Cəlilabad rayon Göytəpə şəhər sakini Xəyal Abıyev Masallı şəhər DYP əməkdaşlarından şikayətçidir.
Sonxeber.az xəbər verir ki, X.Abıyev Azadinform-a bildirib ki, 02 iyul 2018-ci il tarixdə idarə etdiyi 55-BK-250 dövlət nömrə nişanlı VAZ 2109 markalı avtomobillə taksi fəaliyyəti göstərən zaman Masallı Polis İdarəsinin DYP xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edir ki, polis əməkdaşları onu saxlayan zaman maşında sərnişinlər olub: "Mənə maşının ödənməmiş cəriməsi olduğunu və avtomobilin duracağa aparılacağını bildirdilər. Maşını duracağa apardılar, içərisindəki əşyalar siyahıya alındı, qeydiyyat kitabına qol çəkib evimə getdim. İyulun 4-də şöbəyə gedib 16 manat əvvəldən qalan, vaxtı keçən cəriməni ödəyib avtomobili duracaqdan götürdüm".
X.Abıyev adəti üzrə hər ay idarə etdiyi avtomobilin cəriməsinin olub-olmadığını yoxlatdırdığını bildirir: "Bir həftə əvvəl cərimənin olub-olmadığını yoxlatdıranda aldığım cavabdan şoka düşdüm. Mənə dedilər ki, 416 manat cərimən var. Guya məni içkili vəziyyətdə saxlayıblar. Hansı ki, mən həyatım boyu spirtli içki qəbul etməmişəm. Bunu sübut etmək elə də çətin deyil, analiz verib sübut edəcəm".
X.Abıyev əlavə edib ki, cərimə məsələsini öyrənəndən sonra Masallı DYP rəisinin qəbulunda olub: "Rəisə bildirdim ki, mən həyatı boyu bir dəfə də olsun spirtli içki qəbul etməmişəm. Bura gətirəndə də məni heç kim bu məsələ ilə bağlı sorğu-sual etməyib, həkimə aparılmamışam, izahat yazmamışam, Protokol və Akt tərtib olunmayıb. Baş verən anlaşılmazlığı aradan qaldırın, yoxsa daha yuxarı qurumlara şikayət edəcəm. Masallı DYP-dən bildirdilər ki, get hara şikayət edirsən et. Mən də elə onların yanında Daxili İşlər Nazirliyinin "102 Xidməti"nə zəng vurdum, araşdırma başlayacağını bildirsələr də hələ ortada bir şey yoxdur".
X.Abıyev maraqlı bir məqama da aydınlıq gətirib: "Əgər mən içkili saxlanılmışamsa, niyə 400 manat deyil, əvvəldən qalan 16 manatlıq cəriməni ödəyib avtomobili duracaqdan götürmüşəm? Burdan da aydın görünür ki, sadəcə cəriməni məndən sonra qeyri-qanuni yazıblar. İkincisi, Azərbaycanda, xüsusən də rayonlarda maşın duracağa gedirsə yazılan bütün növ cərimələr odənilmədən onun buraxılması qeyri-mümkündür".
X.Abıyev qeyd edir ki, böyük bir ailəsini və xəstə anasını icarəyə götürdüyü avtomobillə dolandırır: "Bu qədər də özbaşnalıq olmaz. Daxili işlər naziri Cənab Ramil Usubova və Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edir, onların ədalətinə inanıram. Azərbaycan hüquqi dövlətdir, ümid edirəm ki, mənə qarşı bu haqsızlığı edən polis əməkdaşları cəzalandırılacaqlar".
X.Abıyevin şikayətinə münasibət bildirən Masallı rayonu Dövlət Yol Polisi bölməsinin rəisi İkram Məmmədov isə Azadinform-a açıqlamasında şikayətçinin dediklərini təkzib edib. Rəis bildirib ki, X.Abıyev haqqında qanuni protokol tərtib olunub.
Qeyd edək ki, sərxoşluğun müayinəsi İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarına tam riayət edilməklə keçirilməlidir. Məcəllənin tələbinə əsasən, sərxoşluq ən azı 2 hal şahidinin iştiraki ilə müayinə edilməli, sürücünü tibbi müayinəyə göndərməzdən əvvəl bu barədə ayrıca protokol tərtib edilməlidir, tibbi müayinənin nəticələri xüsusi aktla rəsmiləşdirilməlidir və s. Bu qaydaların pozulması sərxoşluğun müayinəsinin nəticələrini etibarsız saymaq üçün əsas ola bilər.
Şikayətçi X.Abıyev isə iddia edir ki, ona heç bir Protokola və ya Akta imza atdırmayıblar.