinə işə götürdülər. Bezmişik, insan nə qədər pul verər? Qazandığımızı müxtəlif adlarla əlimizdən alırdı. Gah “birja”ya asvalt çəkmək adı ilə hərəmizdən 100 dollar pul tələb etdi, gah vergi orqanlarını bəhanə edib, xeyli pul yığdı, gah da dedi ki, istilik sistemi çəkilməsi üçün pul verməlisiniz. Təkcə Quba rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçısının gəlişi münasibəti ilə bizdən pul topladı ki, icra başçısı “mübarəkə” çağırıb, əliboş getmək olmaz. Bezmişik, işləmək istəmirik, ancaq indi də bizi aldadır”.

Qubadan narahatlıq doğuran şikayət

Şikayətçilərin sözlərindən məlum olur ki, bu müəssisənin rəhbərliyi bütün bu əməliyyatları xarici valyuta ilə aparıb. İdialara görə, “Birja”da təkcə “yer pulu” milli valyuta ilə toplanıb ki, burada da, müqavilənin surətinin heç kəsdə olmamasından istifadə edən Fərrux Ağayev qarşı tərəfdən artıq pullar tələb edib. Müqavilə şərtlərinə görə, əslində “yer pulu” 4 manat ödənməli olduğu halda, şikayətçilərin sözlərinə görə, bu məbləğ həmişə 6-8 manat olub.

Qarşı tərəf olaraq Fərrux Ağayevlə məsələyə münasibət bildirməsi üçün əlaqə saxladıq. Fərrux Ağayev deyilənlərin doğru olmadığını, bir qrup şəxs tərəfindən ona böhtan atıldığını iddia etdi:

“Mən heç kəsdən depozit almamışam, heç vaxt heç yerə də məndən şikayət edən olmayıb. Bircə Səbuhi adlı şəxs müqaviləyə əsasən yer pulu ödəməli olduğu halda, müxtəlif bəhanələrlə məni məhkəməyə vermişdi. Mən də qarşılıqlı iddia qaldırmaq istəyirdim ki, sonradan yanıma xahiş-minnətə gələnlərə görə fikrimdən daşındım. Hazırda onunla münasibətlərimiz normaldır, heç bir şikayətimiz də yoxdur”.

Müəssisə rəhbəri bütün maliyyə əməliyyatlarının dollarla keçirilməsinə isə belə münasibət bildirdi:

“Mən heç kəsdən depozit almamışam ki, onu da dollarla alım. Kim istəsə, gəlib, burda sakitcə yer götürüb, müqavilə bağlaya bilir. Ancaq burada yer pulundan söhbət gedə bilər ki, onu da müqavilədəki şərtlərə uyğun olaraq hər kəs ödəməlidir.”

Hazırda hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğu bilinmir. Hər şey məhkəmə prosesindən sonra bəlli olacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz